Rejissor Kənan M.M.-in "Gecə qonağı" filminin təqdimat mərasimi baş tutub.
LiLoKs Tv-nin məlumatına görə, tədbirdə sənət aləminin tanınmış simaları, aparıcılar iştirak ediblər. Film İlqar Fəhminin ssenarisi əsasında çəkilib. Ekran işində baş rolda yumorist Fərda Xudaverdiyev, rejissor Kənan M.M., aparıcı Kəmalə Piriyeva və aktrisa Pərvin Abıyeva rol alıblar.
Kənan M.M.-in sayca ikinci filmi olan "Gecə qonağı"nda kiçik nüansları çıxmaq şərti ilə filmdə gözəçarpacaq kobud bir səhv və qeyri-peşəkarlığa rast gəlinmir. Çatışmazlıqlar isə obrazların arasındakı bəzi dialoqların zəif olmasıdır... Ekran işində ən maraqlı məqamlardan biri hər zaman komik obrazlarda gördüyümüz aktyor Fərda Xudaverdiyevin dramatik bir rolu canlandırması olub.
"Gecə qonağı" rəssam Camalın (Fərda Xudaverdiyev) evinə təsadüfən gətirilən "bar qızı" Zaradır.
Camal - Zaranın diliylə desək, "mama uşağı", tanınmağa deyil, sənətə meyl edən, işini ciddi şəkildə görməyə çalışan rəssamdır. Fərda filmdə indiyə qədər haqqında yaratdığı "üzünə baxanda gülmək tutur" fikrini dağıtmaq üçün ilk addımları atıb.
Kənan M.M. də filmdə əsas rollardan birini canlandırıb. Ədalət və yaxud Ədiş - filmdə az görünsə də, Camalla Zaranın "tanışlığına" səbəb olan biridir. Ən vacib anlarda ortalığa çıxır, gedişatı dəyişdirir... Camalın nişanlısı rolunu Kəmalə Piriyeva canlandırıb. Sona qədər baş verənlərə hansı reaksiyanı verəcəyini təxmin etmək mümkün deyil.
Filmin bəstəkarı Nailə Mirməmmədlidir. Epizodlardan birində isə mərhum reper Hüseyn Dəryanın ifası da səsləndirilir. Filmin sonu isə tamamilə gözlənilməz bir mahnı ilə bitir. Rejissor yetərincə məşhur olan bir mahnını filmin saund-treki seçib.
Ekran işi ilə bağlı təəssüratlarını bölüşən F.Xudaverdiyev həyəcanını gizlədə bilməyib:
"Özümə və işimə güvənirəm, amma ilk dəfədir, dram janrında filmə çəkilirəm. Ciddi obraz yaratmağa çalışmışam. Nə dərəcədə alınıb və bu işi bacarmışam, onu tamaşaçılar qiymətləndirəcəklər. Bəyənənlər kimi, bəyənməyənlər də olacaq, mən artıq buna hazırlıqlıyam. 30 faiz işi bilən adamların məni ciddi rolda qəbul etməsi bəs edər. Əgər mən bu rolu təkrar oynasam, bundan da yaxşı edəcəyəm".
K.Piriyeva isə filmin ilk adının "Vampir" olduğunu bildirib:
"Filmdə bir o qədər də böyük rolum yoxdur. Ən çox əziyyəti çəkən burada Kənan və Fərdadır. Ümimiyyətlə, Fərdanın adını eşidən elə bilirdi ki, bu komediya filmidir. Kinonun ilk adı "Vampir" olub, sonra Kənan dəyişib "Gecə qonağı" qoydu. Filmdəki obrazımla həyatdakı xarakterim fərqlidir. Bəlkə, həmin məqamda mən daha pis reaksiya verə bilərəm".
Azeri Production ©
Azeri Pradaksn