Üstündən illər, qərinələr ötsə də, bu yara sağalan deyil
Mürgülü bir gecənin
qan ağlayan gözüdü,
dünyanın məhşər üzü,
dünyanın son üzüdü,
Xocalı.
Bulanıb axan sular
dönüb durularmı ki?
ruhu ölmüş ocaqlar,
dağıdılan yuvalar,
Təzdən qurularmı ki?
Yenə də dünya susur,
yenə tənha adayıq.
Biz niyə, yad ovunda
yad nəfslərə payıq?
Qisası alınmayıb,
ümidimiz haqqdadı.
Namərdlik kürsülərdə
cinayət ayaqdadı.
Qəmli torpağı-daşı
hələ də qan ağlayır.
Dərdə bax, dərdli millət
İşğalçının, caninin
haqqına bel bağlayır.
Gedib çıxa bilmirik
elə yollar uzanır.
Dərdinə tapınanın
ağzında dili yanır.
Bu bizim can yaramız
əli qıymış, dünyanın.
Boynunda Xocalı tək
ağır cinayəti var
lənət olmuş dünyanın.
OLMUŞUQ
Özümüzü öyməyək, öyüləsi nə var ki?
Təpəri düyünlənib, açılmaz sirr olmuşuq.
Yağmalanan ruhumuz qalıb yadlar əlində,
Nə oduna yanmışıq, nə həmfikir olmuşuq.
Bizim olmayan adət evimizə soxulub,
Harda Vətən eşqi var, buxovlanıb, boğulub,
Biz nəyə yol alırıq, bu dünyaya doğulub?
Yalanların içində ümidi pir olmuşuq.
Arxada danışmaqdı çoxumuzun peşəsi,
Hərənin öz niyyəti, hərənin öz köşəsi,
Məmləkətdə sevincin zəhər dadır nəşəsi,
Min il dava aparıb, beləmi hürr olmuşuq?
Bu torpağın haqqı var, ödəmək ər işidi,
Zirvələrdə yer alan bayraqlar nər işidi,
Azadlıq bu millətin fövqəlbəşər işidi,
Nədən öz haqqımıza bu qədər kür olmuşuq.
Gözümüz aydın olsun, əsir yurdlar oyanır,
Saxadan Təbrizəcən yatan Qurdlar oyanır,
Hər gün yolu kəsilən son ümidlər oyanır,
Bu dünya yaranalı, tarixlə bir olmuşuq.
Yetər ki, aşınmışıq rusun, farsın əlində,
Arzumuzu don vurub, qışın soyuq yelində,
Bu millətin sevdası qabarlaşıb dilində,
İtin-qurdun yolunda əsir-yesir olmuşuq.
NEÇƏ Kİ...
Çoxdandı ki, ilhamım ağrılara köklənib,
Yanına əlim çatmır duyğu dolu yerlərin.
Tənha ada kimiyəm, canım elə təklənib,
Ruhunu unutmuşam romantik şeirlərin,
Hər şey oyuna dönüb, sönük bəşər içində,
Bulanırıq dünyanın bulanıq sularında.
Adamlar can sürüyür dərd-əzabın köçündə,
Təbəssüm daşa dönüb solğun dodaqlarında.
Çoxdandı tuş olmuşam, dost-doğma qınağına,
Könlünü ümidə tut, sevincdən yaz, deyirlər.
Təzə duyğu dalınca düş, yolların ağına,
Ruhu cana gətirir ümidli söz, deyirlər.
Nədir sirri ağrımın, heç, özüm də bilmirəm,
Hara üz tuturamsa, duyğularım üşüyür.
Elə bil ki, dünyanın işığı da kəmdi, kəm,
Açılan hər səhəri üfüqlərdə qəm düyür.
Əldən çıxan fürsətdi ötən günün hər anı,
Gedən çıxıb gedəcək, yoldan saxlamaq olmur.
Baxırsan, qəm bürüyüb bu dünyada hər yanı,
İki gözlə bu boyda dərdi ağlamaq olmur.
Hər kəs bir gül bitirsə, aləm cənnət olardı,
Axardı nəğmə kimi gecələrin uyğusu.
Bu haqsız davalarla insanlıq hara vardı?
Çəkildi dağa-daşa gözündəki yuxusu.
Kürsü cinayətləri neçə ki, tükənməyib,
Üzümüz gülməyəcək doğuşdan ölənədək.
Neçə ki, şər qılınclar ucalıqdan enməyib,
Söz də qan ağlayacaq, yerə haqq gələnədək.
HARDASAN?
Üşüyən qəlbimin yaz həsrəti var,
Hardasan ruhumun odası, harda?
Hara üz tuturam, yolu dumanlı,
Bitib bu istəyin nidası, harda?
Elə yol gəlirəm mən, üzü sənə,
Çəkilib həsrətin çən üzü sənə,
Ürək göndərirəm dan üzü sənə,
Hardasan, eşqimin qadası, harda?
Ümidim bu yolda əliyalındı,
Bilmirəm, sevinci harda çalındı,
İndi düşündüyüm sənin halındı,
Hardasan duyğumun adası, harda?
Son görüş əzabdı, son iz aldanış,
Bir üz həsrət dadır, bir üz aldanış,
Hamı gerçək oldu, tək biz aldanış,
Qaldı eşqimizin sədası, harda?
Torpaqdan boy atan çiçək kimiydik,
Ritmi qoşalaşmış ürək kimiydik,
Biz ki, birbirinə gərək kimiydik,
Soldu könlümüzün butası, harda?
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев