Səninlə qəlbimin sevinci getdi,
Ömürdən çox baha bir inci getdi.
Acılı-şirinli bir nağıl bitdi -
Arabir yadına düşəcəyəm mən...
Bahar qış olacaq önündə sənin,
Qəlbin daş olacaq sinəndə sənin.
Bəlkə, yaxşı-yaman günündə sənin,
Arabir yadına düşəcəyəm mən...
Gəldiyin yollara hey baxacaqsan,
İntizar könlünü çox sıxacaqsan.
Yəqin, məndən ötrü darıxacaqsan,
Arabir yadına düşəcəyəm mən...
Sən daha don vurmuş zərif çiçəksən,
Bu boyda dünyada tənhasan, təksən.
Məni yuxularda çox görəcəksən,
Arabir yadına düşəcəyəm mən...
Ömürdən saymayıb hər ötən günü,
Gözlərdən gizlədib ağlar gözünü,
Sıxanda köksünə özün-özünü,
Arabir yadına düşəcəyəm mən...
Hələ yan, bir gün də sönəcəyin var,
Göylərdən yerlərə enəcəyin var,
Hələ bu limana dönəcəyin var,
Arabir yadına düşəcəyəm mən...
Ayrılan - bir bədən, iki can idi.
Hələ ağrı verməz, yara istidi,
Elə ki ürəyin məni istədi,
Arabir yadına düşəcəyəm mən...
Hara aparacaq səni bu yollar,
Bəxtini axtaran yollarda qalar?!
Nə yaxşı, dünyada xatirələr var,
Arabir yadına düşəcəyəm mən...
Baba Vəziroğlu...
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 4