1941-ci ildə müharibə başlayanda Düdənginski almanlar tərəfə keçir. Bundan sonra isə onun əsas mübarizə istiqaməti hərbi əsirlərin azad edilməsi olub. O dövrdə də 70 minə yaxın azərbaycanlı əsirin olduğu bildirilirdi. Məhəmməd Əmin Rəsulzadə siyasi, Düdənginski isə hərbi istiqamətdə Azərbaycanın mənafeyi üçün danışıqlar aparırdılar. Bu danışıqların müsbət nəticəsi olaraq azərbaycanlılardan ibarət hərbi hissələrin yaradılmasına icazə verildi. “Bozqurd”, “İgid”, “Dönməz” batalyonları yaradıldı ki, Düdənginski də o batalyonların komandiri oldu. Azərbaycan hərbi könüllü birləşmələri çox uğurlu döyüşlər aparmışdılar. Onlar hətta Qafqaza Mazdoka qədər gəlib çıxmışdılar. Lakin SSRİ-yə Qərbin kömək etməsi almanların məğlubiyyətini labüdləşdirir. Almanların artıq məğlub olacağını görən Düdənginski azərbaycanlı legionerləri də ətrafına yığaraq İtaliyaya gedir. Orada da öz siyasi fəaliyyətindən qalmır. Daha sonradan ABŞ-la SSRİ arasında gərginliyin artması Düdənginski və silahdaşlarının yenidən səhnəyə qayıtmasına səbəb olur və Almaniyaya qayıdırlar. 1953-cü ildə “Azadlıq” radiosunun Azərbaycan redaksiyası açıldı və Fətəlibəyli-Düdənginski həmin redaksiyanın baş redaktoru oldu. Maraqlıdır ki, həmin redaksiyada ilk buraxılış Stalinin öldüyü gün, yəni 1953-cü il martın 5-də efirə verildi. 1953-54-cü ildə Düdənginski həmin radioda SSRİ-yə qarşı çox kəskin çıxışlar etdi. Almaniyadan edilən bu çıxışlar rəsmi SSRİ-ni narahat edirdi. Çünki ABŞ-ın gələcəkdə SSRİ-ni yıxacaq psixoloji müharibəsi özünün pik nöqtəsində idi. Nə olursa olsun, oranın kadrlarını aradan götürmək lazım idi. Sovet DTK-sıın Əks-kəşfiyyat İdarəsi bu barədə əsaslı işə keçir. Mühacirətdə olan antisovet fəalları aradan götürmək planında ilk rast gəlinən adlardan biri də Düdənginski olur. Bu məqsədlə Düdənginskinin köhnə legion yoldaşı Mikayıl İsmayılovdan istifadə etmək qərarına gəlirlər. Belə ki, o zaman vətənə qayıdan İsmayılovun ailəsini girov saxlamaqla qarşısına Düdənginskini öldürmək şərti qoyurlar. Əks halda isə ailəsi və özünü öldürəcəkləri ilə hədələyirlər. Beləliklə, köhnə dost qiyafəsində Düdənginskinin yanına gələn İsmayılov 2 aya yaxın Almaniyada qalır. Düdənginskinin vasitəsilə işlə təmin olunur. Ondan bir çox yaxşılıq görən İsmayılov Fətəlibəylini öldürməkdən vaz keçir. Nəticənin olmadığını görən sovet DTK-sının sarışın xanımı İsmayılova yaxınlaşaraq Düdənginskini öldürməyəcəyi təqdirdə Bakıdakı ailəsinin məhv olacağını bildirir. İsmayılov nəhayət işə keçir. Hadisə bir alman xanımın- Böhmün evində baş verir. Əvvəlcə yeyib-içirlər. Bir az keçəndən sonra İsmayılov əlində olan xüsusi maddəni onun içkisinə qatır. Müvazinətini itirəndən sonra çəkiclə Əbdürrəhman bəyin başına vurmağa başlayır. Düdənginski bir təhər ona müqavimət göstərir, amma ölümdən qurtula bilmir. İsmayılov Düdənginskini öldürəndən sonra isə öz paltarlarını ona geyindirir, öz sənədlərini onun cibinə qoyur və oranı tərk edir. Səhəri gün alman qadın evə gələrkən cəsədi aşkarlayır. Polisə məlumat verəndən sonra gəlib meyitin sənədlərinə baxırlar və orada “Mikayıl İsmayılov” yazıldığını görürlər. Düdənginksini elə Münhendə “Mikayıl İsmayılov” adıyla dəfn edirlər. Bir həftə keçəndən sonra “Azadlıq” radiosunda görürlər ki, Düdənginski işə çıxmır. Soraqlaşandan sonra son günlərdə ölən müsəlmanın harada basdırıldığını öyrənirlər. İcazələrdən sonra meyit ekspertizaya gətirilir və “Azadlıq” radiosunda işləyən İsmayıl Əkbər, Məcid Musazadə Düdənginskini tanıyırlar. Bu hadisədən bir il əvvəl Düdənginskinin qardaşı da rəhmətə getmişdi. Qardaşı da DTK tərəfindən motosiklet qəzasına məruz qalaraq öldürülüb. Oradakı azərbaycanlılar Düdənginskini Münhendən 150 km uzaqda yerləşən Nyu-Umi şəhərində dəfn edirlər. Fətəlibəylinin cənazəsi, 1954-ci ildə avtomobil qəzasından həlak olmuş qardaşı Seyfulla bəy Fətəlibəylinin uyuduğu məzarın yanındadır. KGB Mikayıl İsmayılovu aradan çıxara bilir və o, Azərbaycana qayıdır. Qatil-casus Mikayıl İsmayılov Azərbaycana qayıtdıqdan sonra öz evində öldürülmüşdü ki, Düdənginskinin qətlinin izi itsin.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев