Bakıda havanın çirkliliyi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qəbul etdiyi normadan 56 dəfə çoxdur. Sentyabrın 3-nə olan bu məlumatı İsveçin hava keyfiyyətini monitorinq edən “IQ Air” texnologiya şirkəti yayıb.
Hazırda Bakıda 1 kub metr havada olan toz zərrəciklərinin (PM2.5) çəkisi 281 mikroqramdır. ÜST normasına görə, sutka ərzində bir neçə gün olmaq şərtilə 1 kub metr havada olan zərərli toz hissəciklərinin həcmi 5 mikroqramdan çox olmamalıdır.
Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti bir neçə gündür müşahidə olunur. “IQ Air” şirkətinin yaydığı məlumata görə, günorta saatlarında Bakının Nərimanov, Yasamal rayonlarında, eləcə də Ağ şəhər ərazisində havanın çirklənməsi artıq həssas qruplar üçün təhlükəli həddə çatıb.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, sentyabrın 2-si üçün tozun miqdarı normadan 1,5 dəfə, sentyabrın 3-də isə 4-4.5 dəfə yüksək olub. Qurumun rəsmisi Gülnarə Abbasovanın sözlərinə görə, transsərhəd xarakterli tozlu hava şəraitinin yaxın 2 gün ərzində davam edəcəyi gözlənilir.
PM2.5 konsentrasiyası - ölçüsü 2.5 mikrondan kiçik toz hissəcikləri insan saçının təxminən 3% ölçüsündədir.
Tədqiqatçıların dediyinə görə, bu hissəciklər ürək və qan-damar sistemində toplana, iltihaba səbəb ola bilər.
Qeyd edək ki, tozlu hava şəraiti zərərli həddə çatanda sakinlərə lazım olmadığı halda çölə çıxmamaq, pəncərələri bağlı saxlamaq, havaya çıxarkən maskadan istifadə etmək, evlərdə isə hava təmizləyici qurğulardan istifadə etmək tövsiyyə olunur.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев