Filmdə dahi humanist şairin həyatından səhnələri əks etdirən qədim əsərlərdən-klassik miniatürlərdən, əlyazma kitablardan, Xaqani yaradıcılığını təsvir edən fırça ustalarımızın əsərlərindən, heykəl və barelyeflərdən istifadə olunmuşdur. Şairin saray mühitindən uzaqlaşıb uzaq səfərlərə çıxması, Yaxın Şərq ölkələrini dolaşıb sonradan Təbrizə qayıtması, filosof şair kimi yüksək yaradıcılıq zirvələrinə ucalması filmdə poetik notlarla əks etdirilmişdir. Qəmli, həzin kamançanın və udun müşayiəti ilə qədim şəhərin xarabalıqları görünür və şairin məşhur "Mədain Xərabələri" əsərindən parçalar verilir. Filmin sonunda Şərqin görkəmli söz sənətkarlarının Xaqani haqqında fikirləri səslənir.