<<Özün üçün Mütə (Müvəqqəti Nigah) əqdi oxumağın qaydası>>
Bu nigahı adətən dul qadınla edirlər. Mütə əqdi (yəni, müvəqqəti nigah) bağlayacaq qadınla kişi əvvəlcə öz aralarında mehriyyə təyin edirlər, yəni, kişi məsələn qadına nə qədərsə mal, yaxud pul verməlidir. Yaxud məsələn qadın deyir ki, mənə mehriyyə olaraq bir gül, yaxud qızıl üzük alarsan. Sonra onlar öz aralarındakı evlilik müddətini təyin edirlər. Məsələn 1 ay, 3 ay, ya bir həftə, ya 1 il və s, yəni, nə qədər istəsələr. (Onu da qeyd edək ki, qadın və kişi əvvəl öz aralarında nəsə başqa şərtləri də varsa gərək razılaşsınlar, məsələn qadın deyir ki, mən səndən uşaq dünyaya gətirməyəcəm və s.)
Beləliklə kişi ilə qadın arasında mehriyyə və müddət təyin olundu. İndi isə onların arasında Mütə əqdini (yəni, müvəqqəti nigah kəbinini) oxumaq qalıb. Bu Mütə əqdi onlar arasında oxunduqdan sonra artıq həmin kişi ilə qadın bir-biri ilə razılaşdıqları vaxt ərzində evli sayılacaqlar və bir-birlərinə həmin müddət ərzində halal olacaqlar. Həmin kişi və qadın bu Mütə əqdini (yəni, müvəqqəti nigahın kəbinini) bir şiə ruhanisinə (yəni, şiə mollasına) oxutdura bilərlər. Yaxud həmin kişi və qadın istəsələr həmin əqdi öz aralarında elə özləri də oxuya bilərlər. Bunun üçün isə onlar mehriyyə və müddəti, eləcə də digər şərtləri varsa o şərtləri öz aralarında razılaşdıqdan sonra əvvəl qadın belə deməlidir:
"Zəvvəctukə nəfsi fil-muddətil-mə'luməti ələl məhril məlum."
(Qadın bu sözləri deməklə "razılaşdığımız mehriyyə və müddət müqabilində özümü sənin arvadın etdim"-deyir.)
Kişi də qadından o sözləri eşidən kimi fasilə vermədən (yəni ki, qadından bu sözü eşidən kimi onun ardıyca) belə deməlidir:
"Qəbiltu." (Qəbiltu sözü qəbul etdim deməkdir. Yəni ki, kişi də deyir ki, mən də bu izdivacı qəbul etdim.)
Vəssalam, həmin kişi və qadın təyin etdikləri vaxt müddətində bir-birləri ilə evli sayılırlar və bir-birləri ilə artıq naməhrəm deyillər. Gördüyünüz kimi çox balaca sözlərdir. Elə isə hər iki tərəf o yuxarıdakı ərəbcə olan sözləri əzbərləsinlər və deyəndə də elə vərəqdən oxumasınlar, əzbər səhvsiz desinlər. Əqdi belecə özləri oxusalar daha yaxşı olar və mollaya da ehtiyac olmaz. Belə etsəniz halal evliliyə sahib olarsınız..
Bu Mütə əqdini nişanlılar, yaxud sevgililər də edə bilərlər, məsələn hər hansı birinin əli o birinə dəyəndə günah olmasın deyə. Amma həmin qız bakirədirsə gərək atasından bu Mütə izdivacı üçün icazə alsınlar, əgər qızın atasının icazəsi olmasa Mütə əqdi bağlamaq olmaz!!! Dul qadınla isə Mütə əqdi edərkən atasının icazəsi lazım deyil, əgər özü razı olsa bəs edər.
(Qeyd 1: Bura müvəqqəti evliliyi (mütə əqdinin qaydasını) yazdım, daimi evlilik kəbinini də oxumaq asantdı, amma bura onun qaydasını yazmadım.)
(Qeyd 2: Əqdi cütlüklər özləri öz aralarında oxuyarkən sözləri gərək ərəbcə düzgün (səhvsiz) desinlər. Amma sözləri ərəb tələffüzünə uyğun şəkildə demələri vacib deyil. Sözləri elə öz ləhcələrində, yəni, necə yazılıbsa elə o cür səhvsiz desələr kifayət edir. Mütə (müvəqqəti nigah) əqdini oxumaq barədə bəzisi deyir ki, bu əqdi gərək sırf ərəb tələffüzü ilə oxuyasan, ərəb tələffüzü ilə oxumağı öyrənmək üçünsə gərək ərəb hərflərini öyrənəsən və s. Biz bu məsələni dəqiq bilmək üçün Sistani ağanın rəsmi (Sistani.Org) saytına sual yazıb göndərdik ki, bəs mütə əqdindəki ərəbcə olan bu sözləri necə yazılıbsa elə də oxuya bilərikmi, yəni, bu sözləri sırf ərəb tələffüzü ilə deyil, sadəcə ərəbcə necə yazılıbsa elə də oxuya bilərikmi?
Cavab gəldi ki, sözləri ərəbcə düzgün şəkildə və oxunuşunu isə öz ləhcənizlə oxuyun. Yəni ki, dediyiniz kimi sözləri oxuya bilərsiz, amma çalışın sözlərdə hərf səhvi etməyin.)
(Qeyd 3: Burada Mütə əqdini, yəni," müvəqqəti evlənmək kəbinini özün üçün oxumağın qaydasını" qeyd etdik ve onu da qeyd edək ki, bu mətni Sistani ağanın risaləsinə əsasən hazırlayıb sizə təqdim etdik. Əqdin sözlərini isə dəfələrlə yoxladıqdan sonra burada qeyd etdik, yəni ki, arxayın olun ki, bircə hərf belə səhv yoxdur.)