Bağışlayan və mehriban Allahın adı ilə
İNSANDIR, İNSAN
İnsanın quruluşu bir uca dağdır,
Vəh dağı, Tur dağı insandır, insan.
Haqqın rəhmətindən qurulmuş bağdır,
Hikmətin nur bağı insandır, insan.
Haqqın mənliyindən üzülüb gəlib,
Aləmlər birləşib, düzülüb gəlib,
Göylərdən, yerlərdən süzülüb gəlib,
Kainatın qaymağı insandır, insan.
Allah insan ilə özünü danışır,
İnsan Yaradanın sözünü danışır,
Həyat nə danışırsa, düzünü danışır,
Sirrlərin yığnağı insandır, insan.
Qəlblərdə olanı üz açıqlayır,
Allahın adlarını söz açıqlayır,
İnsan Yaradanı düz açıqlayır,
Qeybin dodağı insandır, insan.
Allah aləmləri yığdı bir yerə,
İnsanı yaratdı, atdı üzərə.
Özündən danışdı eşidənlərə,
Sirrlərin qaynağı insandır, insan.
Sən, ay Gümran, Haqqa çevir üzünü,
Yaxşı dinlə Yaradanın sözünü.
Sənə göndəribdir sənin özünü,
Düz yolun çırağı insandır, insan.
10.01.2010