Salyan rayonunda sahibsiz itlərin sayı artıb. Bu isə insanlar üçün həyati təhlükə yaradır. Təkcə 1 ay ərzində rayonda 27 it dişləməsi faktı qeydə alınıb.
Son vaxtlar Salyanın Şorsulu, Dayıkənd, Boranıkənd, Seyidlər və bir çox yaşayış məntəqələrində sahibsiz itlər cövlan edir. Bu isə yerli sakinlərin ciddi narahatlığına səbəb olur. Bəzən də sürü halında gəzən sahibsiz itlər insanların həyatı üçün hər an təhlükə törədir. Xüsusi ilə axşam saatlarında insanlara hücum çəkir, dişləməklə ağır xəsarətlər yetirirlər.
Elə Şorsulu kənd sakini Elvin Mehdiyev kimi: “Küçə itləri ayaq nahiyəmə hücum etdi və ayağımı bir iki yerdən qapdılar. Atam məni xəstəxanaya çatdırdı. Həkimlər müayinə etdi. Bir-iki iynə vurdular.”
Heyvanların vurularaq zərərsizləşdirilməsi qadağan olduğundan sakinlər çarəsiz qalıblar. Odur ki, rayonun müxtəlif ərazilərində qeydə alınan it dişləmələrinin sayı da çoxalıb. Bu günlərdə isə rayonun Seyidlər kəndində 10 yaşlı Aqil İsmayılov it dişləməsi səbəbindən quduzluq xəstəliyindən dünyasını dəyişdi. İndi həmin kəndin sakinləri itlərə qarşı tədbir görülmədiyindən olduqca narahatdırlar. Salyan Rayon Baytarlıq İdarəsindən aldığımız məlumata görə, ev itləri quduzluğa qarşı vaksinasiya edildiyi halda, küçə itlərinə vaksin vurulmur.
Rayonda sahibsiz itlərə qarşı lazımi tədbirlər görülməsə gələcəkdə bunun fəsadları daha da böyük olacaq. Mütəxəssislər sahibsiz itlər üçün sığınacaq yerlərin ayrılmasını məqsədəuyğun hesab edir.