Ikisahil.TV xəbər verir ki, cəriməsi artdıqca qadağan olunmuş siqnallardan istifadə edənlərin də sayı artır.
İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə görə nəqliyyat vasitələrində çoxavazlı səs siqnallarından istifadə etmək qadağandır. Bunun cəriməsi isə bir neçə ay öncə qanuna edilən dəyişiklikdən sonra 700 manata qədər artırılıb. Lakin maraqlısı budur ki, müxtəlif heyvan səsləri çıxaran, biabırçı ifadələr səslənən həmin səs siqnallarından istifadə halları məhz cərimələr artırılandan sonra daha da çoxalıb. Siqnal həvəskarlarının «Danq-danq», «Fi-fa», «Ələsgər» kimi adlar verdiyi səs siqnallarını avtomobillərə vurmaq nə qədər böyük həvəs olsa da, büdcəni də düşünmək lazımdır. 50 manatdan 5 min manata qədər dəyəri olan bu siqnalları yol polisi aşkar etdikdə protokollaşdırılır və məhkəmə qərarı ilə müsadirə edirlər. Üstəlik, sürücü 700 manata qədər cərimə də ödəməli olur. Əlbəttə, bu rəqəmləri nəzərdən keçirdikdə düşünmək olar ki, yəqin, həmin siqnallardan yalnız imkanlı şəxslər istifadə edirlər. Ancaq bu gün araşdırsaq görərik ki, bankdan kredit götürüb maşınına «Ələsgər» siqnalı qoyanlar da var.
İzlədiyiniz bu videorolik isə məhz siqnal həvəskarları üçün hazırlanıb. Yol polisi «Ələsgər» siqnalını iki dəfə sökür, sürücü yenə alıb quraşdırır. Axırda isə sürücü həmin siqnalın canlı variantını maşına mindirir. Bununla da yol polisi çarəsiz qalır və «siqnal»ı sökə bilmir.