Xalq rəssamı Mikayıl Abdullayevin kifayət qədər zəngin olan yaradıcılığından müxtəlif peşə adamları keçsə də, Masallıdan olan manqa başçısı Rəxşəndənin portretini 62 il sonra yada salmağımızın öz tarixçəsi var. Yəni bu əsərin böyük tarixçəsi var. Görkəmli fırça ustası boyalarla Rəxşəndənin simasında mərd Azərbaycan qadınının əməksevərliyini yaradıb. Əməkdaşlarımız bu əsərin sorağı ilə 1955-ci ildə çəkilən portretin qəhrəmanının yaşadığı Masallının Şərəfə kəndində olublar.
Xalq rəssamı Mikayıl Abdullayevin qəhrəmanı - vaxtilə Şərəfə kəndinin meyvə-tərəvəz sahələrinin əmək qəhrəmanı olan manqa başçısı Rəxşəndə Məmmədova yaşadığı ünvanda bizi 81 yaşında təqaüdçü olaraq qarşıladı. Zamanında öz coşğunluğu ilə kənddə ad çıxaran əmək qəhrəmanından bu əsərin yaranma tarixinin incəliklərini soruşduq. Rəxşəndə nənə 62 il bundan əvvəli şirin xatirələrlə yada saldı.
Əmək qəhrəmanı Rəxşəndə Məmmədova: “Dedim ki, üstüm başım batıq yaman gündəyəm, qaçdım gəldim evə. Evdə də gəlnimiz var idi. O gəlinimlə paltarlarımı aldım geydim, başımı düzəltdim. Rəhmətlik Mikayıl Abdullayev dedi ki, qızım səndən Bakıda çoxdur. Mən istəyirəm ki, kəndçi qızı kimi iş yerində iş görəsən. Mən təzədən qayıdıb gəlmişəm evimizə. O yaylıq nənəmin yaylığıdır.”
Əsərində başını yüngülcə arxaya aparan əməkçinin xəyala dalmasını təsvir etməyə çalışan rəssam bu tablonu nə az nə çox 3 günə ərsəyə gətirir. Söhbət əsnasında rəsm çəkildiyi vaxt 18 yaşında olan qəhrəmanımın bu prosesdə başına gələn maraqlı hadisəni arb-yə danışdı.
Əmək qəhrəmanı Rəxşəndə Məmmədova: “Bu baxdı mənə indi həmin şəkildən var o kitabda. Bu gözün qıydı. Gözün qıyanda dedim gözünü niyə qıyırsan? Məndə ot-alov idim. Dedi qızım Allahhaqqı mənim gözüm helə qıyıqdır. Keçindilər gülməkdən. Ondan sonra bu başladı şəklimi çəkməyə.”
Rəxşəndə nənənin bu xəyalpərvər obrazında təkcə onun şəxsi yaşantıları ifadə olunmayıb. Onun bədiiləşdirilmiş bu görüntüsü həm də bütün əməksevər kənd qadınlarının simasını özündə əks etdirir. Təsadüfi deyil ki, bu tablo, Hindistanın “Cəvahirlər Nehru” mükafatına da layiq görülüb.
Qardaşı Qabil Məmmədov: “Mikayıl Abdullayevin əsərləri içərisində manqa başçısı Rəxşəndənin rəsm əsəri o qədər fərqlənib ki, Azərbaycan Milli İncəsənət Muzeyində indi də saxlanılır.”
81 yaşlı müsahibimiz bizə hiss etdirməməyə çalışsa da, xatirələrini danışdıqca kövrəlirdi. O, bizim gəlişimizdən və portret söhbətindən çox duyğulanmışdı. Çünki bu söhbətlər onu altmış iki il əvvələ – gəncliyinə qaytarmışdı.