Azerbaycan / Yevlax şehri
Yevlax şəhəri Bakıdan 293 km aralı Kür çayının sağ sahilində, düzənlikdədir. (Gəncə-Qazax düzənliyinin cənub-şərqi, Qarabağ və Şirvan düzlərinin şimal-qərb kənarı). Yevlax şəhəri Qədim İpək yolunun üzərindədir. Qışı quraq keçən mülayim-isti yarımsəhra və quru çöl iqlimi var.
XX əsrin 80-ci illərində stansiya kimi salınan və uzun müddət əhali tərəfindən "Vağzal" kimi tanınan Yevlax XIX əsrin əvvəllərinə aid rəsmi sənədlərdə və mənbələrdə Yelizavetpol quberniyasının Yevlax kəndi, 1920-ci ildən isə Cavanşir qəzasının Yevlax kəndi adlanmışdır. 1939-cu ilin fevralın 1-də Azərbaycan SSR Ali Sovetinin qərarına əsasən Yevlaxda Şəhər Soveti yaradılmaqla, Yevlaxa şəhər statusu verilmişdir. Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin 6 yanvar 1965-ci il tarixli fərmanı ilə Yevlax şəhəri respublika tabeliyində olan şəhərlər sırasına daxil edilmiş və Yevlax şəhərində sənaye müəssisələrinin tikintisinə başlanmışdır.
2004-cü ilin mart ayından başlayaraq şəhərdə bir sıra sənaye obyektləri yenidən qurulmuş və ya tikilmişdir. «Təmir» ATSC yenidən qurulmuş və burada müxtəlif markalı traktorlar yığılır və təmir edilir. Həmçinin “Lalə-Tekstil“ tikiş, “Arfa“ mebel fabrikləri, “Gilan“dəri emalı, “Dan“ kərpic zavodları, “Qida“ MMC, konserv sexi və başqa yeni istehsal müəssisələri fəaliyyət göstərir. Yevlax, eyni zamanda, nəqliyyat qovşağı şəhəridir. Respublika əhəmiyyətli Bakı-Tbilisi dəmiryolu, Bakı-Qazax avtomobil yolu, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft, Qazax-Ağstafa, Bakı-Ərzurum qaz kəmərləri də Yevlaxdan keçir. Yevlaxda həmçinin daxili uçuşlara xidmət edən Yevlax Hava Limanı yerləşir. Son illər çəkilişinə başlanılmış Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin də buradan keçməsi Yevlax üçün əhəmiyyətli perspektiv vəd edir.