Bakı Olimpiya Stadionu - Əsası 6 iyun 2011-ci ildə qoyulub. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev , FİFA prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platini, eləcə də dünya futbol ictimaiyyətinin görkəmli nümayəndələri, federasiya rəhbərləri, futbol veteranları və digər qonaqlar iştirak ediblər.
Paytaxtda öz müasir tikinti üslubu ilə fərqlənəcək və xüsusi gözəlliyi ilə seçiləcək 65 min tamaşaçı yeri olan Bakı Olimpiya Stadionu bu tipli müasir idman qurğuları sırasında özünəməxsus yer tutacaq. Burada müxtəlif funksiyalı tribunaların, qaçış zolağının və digər infrastrukturun inşası nəzərdə tutulub.
Daxili sahəsi 120,830 kvadratmetr olacaq stadionda tikinti işləri Beynəlxalq Tikinti Standartına (İBC), UEFA və FİFA standartlarına və Azərbaycanın inşaat normativlərinə uyğun aparılacaq. Stadionun layihələndirilməsi ilə bağlı ilkin işlərə 2008-ci ildən başlanıb.
Dövlət başçısı metal gilizi rəmzi topun içərisinə qoyub. Prezident İ. Əliyev, FİFA və UEFA prezidentləri xatirə topunu imzalayıblar.
Stadion Bakının Böyük Şor qəsəbəsində, Koroğlu metrostansiyası yaxınlığında tikiləcək.