şeir: Qismət Rüstəmov
səs: Xəzər Süleymanlı
Bir qadın var,hardasa...
Bir qadın var hardasa,
tələsir mətbəxə, dükana, işə,
gözləri razılaşmaq dilində susur həmişə...
Bir qadın var hardasa,
metroda əlləri yaxasına,
çantası dizlərinə səngər.
Bir qadın var hardasa,
xoşbəxtlikdən sinifdə qalan,
hər gün ciyərini qayğılar didən
mətbəxə zəncirlənmiş Prometeya.
Bir qadın var hardasa,
sevmədiyi kişiyə arvad
sevdiyi kişiyə çin səddi...
Bir qadın var hardasa,
qara günlərin qırmızı diplomlusu,
iki uşaq anası.
Yerindədi hər şeyi –
əri, uşaqları, şubası, biş-düşü.
Bir qadın var hardasa,
kibrit çöpündən tez sönür gülüşü...
Bir qadın var hardasa,
qadın deyirəm sizə -
gecələr ağlar səssizcə
haram qatar yuxusuna,
ağlar bir qalstukun xorultusuna,
bir kostyumun tütün qoxusuna,
ağlar yatağındakı üzütəraşlı HEÇ KİMƏ...
Bir qadın var hardasa,
Soruşsan xoşbəxtsənmi?
Bədbəxtəm deməz,
Çaşıb “çox mətbəxtəm” deyər...