1992-ci ildə bütün bölgələrdə olduğu kimi, Qazax rayonunda da Qarabağ döyüşlərində və yerli kəndlərin mühafizəsində həyatını itirənlərin dəfn olunduğu ziyarət yeri -- Şəhidlər Xiyabanı salınıb.
Ancaq bu gün Azərbaycanın ən qədim, vətənin ərazi bütövlüyü uğrunda döyüşə oğullar yetişdirən diyarlarından biri - Qazaxda rəzalət yaşanır. Əzizbəyli kəndində yerləşən Şəhidlər Xiyabanı uzun müddətdir ki, baxımsızdır. Yerli qazilər və şəhid ailələri bunu şəhidlərin ruhuna hörmətsizlik kimi qiymətləndirirdilər. Ancaq rayon rəhbərliyi Şəhidlər Xiyabanını abadlaşdırılması, yenidən qurulması üçün addım atmır. Xiyabanın içi bərbad vəziyyətdədir. Demək olar ki, ziyarətgah dağılıb, daşlar qırılıb, hər yanı ot basıb. On ildən çoxdur bu rüsvayçılığın davam etdiyini bildirir Valeh müəllim. Hamının gözü qarşısında Şəhidlər Xiyabanı dağılır.