Bico kəndinin 4-cü şəhidi...
Atası Habil Cəbiyevi danışdıra bilmədim. Nə danışacaqdı ki... Əmisi Qabil Cəbiyevin isə deməyə sözü çox idi:
- Azərbaycanda Qarabağ döyüşləri başlayandan kəndimiz 1 şəhid verib, 2 nəfər isə itkinimiz var. Onların 3-ü də qohumumuzdu. Şəhidimiz Mahmud Səfərovun 19 yaşı var idi. İtkin düşən Fərrux Səfərov və Sənan Səfərov da 19 yaşında idilər. O vaxt mənim də 19 yaşım var idi. Onları Ağdərə uğrunda döyüşlərdə itirdik.
1992-96-cı ildə vuruşan qazilərə, şəhidlərin ailəsinə qarşı bir unutqanlıq var. Ucqar rayon və kəndlərdə yaşayan şəhid ailələrini kimsə yada salmır. 1992-ci ildən 1996-cı ilə qədər indi ermənilərin işğalda olan bütün kənd və rayonlarımızda gedən qanlı vuruşların iştirakçısı olmuşam. Mənimlə vuruşan uşaqlardan sağ qalanı çox azdır. Necə oldusa, mən ölmədim. O dağları, meşələri yaxşı tanıyıram. Ən ağrılısı odur ki, cəbhədə o qədər zülmlər çəkdim, qan tökdüm, can qoydum, ancaq Müdafiə Nazirliyində könüllü olduğumu qanuniləşdirə bilmədim.
Aprelin 3-dən sonra Toğruldan xəbər tuta bilmədik. Qardaşımla getdik üzü Tərtərə sarı ... aprelin 8-nə qədər döymədiyimiz qapı, soruşmadığımız adam qalmadı... Gəncə, Bərdə, Tərtər, Naftalan... Yevlax... Toğrulu gördüm deyən olmadı. Atası Habil inanmırdı ki, oğlu sağ olmasın. Hələ nəyəsə ümid edirdi. Axı ümid sonuncu ölür. Sonra Yevlaxda onunla hərbi hissədə qulluq edən dostlarından birini tapdım. O dedi ki, axtarmayın... Toğrul şəhid olub. Düz aprelin 8-də eşitdik bu xəbəri. Nə qədər çətin olsa da, qardaşıma dedim... Habil başladı başına döyməyə... Bir balasının ölüm xəbərini alan ata necə olar... Çox böyük çətinliklə gəlib çatdıq Ağsuya, kəndimizə... Məlum oldu ki, Toğrul, cəbhənin Tərtər-Ağdərə istiqamətində, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində döyüş tapşırığını yerinə yetirən zaman düşmən tərəfindən açılan atəş nəticəsində həlak olub. Ermənistan-Azərbaycan cəhhə xəttində, döyüş meydanında qalan Toğrul Fərəczadənin nəşi aprelin 8-də Azərbaycan tərəfə təhvil verilib. 9 apreldə şəhid və qəhrəman balamızı dəfn etdik...
Dövlətdə dəvə, övladda nəvə...
Başı qara örtüklü, əynində qara paltarlar olan yaşlı qadınların içərisində diqqətimi bir narahat ana çəkdi. Şirvan qadınlarının sinədəftər olduğunu bildiyimdən, anadan bayatı istədim. Ana elə bil bir himə bənd idi:
Dəyirman üstü çiçək,
Çin gətir onu biçək.
Burda bir igid ölüb,
Uzun boy, qara birçək...
Yeri-yeri xeyrin olsun,
Qoynun güllərlə dolsun.
Ata-anan xeyrini görmədi,
Qara yer xeyrin olsun.
Bayatı deyən ana gözlərinin yaşını silib, "Toğrulun nənəsiyəm", dedi.
Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации