Biz bu gün tariximizin məğlub millət və məğlub dövlət dönəmini yaşayırıq və bu, tariximizin ilk məğlubiyyəti deyil. Elə bəla da ondadır ki, biz qələbədən çox məğlub olmağa alışdırılmışıq, alışmışıq.
Adətən qaliblər həqiqətdən çəkinmir, qorxmurlar, məğlub isə həmişə yalan danışır və yalan danışmamağı bacarmır. Biz də bütün məğlublar kimi öz bədbəxtliyimizin səbəbini kənarda axtarırıq, az qala bütün dünyanı günahlandırırq, qismətimizə lənətlər yağdıraraq xəyanətkarlar axtarır, şübhələr içində məğlubiyyətimizə bəraət qazandırmaq üçün yalançı sığınacaqlar axtarır və yalandan başımızı dik tutsaq da, içimizdə hansı çuxura düşdüyümüzü bütün varlığımızla hiss edirik.