Astara sakini Babaxan Rəhmanov öz xüsusi istedad və bacarığı ilə təbiətə, milli sərvətimiz olan faunamızın təbliğinə öz tövhəsini verir. Hirkan meşələrində yaşayan bəbirlərin müəyyən olunması, mühafizəsi işində də mütəxəssislərə bələdçi kimi kömək etməyə daim hazırdır. Elə bu yaxınlarda Amerikanın “National Geographic Wild” telekanalının Hirkan Milli Parkında çəkdiyi “Avropanın son bəbiri” adlı filmdə yaradıcı heyətə bələdçilik edib. Babaxan Rəhmanovla görüşən əməkdaşımız Elnur Ələkbərov həmyerlimiz haqqında digər maraqlı məlumatlar əldə edib.
Qəhrəmanımız rahat şəkildə bir neçə metr hündürlüyü olan ağaca çıxır, bir ağacdan digərinə hoppanır.
55 yaşlı Astara rayonunun Siyov kənd sakini Babaxan Rəhmanov bu bacarığına görə el arasında “tarzan Babaxan” kimi də tanınır. Babaxan Rəhmanovun digər xüsusi bacarığı isə Hirkan meşələrinin ən əlçatmaz zirvələrini yaxşı tanımasıdır. Vəhşi təbiətdən qorxmayan bələdçiyə bu işdə atası yaxından kömək olub. Onun el arasında ikinci adı isə “bəbir Babaxan”dır. Bunun da səbəbi təbii ki, bəbirlərə olan sevgisidir.
Astara sakini Babaxan Rəhmanov: “Bir bəbiri üç balası ilə də görmüşəm, bir bəbiri iki balası ilə də görmüşəm, bir bəbiri bir balası ilə də görmüşəm. Özüm gedmişəm yuvasına, çıxartmışam ki, görüm onu. Olar belə gözəldilər. Allah təbiətimizi gözəl yaratdığı kimi, təbiətimizə uyğun da gözəl heyvanlar yaradıb.”
O, bələdçilik qabiliyyəti ilə həm də Amerikanın məhşur "National Geographic Wild" telekanalının “Avropanın son bəbiri” adlı filminin çəkilişləri zamanı yaradıcı heyətə yaxından köməklik edib. “Bəbir adamın“ qeyri adi qabiliyyətinə təəccüblənən ekspedisiya üzvləri Avropada nəsili tükənməkdə olan bəbirlərin görüntülərini Babaxan Rəhmanovun köməkliyi ilə əldə ediblər.
Astara sakini Babaxan Rəhmanov: “2013-ci ilin mart ayında gedmişik kameralar quraşdırmışıq. Onun əsasında bəbir kameraya düşmüşdü. Onda sevinmişik və ondan sonra başlayıb onun yazı gəliblər, getmişik çəkiliş aparmışıq və onda daha lap super kadrlar alındı.”
“Bəbir adamın“ sözlərinə görə filmin yaradıcı heyətinin diqqətini çəkən digər bir maraqlı məqam isə onun heç bir təhsili olmadan heyvanların izlərini rahatlıqla müəyyən edə bilməsidir. Sujetimizin qəhrəmanının ən böyük arzusu isə bəbirlərin nəslinin artırılmasıdır.