Bu il astaralı arıçıların may balı sarıdan bəxti bir qədər gətirməyib. Təbiətin şıltaqlığından az bal əldə etməklə ziyana düşən arıçılar bunu kompensasiya etmək üçün məhsullarını bir qədər baha satmaq fikrindədir. Onların bir istəyi isə saxta arıçıların satış yarmarkasına yol tapmasının qarşısının alınmasıdır.
Bütün ölkə ərazisində olduğu kimi Cənub bölgəsində də havaların yağıntılı, yağmurlu və qeyri sabit keçməsi arıçılığa da öz təsirini göstərdi. Belə ki, keçən ilə nisbətən bu il məhsuldarlığın bir qədər aşağı olacağını deyirlər. Bu da öz növbəsində qiymətlərə də təsirsiz ötüşməyəcək.
Arıçı Tural Hidayətov qiymətin hansı aralıqda dəyişəcəyini bildirdi: “Keçən il 15-20 manat arası idi, bu il yəqin bir az yuxarı 20-25 manat arası olmalıdır ki, zəhmətimizə dəysin. Biz buradan qaldırıb dağa gətirəndən sonra Biləsuvar ərazisinə aparacağıq.”
Bütün bunlar da arıçılara əlavə xərc hesabına başa gəlir. Rayonlarında balı satmaqda çətinlik çəkən astaralı arıçıların əsas ümid yeri hər il paytaxtda təşkil olunan sərgi yarmarkalardır. Amma onları narahat edən bir məqam yarmarkalara saxta arıçıların yol tapıb məhsullarını dəyər-dəyməzinə satmaqla əsil balı dəyərdən salmalarıdır.
Arıçı Yaşar Ağayev buna da münasibətin bildirdi: “Çətinliyimiz sərgidə saxtakarlar başqa yolla sərgiyə gəlib iştirak edirlər. Öz malımızı sata bilmirik. Onlar hər qiymətə verirlər (3, 4, 5 manata satırlar). Yaxşı onlara nəzarət olsa, onları buraxmasalar. Biz balımızı sata bilərik.”
İlk süzümdə bir yeşikdən ötən illə müqayisədə az, yəni 8-10 kq may balı götürən arıçılar ikinci süzümdə yüksək məhsuldarlığa ümid edirlər.
Arıçı Yaşar Ağayev növbəti süzümdəki məhsulu gözləyir: “Növbəti süzüm iyul ayının axırlarında olacaq. Havalar yağışlı keçdi, biyan və dəvətikanı kimi bitkilər yaxşı gül açıb, inkişaf edib. Ondan yaxşı nəticə gözləyirik.”
Hazırda davam edən may balının süzümü isə iyun ayının axırlarında yekunlaşacaq.