Cəlilabadda iribuynuzlu cins heyvanların balası satılır
Cəlilabad rayonunda iribuynuzlu heyvanların balası satılır. Satışa çıxarılan buzovların qiyməti nə az, nə çox 350 manata başa gəlir.
Bir neçə gündür Cəlilabad rayonunda mərkəzi bazarının qarşısında cins inəklərin balası satışa çıxarılıb. Satıcı Ağdam rayon sakini olan Gülşən Şirinova Gürcüstandan gətirilən buzovları 250-300 manat arasında alıb ölkəmizdə 350 manata satdığını deyir. Artıq bir neçə rayonda aldıqları cins buzovları sata bilib.
Satıcının sözlərinə görə, süni mayalanma yolu ilə alınan cins buzovları həm ətlik, həm də südlük istiqamətində saxlamaq mümkündür. Bunun üçün buzovlar yerli inəklərdən əmizdirməklə və ya gündə bir neçə dəfə əllə süd verməklə saxlanılır.
Gülşən Şirinova onu da bildirdi ki, bazara çıxardığı buzovlardan həftə ərzində 4-5-ni sata bilir. Yerli cinslərə nisbətən hərtərəfli üstünlüyü olduğu üçün rayon sakinləri qiymətindən asılı olmayaraq belə cins buzovlara daha çox maraq göstərir.
Cəlilabadda fermerlərin cins buzovlara maraq göstərdiyini deyən Gülşən Şirinova hələ bir müddət satışını elə bu ərazidə həyata keçirmək niyyətindədir.