İçində-Nusrət Kəsəmənli
Hamı dost görünür, doğma görünür,
Bu qədər doğmanın yadam içində.
Gündüz əldə çıraq adam gəzirəm,
Mən adam tapmıram adam içində.
Içimi dərd-kədər, qəm, qubar əzir,
Canım div canıdır, hər dərdə dözür.
Mələk maskasında canavar gəzir,
Zəhər gizlənibdi badam içində.
Baxıram hər yanım hiylə yalandı,
Silahsız əsgərəm, əlim yalındı.
Mənim döyüşməyim ölüm-qalımdı,
Yaşaya bilmirəm nadan içində.
Çoxu adamlıqdan çıxıb görürəm,
Şöhrətim kimisə yıxıb görürəm.
Üzümə gülənin baxıb görürəm,
Dərdim içimdədir, qadam içimdə.
Bir ömrü qəbrədək daşımaq olmur,
Səmtsiz karvanlara qoşulmaq olmur.
Bircə gün qayğısız yaşamaq olmur,
Bu qədər işverən, satan içində...