1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə o vaxtkı SSRİ rəhbərliyinin göstərişi ilə Azərbaycanda kommunist rejimini saxlamaq və milli azadlıq hərəkatını boğmaq məqsədilə Bakıya 35 minlik ordu yeridilmişdi. SSRİ Müdafiə Nazirliyi, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi "Udar" adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı "ALFA" və SSRİ DTK-nın "A" təxribat qrupları oynayırdı.
Bakının işğalında Kremlin əsas məqsədi Azərbaycanın SSRİ-nin tərkibindən çıxmasına yol verməmək idi. Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 134 mülki vətəndaş öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında beş millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi. Qara Yanvarın indiyədək özündə saxladığı sirlər çoxdur. 100 cildlik istintaq materialından 69-nu keçmiş SSRİ Prokurorluğu Moskvaya aparıb. Sənədlər indiyədək Azərbaycana qaytarılmayıb. 1990-cı ilin yanvar hadisələri Azərbaycan xalqının tarixində nə qədər hüzn və faciəli mərhələdirsə, bir o qədər şərəf və cəsarət dövrüdür. Məhz həmin hadisələr bilavasitə nümayiş etdirdi ki, Azərbaycan xalqı özgürlük mübarizəsinə qalxmaq, pozulmuş hüquqlarının, suverenliyinin bərpa olunması uğrunda savaşmaq əzminə sahibdir. Təbii ki, 1990-cı ilin yanvarı Azərbaycanın istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsi idi.
Bu hadisələrin beynəlxalq müstəvidə gərəkən tarixi, siyasi və hüquqi qiymət almamasının səbəbini faciənin ilk günlərində axtarmaq lazımdır. Hadisədən dərhal sonra Azərbaycanın o vaxtkı rəhbərliyi nəinki 20 yanvarın gerçək miqyas və mahiyyətini dünya birliyinin diqqətinə çatdırmadı, əksinə, yeritdiyi dişsiz və səbatsız siyasətlə faktiki olaraq Sovet Ordusu birləşmələrinin hərbi təcavüzünü retuş etmiş oldu. Verilən hər bəyanat, atılan hər addımda Moskvaya boylanma, Mərkəzin əhvalının göz önünə alınması aşkar idi. Digər tərəfdən, 20 yanvar Azərbaycanda lap əvvəldən siyasi "razborka" predmeti olub, "Faciənin günahkarları kimdir?" sualına cavab daha çox Azərbaycanın daxilində axtarılıb, nəinki gerçək ünvanlarda. Məhz 20 yanvara daxili-siyasi konyukturdan yanaşma dünyanın gözündə bu hadisənin mahiyyətini kiçiltdi. Əksər ölkələr 20 Yanvarı Azərbaycandakı daxili siyasi mübarizənin, hakimiyyət davasının nəticəsi kimi dəyərləndirdi.
Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi.
Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsini respublikamız hər il ümumxalq hüzn günü kimi geniş qeyd edir.
20 Yanvar faciəsinin 19-cu ildönümü münasibətilə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız anım mərasimləri keçirəcək, şəhidlərin xatirəsini yad edəcək, bir sıra aksiyalar vasitəsilə bu faciə haqqında yaşadıqları cəmiyyəti, digər xalqların diaspor təşkilatlarını məlumatlandıracaqlar. 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi hər il olduğu kimi bu il də, Rusiya Federasiyasının bir neçə şəhərində anılacaq. Diasporla İş üzrə Dövlət Komitəsindən aldığımız məlumatlara görə, Moskvada Azərbaycanın Rusiyadakı səfirliyi və Ümumrusiya Azərbaycan Konqresi birlikdə anım tədbiri keçirəcək. Konqresin Sankt-Peterburq, Yekaterinburq, Xabarovsk, Ulan-ude, Surqut, Ryazan və digər regional təşkilatları 20 Yanvar faciəsinin 19-cu ildönümünə həsr olunmuş müxtəlif tədbirlər təşkil edəcəklər.
Türkiyə,Kiyev,BƏƏ,Yeni Zenlandiya,Misir,Litva,Almaniya,Pakistan,Tiflis və bir sıra yerlərdə bu günlə əlaqədar anım mərasimi qeyd ediləcək.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев