Səni görüb könlüm güldü,
Əldə çiçək duran gözəl.
Sənsiz keçən günüm ildi,
Əldə çiçək duran gözəl.
Bağlar barın həsrətində,
Dağlar qarın həsrətində,
Aşiq yarın həsrətində,
Əldə çiçək duran gözəl.
Nura döndün gözlərimdə,
Oda döndün közlərimdə,
Bəstələndin sözlərimdə,
Əldə çiçək duran gözəl.
Aşiq olan cəfa çəkir,
Sevib-sevən qan-yaş tökür.
Vüsal üçün qəlbi sökür,
Əldə çiçək duran gözəl.
Kəmər olum incə belə,
Sığal çəkim siyah telə.
Bənzəyirsən qızılgülə,
Əldə çiçək duran gözəl.
Saf eşqimin əzəlisən,
Dili şirin, məzəlisən.
Gözəllərin gözəlisən,
Əldə çiçək duran gözəl.
Eşq dağından enən döyəm,
Alışmışam, sönən döyəm.
Bu sevgidən dönən döyəm,
Əldə çiçək duran gözəl.
Üst-başından zər tökülür,
Üz-gözündən nur tökülür.
Dil-dodaqdan dürr tökülür,
Əldə çiçək duran gözəl.
Gəl, ömrümün günəşim ol,
Alovum ol, atəşim ol.
Sevgi payım, peşkəşim ol,
Əldə çiçək duran gözəl.
Əlindəki mənimdimi?
Könül açan dəmimdimi?
Yoxsa sevgi qəmimdimi?
Əldə çiçək duran gözəl.
Ay Əlixan, yandan keçmə,
Yarı görüb kənar qaçma.
Hər yetənə könül açma,
Əldə çiçək duran gözəl.
23. 06. 2019.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 1