Bu barədə virtualaz.org saytına Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.
Hüquq müdafiəçisinin sözlərinə görə, rəhbərlik etdiyi təşkilata “Şərur” MTK ilə bağlı rəsmi müraciətlər daxil olub: “Şikayətçiyə satılan mənzil başqa birisinə də satılmışdı. Bizim təşkilat belə şikayətlərin təmin olunmasına kömək edə bilmir. Buna görə də həmin şəxsə məhkəməyə müraciət etməyi məsləhət gördük”.
İqtisadçı Vüqar Bayramov isə yeni tikilən və istifadəyə qəbul edilməyən mənzillərin alqı-satqısı üçün “ASAN Xidmət”in nəzdində xüsusi elektron baza yaradılmasını təklif edir.
V.Bayramov bildirir ki, bütün alqı-satqı əməliyyatları ilə bağlı məlumatın həmin bazaya daxil edilməsi məcburi xarakter almaqla yanaşı MTK-ların birbaşa alıcıya mənzil satması qadağan edilməlidir: “Yeni inşa edilən binada eyni mənzilin bir neçə şəxsə satılmasl ilə bağlı daha bir cinayət işi qeydə alındı. Vətəndaşları aldatmış tikinti şirkətlərinin sahibləri həbs olunsa da dəymiş zərər ödənilmir, onlar üçün nə yeni bina tikilmir, nə də pulları geri qaytarılmır”.
İqtisadçı hesab edir ki, Ukraynada olduğu kimi, Azərbaycanda da tikinti şirkətlərinin internet səhifəsinin olması icbari xarakter daşımalıdır. Şirkətlər səhifələrində inşa edilən və ya inşa ediləcək binada satılan mənzillərlə bağlı məlumat yerləşdirməlidir: “Eyni zamanda tikinti şirkəti öz saytında hər bir müştəriyə xüsusi kabinet açmalı, müştəri isə mütəmadi olaraq ora daxil olaraq ödəniş, tikinti prosesi və digər məlumatları əldə edə bilməlidirlər.
İkincisi, mənzillərin bölgüsü ilə bağlı xüsusi komissiyanın yaradılması mümkündür. Belə komissiyalar əksər hallarda dövlət qurumlarının və ya yerli icra hakimiyyəti orqanlarının nəzdində yaradılır. Bu zaman həmin komissiya mənzillərin qiyməti və ya kimə satılması ilə bağlı məsələlərə müdaxilə etmir. Sadəcə satılan mənzillərin qeydiyyatını aparır. Bu qeydiyyat sonrakı mərhələdə elektronlaşdırıla bilər. Məsələn, yeni inşa edilən binada 3-cü blokdakı 10 saylı mənzil satılıbsa, artıq onun məlumatlarını sistemə yenidən daxil etmək olmur, elektron sistem qəbul etmir və bununla da alıcı həmin mənzil artıq satıldığını bilir.
Üçüncüsü, mənzillərin satılması zamanı nağd ödənişlər qadağan edilməlidir. Ödənişlər yalnız banklar vasitəsilə həyata keçirilməli və həyata keçirilən bank əməliyyatı ilə bağlı isə bütün məlumatlar şirkətin saytında yerləşdirilməlidir. Qanunvericilikdə dələduzluqla məşğul olan tikinti şirkətlərinə qarşı cərimələrin və cəzanın daha ağırlaşdırılmasına ehtiyac var”.
V.Bayramov deyir ki, Məhdud Məsuliyyətli Cəmiyyətlərin (MMC) tikinti ilə məşğul olması birmənalı şəkildə qadağan edilməlidir: “Doğrudur, hazırda mənzil sənədləri verilən zaman şirkətin statusunun MTK olması tələb edilir. Praktika göstərir ki, vətəndaşları aldadanlar da məhz MMC kimi fəaliyyət göstərən cəmiyyətlərdir. Məsuliyyəti məhdud olduğuna görə vətəndaşlar aldadılanda, onların qarşısında öhdəliklər yerinə yetirilməyəndə həmin quruma qanunvericiliklə təsir imkanı xeyli məhduddur, məsuliyyəti məhdud olduğuna görə öhdəlikləri də məhdud olur. MMC-lər vətəndaşları aldadarkən dəymiş ziyanı bərpa etmək mümkün olmur və ya vətəndaşların hüquqlarının qorunmasında problem yaranır”.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев