Vaxtilə bir ucu Araz çayına gəlib dirənən və «Qarahasar» deyilən böyük qala divarlarının əhatəsində yerləşmiş bu qədim yaşayış məskəninin sonralar niyə «Şahtaxtı» adlandırılması haqda hazırda yerli əhali arasında bir neçə maraqlı rəvayət, elm adamlarının, ərazidən keçmiş məşhur səyyah və tədqiqatçıların əsərlərində isə konkret fikir və mülahizələr var. Məsələn, Şahtaxtıda daha çox yayılmış rəvayətlərdən birində deyildiyinə görə, bu ad kəndə sonralar - Azərbaycan Səfəvi dövlətinin banisi Şah İsmayıl Xətainin 1501-ci ildə Təbrizdə taxta çıxmasından sonra verilib. Bildirilir ki, Şirvanı ələ keçirən İsmayıl Ağqoyunlu hökmdarı Əlvənd Mirzənin Naxçıvana 30 min nəfərlik qoşunla yürüş etdiyi xəbərini alır və dərhal özünün 7 minlik seçmə qızılbaş süvarisiylə Naxçıvan istiqamətinə hərəkət edir. İndiki Şahtaxtına yaxın yerdə - «Şərur düzü»ndə qarşılaşan Səfəvilər özlərindən 4 dəfə artıq ağqoyunlulara qalib gəlirlər və bununla da qızılbaşların Təbrizə yolu açılır. 1501-ci ilin payızında Arazı keçərək Təbrizi tutan qızılbaşlar İsmayılı taxta çıxararaq, onu şah elan edirlər və bununla da Azərbaycan Səfəvi dövlətinin əsasını qoyurlar. Şahtaxtıda əsrlərdir dildən-dilə keçən rəvayətə görə, İsmayıl Şirvandan Naxçıvana gələndə də və «Şərur düzü»ndəki qələbəsindən sonra da bu kəndin kənarında indi «İydəli Pir» adlandırılan, əsasən iydə ağaclarından ibarət meşəlikdə düşərgə salmış və buna görə də kənd sonralar «Şahı taxta çıxaran yer» - «Şahtaxtı» adlandırılmışdır… Başqa rəvayətlər isə Şah Abbasın, Nadir Şah Əfşarın və Ağa Məhəmməd Şah Qacarın Azərbaycanın cənubunu Arazın məhz bu hissəsindən keçərək şimal istiqamətində hərəkət etmələri və müvəqqəti dayanacaq kimi Şahtaxtı ərazisini seçmələri ilə bağlıdır. Demək olar ki, hər üç şahla bağlı rəvayətlər mahiyyət etibarilə eyni məzmunu ifadə edir və kəndin adı da şah taxtlarının müvəqqəti olaraq bu ərazidə qurulması ilə izah olunur. Tədqiqatçılar - Naxçıvan ərazisinin toponimlər sistemini araşdıran AMEA-nın Naxçıvan bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun «Onomastika» şöbəsinin müdiri, filologiya elmləri doktoru hörmətli Adil Bağırov isə «Naxçıvanın oykonimləri» adlı kitabında Şahtaxtı kəndinin həm xalq, həm də elmi etimologiyasını verib. O, xalq etimologiyasında «Şahtaxtı» sözünün «şahın taxtı», «şahın oturduğu yer» mənasında işləndiyini, elmi etimologiyada isə «hündür, uca yer» anlamını verdiyini yazıb. Tanınmış alim Q.Qeybullayevin «Şahtaxtı» sözünün farsca «şah» və Azərbaycanca «taxt» sözlərinin birləşməsindən əmələ gəlib, «dağ döşündə çıxıntı», «dağ döşündə düzənlik» kimi işləndiyi fikrinə istinad edən A.Bağırov yekunda özünün «hündür yerdə olan taxt, düzənlik» variantı üzərində dayandığını qeyd edib. O, fikrini belə əsaslandırıb ki, «Əlincəqala»nın zirvəsindəki düzənliyə də «Şahtaxtı» deyilir. Digər tanınmış alim – hörmətli akademik Hacı Qadir Qadirzadə isə Babək rayonunun Cəhri kəndində «Şahtaxtı» adlı yerin olduğunu və Cəhridəki yerin daha çox Nadir şahın burada daş üzərinə çıxıb qoşununa müraciət etməsiylə bağlı rəvayətə əsaslandığını yazıb. Azərbaycandakı yer və tayfa adlarının mənşəyindən bəhs edən üçcildlik topluda da «Şahtaxtı»nın izahı «dağ döşündə düzənlik» kimi verilib. Baxmayaraq ki, ərazini yaxşı tanıyanlar Şahtaxtının heç də dağlıq ərazidə yerləşmədiyini, daha çox maili təpəlik üzərində qərarlaşdığını bilirlər. Bəlkə də elə ziddiyyətli məqamların çoxluğundandır ki, nə «Şahtaxtı»nın «dağ döşündə düzənlik» kimi izahını verən tədqiqatçılar yazdıqlarının həqiqət olduğunda israr ediblər, nə də xalq etimologiyasına əsaslanaraq «Şahtaxtı»nın «Şah taxtının qurulduğu yer» mənasında işləndiyi arqumenti üzərində duranlar söhbətin hansı şahdan getdiyini dəqiqləşdiriblər. Halbuki, indiyə qədərki elmi mənbələrdə adları çəkilən şahların Qafqaz istiqamətindəki marşrutları və düşərgə yerləri haqda kifayət qədər geniş məlumatlar, hətta xəritələr olsa da, hələlik onların sırasından yalnız Səfəvi Şahı İsmayılın «Şərur düzü»ndəki döyüş öncəsi Şahtaxtı kəndinə yaxın ərazidə düşərgə qurması faktı qeydə alınıb. «Şahtaxtı» adının mənşəyi və tarixi haqda daha əsaslı, fundamental araşdırmalara aparıb çıxaracaq və indiyə qədərki rəvayətlərdən fərqli məlumata isə xüsusən İran tarixinin mükəmməl araşdırıcısı sayılan məşhur rus hərbi tədqiqatçısı Konstantin Nikolayeviç Smirnovun 1934-cü ildə yazılmış «Naxçıvan diyarının tarixi və etnoqrafiyasına dair materiallar» kitabında rast gəlinir. Sonralar hərbi kəşfiyyatçı olduğu üzə çıxan K.N.Smirnov bu kitabında «Şahtaxtı» adının Şah İsmayıldan daha əvvələ – əsası XIV əsrdə qoyulmuş «Nemətullahi» dərvişlərinə gedib çıxdığını və kəndin adının da məhz özünü «Şah» adlandıran dərvişin təkyəsinin burada yerləşməsi ilə bağlı olduğunu göstərib. O, həmçinin kəndin yanında «Şah bağı» adlı yerin və Arpaçayından Böyük-Düz istiqamətində «Şah arxı» adlı köhnə kanalın olduğunu da yazıb və bütün bunların hamısının eyni kökdən qaynaqlandığı fikri üzərində durub. Təəssüf ki, rus tədqiqatçısının, daha doğrusu, nəyi qeydə almağın vacibliyini çox yaxşı bilən bu hərbi kəşfiyyatçının gözəl bir elmi tədqiqat mövzusu olacaq qiymətli fikirləri müstəqillik dövründə belə, hansısa səbəblərdən Azərbaycan alimlərinin diqqətindən kənarda qalıb və əslində, Naxçıvanın və Şahtaxtının orta əsrlər dövründə İslam dəyərlərinin təbliğində tutduğu çox vacib əhəmiyyətə işıq salan olduqca mühüm bir faktın üzərindən sükutla keçilib. Qeyd edək ki, biz də elə Şahtaxtının adının mənşəyi ilə bağlı daha çox məhz K.N.Smirnovun üzərində durduğu və indiyədək araşdırılmamış variant istiqamətində axtarışlar aparmaq qərarına gəldik və xeyli maraqlı tarixi hadisələrlə, faktlarla rastlaşdıq.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1