Qarlı-covğunlu günlər idi. İki gün Lerikdə elektrik olmadığı üçün fevralın 23-də televiziyadan acı xəbəri eşitdim. Onda “Əməlin yaşadar səni” adlı şeirini yazdım.
İyun ayında, şeiri tarixçi alimlər İdeal Nərimanov, Qəmərşah Cavadov, Həşim Kəlbiyevə oxuyanda, təbiətcə çox sərt olan Q.Cavadovun ağlamağını da unuda bilmirəm. Üzr istədim. O: -Yox, bala, mən o xəbəri eşidəndən sonra üç gün ağlamışam—dedi.
Allah hər ikisini rəhmət eləsin!
ƏMƏLİN YAŞADAR SƏNİ
21 fevral 1997-ci il, saat 18-15 dəqiqədə evinin qarşısında qətlə yetirilmiş akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Musa oğlu Bünyadovun əziz xatirəsinə.
Ay ellər, ay ellər matəm günüdür,
Xalqımın ziyası söndürülübdür.
Xain əlləriylə bir qalam üçür,
Vətən sinəsinə dağ vurulubdur.
Didir ürəkləri nifrət ilə kin,
Qalxıb aliminə nadürüst əli.
İstəyi nə imiş o qaniçənin,
Törədib yolkəsən, quldur əməli?!
Ziyanın köksünə açılan güllə,
Xalqın tarixinə atılmış demək.
Alimin qanını döndərən selə,
Napak bir anadan doğulmuş, gerçək.
İgid harda olsa, özün göstərər,
Faşistlə vuruşdu o aslan kimi.
Nümayiş eylədi şücaət, hünər,
Qayıtdı Vətənə qəhrəman kimi.
Ədalətli hökmü, mərd çıxışları,
Nadanlar gözünə sancılan oxdu.
Namərdlərə kini, sərt baxışları
görən rəzil açıq döyüşdən qorxdu.
Yorulmaz tarixçi, zəhmətkeş alim
qəsdinə durana nə ad verəsən?
Ən ağır təhqirlə doludur dilim:
İnsan övladımı o şəxs, görəsən?
Lənət varlığına, a murdar cani,
Peyğəmbər kimi bir insana qıydın.
Tutmazmı gözünü bu mərdin qanı?
Şər olub Xeyiri sən nursuz qoydun.
İndi kim tarixə həyan olacaq?
Bir qanadı qırıq quş necə uçsun?
Tarix kitabları saçın yolacaq,
Solan vərəqlərə kim verəcək gün?
Bir kimsə verəmməz onun yerini,
Əzəmət yağırdı boy-buxunundan.
Dağlardan almışdı vüqar sirrini,
Biliyi vermişdi ona şöhrət, şan.
Hələ görüləsi çox işi vardı,
Hər gün yeni mənbə üzə çıxartdı.
Soyuq bir tənhalıq qəlbimi sardı,
Saxtakarlar sayı bir az da artdı.
Zalım, sən arxayın olma nahaqdan,
Bütöv bir ordudur yetirmələri.
Yerdə qalmayacaq bu tökülən qan,
Cavabını verər hər bir əsgəri.
Obyektib yazdığı əsərlərindən,
Qala əzəmətli siması baxar.
Kim ki, öyüd alıb alın tərindən,
Həqiqət yolunda şimşək tək çaxar.
Susdurmaq istəyən haqqın səsini,
Özünü öldürdün, o baqidir, bil.
Onun hər fikrini, onun hissini
Onu tanıyanlar unudan deyil.
Hörmətli müəllim, fədakar alim,
Torpaq qucağında sən rahatca yat.
Əməlin yaşadar səni hər zaman,
Verər qiymətini tarix və həyat.
23 fevral, 1997.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев