Salman Mümtaz. Bu adı böyükdən kiçiyə, qocadan cavana hər kəs, hər bir azərbaycanlı tanımalıdır, daha doğrusu, tanımağa məcburdur. Çünki dövrünün bir çox fikir və düşüncə adamları kimi, Salman Mümtazın da həyatı yalnız və yalnız Azərbaycanla, Azərbaycan xalqı ilə bağlı olmuşdur.
Şair, ədəbiyyatşünas, mətnşünas, repressiya qurbanı Salman Mümtaz 20 may 1884-cü ildə Şəkinin Gəncəli məhəlləsində, tacir ailəsində dünyaya göz açıb. Sadə, zəhmətkeş ailənin övladı olan Salman ilk (ibtidai) təhsilini evdə - ata - anasından, babasından alıb. Daha sonra o, Aşqabad şəhərində təhsilini davam etdirib. Deyilənə görə, görkəmli alimin atası Məmmədəmin kişi Məşhəd ziyarətindən qayıdarkən yolunu Aşqabaddan salır, böyük torpaq sahəsi alıb ev - eşik qurur və karvansaray, dəzgah, mülk sahibi olur. Ailəsini yanına gətirməyə hazırlaşdığı bir ərəfədə - 1887-ci ildə 32 yaşında ağciyər iltibahından vəfat edir.
1900-cu ildə anası Məşədi Zəhra xanım iki oğlu və qardaşları ilə Aşqabada köçür və həyat yoldaşından qalan varidatı idarə etməyə başlayır. Uşaqlarının gələcəyini düşünən qadın iri bir sandıq alıb onu qızılla doldurur. Sonralar Salman Mümtaz məhz bu pulların sayəsində bir çox xeyriyyə işlərinə, o cümlədən, Azərbaycan şairlərinin əlyazmalarının toplanması işinə imza atır.
Kiçik yaşlarında Mirzə Ələkbər Sabirlə görüş ona ədəbiyyatı sevdirir. Elmə böyük marağı olan Salman Mümtaz 22 yaşınadək rus, ərəb, fars və urdu dillərini mükəmməl öyrənir. Şərqin bir çox klassik şairlərinin əsərlərini dönə - dönə oxuyur və əzbərləyir.
1908 - 1909-cu illərdə “Molla Nəsrəddin” və dövrün bir çox nəşrləri ilə əməkdaşlıq edən Salman Mümtaz “Xortdan bəy”, “Sağsağan” kimi imzalarla yazılar çap etdirirdi. Gördüyü işlərdə həmişə Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Mirzə Cəlildən mənəvi dəstək görən Salman Mümtazın “Molla Nəsrəddın”in imperiyanın bir çox bölgələrinə yayılmasında böyük zəhməti olmuşdur...
1913 - cü ildə Salman Mümtaz ilk kitabı “Seyid Əhməd Hatif İsfahaninin tərcibəndi və tərcümeyi-halı”nı Mirzə Cəlilin Tiflisdə fəaliyyət göstərən “Qeyrət” mətbəəsində nəşr etdirir.
Cümhuriyyətin yaranması ərəfəsində o, ailəsi ilə birlikdə Bakıya köçərək, “Azərbaycan” qəzetində jurnalist kimi fəaliyyət göstərir. Qəzetdəki fəaliyyəti ilə yanaşı, Azərbaycan klassiklərinin yaradıcılığı ilə bağlı sənədlərlə maraqlanmağa başlayır.
1919 - cu ildə “Yaşıl qələm” ədəbi cəmiyyətinin üzvü olan Salman Mümtaz cəmiyyətin normal fəaliyyət göstərməsi üçün çox böyük həvəslə maddi yardımlar edir.
Sovetləşmədən sonra da öz ədəbi fəaliyyətini davam etdirən Salman Mümtaz 1920 - 1925 - ci illərdə Azərbaycanı qarış-qarış gəzərək, öz şəxsi vəsaiti hesabına 200 - ə yaxın kitab, əlyazma və məqalə toplamağa nail olur və “Kommunist” qəzetində “Unudulmuş yarpaqlar” adı altında silsilə məqalələr dərc etdirir.
Elə bu dövrdə onun rəhbərliyi ilə Azərbaycan ədəbiyyatının bərpası komissiyası təşkil olunur. Azərbaycan ədəbiyyatının tədqiqatçılarından biri olan Salman Mümtaz bu illər ərzində ədəbiyyat tarixinə dair 15, xalq yaradıcılığına dair 2 əsər yazıb.
İmadəddin Nəsimi, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Mirzə Şəfi Vazeh və başqalarının əsərlərinin ilk dəfə külliyyatlarını məhz o nəşr etdirib. Onun “Nəsimi” adlı monoqrafik kitabı 1926 - cı ildə Bakıda keçirilən I Türkoloji qurultay iştirakçılarının böyük marağına səbəb olur.
1934 - cü ildə isə Moskvada keçirilən sovet yazıçılarının I qurultayında çıxış edən Məmmədkazım Ələkbərli onun Mirzə Şəfi Vazehin ədəbi irsinin öyrənilməsindəki xidmətlərini xüsusi qeyd etmişdi.
Salman Mümtaz Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun kapitalizmə qədər olan dövr üzrə Azərbaycan ədəbiyyatı bölməsinin müdiri (1929 - 1932), Azərbaycan Dövlət Muzeyinin elmi işçisi (1932 -1933) olub.
Görkəmli mətnşünas eyni zamanda, həm “Azərnəşr”in klassik irs şöbəsinin müdiri (1933 - 1936), həm də SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının ədəbiyyat bölməsinin elmi işçisi, daha sonra müdiri vəzifəsində çalışıb (1933 - 1937).
"Xalq düşməni” damğası vurulan Salman Mümtaz tutduğu vəzifələrdən azad edilir və 8 oktyabr 1937 - ci ildə Bakıdakı evində siyasi düşmən kimi həbs olunaraq, ağır işgəncələrə məruz qalır. Həbs olunan zaman topladığı 270 - ə yaxın əlyazma məhv edilir. Məhkəmədə əks - inqilabi millətçi təşkilata üzv olduğunu sübut etmək üçün B.Çobanzadə, Ə.Qubaydullin, R.Axundov və başqaları ilə qarşıdurmalar yaransa da, o, millətçi mövqedə olmadığını bildirir...
Salman Mümtaz 10 il müddətinə azadlıqdan məhrum edilərək Rusiyanın Oryol vilayətinə sürgün olunur. 1941- ci ilin sentyabrında Oryol şəhəri yaxınlığında Medvedski meşəsində güllələnir.
Qeyd edək ki, Salman Mümtaz 1956-cı ildə bəraət alıb. Və onu da bildirmək istəyirəm ki, Salman Mümtaz ağır repressiya şəraitində öz qələm dostlarını heç bir halda satmayan üç böyük azərbaycanlıdan (Hüseyn Cavid, Cəfər Cabbarlı (1920 - ci illərdə həbsdə olmuşdur) və Yusif Vəzir Çəmənzəminli) biri olur.
🖋️ Məlumatları toplayıb təqdim etdi: Məcid Rəşadətoğlu - jurnalist
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1