Ailəsinin iki övladından biri olan Toğrulun ölümü onu qəhərmanlıq zirvəsinə ucaltsa da, ancaq doğmaları üçün dərin sarsıntı, çəkilməz dərddir.
“Toğrul haqqında bir ömür boyu danışsam bitməz, tükənməz. Toğrulla həm sağlığında, həm yoxluğunda fəxr eləmişəm. Düzdür bu gün onun yoxluğu məni çox incidir, sarsıdır. Çünki O heç vaxt məni incidən övlad olmayıb, amma indi yoxluğu ilə məni də demək olar ki, yox edib öldürüb. Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Biz analara isə səbr versin”
Hər cümləsi ilə ürək dağlayan Bəhruzə ana elə ürək yanğısı ilə gah Toğrul haqqında danışır, gah da bala dərdinə qatlaşmaq üçün özünə səbr diləyir. Üstündən bir il ötsə də Toğrulun valideynləri, bacısı , eləcə də bütün kənd camaatı onun ölümü ilə barışmaq istəmir, yoxluğunu qəbullanmırlar. Ana sanki, bir ilin içində “yüz ilin tənhalığını” yaşamış, ata isə illərin bütün əzab əziyyətini çəkmiş bir görkəmdədir. Onu yaxından tanıyan hər kəs deyir ki, Toğrul adi oğul olmayıb. İnsani keyfiyyətləri, dərin düşüncəsi, güclü istedadı və ən əsası insansevərliyinə görə həmişə böyükdən – kiçiyə nümunə olub. Hər kəndə gəlişi ilə toy-bayram, gedişi ilə isə boşluğ yaradıb. Toğrulun yeganə bacısı Əfsanə Rızayeva da onun yoxluğu ilə bacarmır. Onsuz evi boş, özünü yalnız hiss edir: “Toğrul bu evə qədəm basan kimi bütün qohum-əqrəba, dost-tanış, sinif- iş yoldaşı evimizə cəmlənərdi. Səmimiyyəti qədər zarafatlarından da qalmırdı. O, həmişə gedib gəlib öz igidliyindən, yoldaşlarının igidliyindən ürəkdolusu danışardı. Qorxu hissini bizə bildirmirdi ki, işinin çətinliyindən xəbər tutarıq. Həmişə deyirdi qardaşım ki, irəli gedəcəm dönüş yoxdur. Həyat möcüzələrlə doludur. Birdənə Toğrulun qayıdışı mənim üçün möcüzə olar. O, mənim üçün tək doğulub, tək yaranıb, tək də qalacaq”.
1993-ci ilin noyabrın 10-da Bico kəndində dünyaya göz açan Toğrul 2000-ci ildə Arif Cəbiyev adına Bico kənd tam orta məktəbinə daxil olur. Kasıb ailənin övladı olsa da həmişə məktəbdə fəal şagird kimi seçilib. Həm müəllimi, həm də ən yaxın sirrdaşı olan tarix müəllimi Yaşar Qarayev onu bu gün də yaxın dostu kimi xatırlayır. Deyir fərqimiz yaşda idi, müdrükliyi isə bir ağsaqqal bilgisi qədər idi. Özü də hər dəfə kəndə gələndə ilk üz tutduğu məkan məktəb, ilk görüşdüyü şəxslər müəllimləri olardı. Hazırda məktəbdə onun adına guşə də yaradılıb, sinif otağı da: Toğrul 23 yaşında vətən uğrunda şəhid oldu, amma onun 23 yaşında böyük ağsaqqallıq, müdrüklik qabiliyyəti vardı. Sanki, o, anadan qəhrəman doğulmuşdur və onun ən çox sevdiyi şer bu idi. Mixaylonun şeri.
”Süd verib qoynunda bəslədin məni.
Mən sənin gözünə qurbanam vətən.
Qoymaram yad ellər incidə səni.
Bil ki, etibarlı oğlunam vətən.
Və Toğrul bu qayəsinə də sadiq qaldı.O istənilən ali məktəbə daxil ola bilərdi. Arzusu idi, humanitar sahədə gedib hüquqşünas olsun, amma onda olan vətənsevərlik, doğma torpağa bağlılıq onu cəbhəyə çəkdi.
Orta məktəbi bitirdikdən sonra Toğrul 2012 ci- ilin oktyabrında hərbi xidmətə yollanır. Beyləqanda N saylı hərbi hissədə xidmətdə olan Toğrul 6 aylıq kurs keçərək gizir kimi müddətdən artıq hərbi xidmət qulluqçusu kimi fəaliyyətini cəbhədə davam etdirir. Bəhruzə ana deyir ki, oğlu hərbi sahədə qalıb işləyəcəyini ondan həmişə gizli saxlayıb. Ehtiyyat edib ki, ana buna razı olmaz: “ O, mənə demirdi ki, hərbidə qalacaq.Heç vaxt demirdi. Ancaq müəllimlərinə, sinif yoldaşlarına deyirdi ki, mən hərbiyə gedəndən sonra qayıtmayacam.Qalıb elimə-obama,vətənimə xidmət edəcəm. Son nəfəsimə kimi orda olacam. Hətta general sual verəndə bir oğulsan niyə gəlmisən?. O suala fikirləşmədən cavab verib ki, bir oğul vətənini sevmir?!.General ona təşəkkür etmişdir”.
Tez-tez ağır əməliyyatlarda olan Toğrul işdən məzuniyyət alan kimi kəndə gəlir, doğmalarını yada salır. Ən son görüşü ötən ilin martın 28- də, ən son danışığı isə aprelin birində olur. Şəhidin atası Habil Cəbiyev oğlunu sonuncu dəfə aprelin 28-də görür. Həyat dolu, mübariz oğul onlara söz verir ki, narahat olmasınlar. Tezliklə hər şey yaxşı olacaq. Ancaq bilmirdi ki, bir neçə gündən sonra onu ağır döyüş əməliyyatı gözləyir: “Toğrul ilə əlaqəmiz oldu ayın biri günü, günorta saat on ikinin yarısı idi. Anası ilə danışdı. Ayın ikisi günü zəng gəlmədi. Gözlədik üçü günü də xəbər çıxmadı . İş yoldaşları ilə əlaqə saxladıq. Onlardan evimizə gəlib gedəni vardı tanıdığım. Ən yaxın dostlarından biri dedi mənə onun şəhid olmasın. Ondan bir neçə gün keçdi Toğruldan xəbər çıxmadı. Aprelin doqquzu Toğrulun nəşi bizə verildi”
Toğrul Fərəczadə aprelin 1-dən 2-ə keçən gecə Tərtər-Ağdərə istiqamətində tapşırılan döyüş əməliyyatını yerinə yetirərkən minaya düşərək qəhrəmancasına şəhid olur. Doğmaları, yaxınları Toğrulun dəfn edildiyi Bico kənd qəbirstanlığındakı məzarına tez-tez baş çəkir, onu yad edir. Özü kimi, indi məzarlığı da yüksək bir təpənin üzərindədir. Məzarının üzərində isə canını yolunda fəda etdiyi üçrəngli bayrağımız dalğalanır. Onun ən yaxın həmsöhbəti olan əmisi, Qarabağ döyüşçüsü Qabil Cəbiyev deyir ki, Toğrulsuz hər keçən gün bizə çətin olsa da yeganə təsəllimiz onun vətənə, elinə qazandırdığı şücaət, əbədi yaşar qəhrəmanlığıdır: “ Döyüş əməliyyatlarında fərqlənməsinə görə medalları var onun. Uğurlarına görə alıb o medalları.Nə qədər döyüş tapşırığı verilib hamısından uğrula çıxıb gəlib Toğrul. Axırıncı dəfə Talış uğrunda gedən qanlı döyüşlərdə ermənilərin pilotsuz uçuş aparatını vurmuşdular. Onların bir neçə texnikasını zərərsizləşdirmişdilər.Yəni bu barədə məlumatımız var idi ki, onlar ağır döyüş yolu keçiblər. Ölüm xəbərini alandan dərhal sonra atası ilə birgə Gəncəyə, Goranboya, Tərtərə qədər gedib axtardıq. Tapa bilmədik. Atəşkəs elan olunduqdan sonra Qırmızı Xaç cəmiyyəti tərəfindən Toğrul döyüş meydanından götürülərək bizə təhvil verildi”.
Ölümündən iki ay sonra rayonun mərkəzi küçələrindən biri onun adını daşıyır. Həmin küçədə şəhidin adına bulaq da inşa etdirilib. Hərbi xidmətdə fərqlənməyə görə III dərəcəli medalla təltif edilib. Haqqında ”Daş Heykəlin Nağılı” adlı kitab nəşr edilib. 23 yaşında bu dünyanı subay tərk edən Toğruldan doğmalarına indi yadigar qalan sağlında çəkdirdiyi şəkillər, hərbi geyim və şəxsi əşyaların qorunub saxlandığı sevimli otağıdır. Onun isə adını yaşadan təkcə xoş xatirələr deyil, həm də dəfninin 3-ü günü dünyaya göz açan bacısı oğlu Toğrul Rzazadədir.
Qeyd: Düşmən unutmasın Toğrulumuz vətən uğrunda ölübsə, bu vətənin anaları yenidən dünyaya Toğrullar gətirəcək.Və bir gün bu Toğrullarımız şəhid qardaşlarının, bacılarının qisasını mütləq alacaq. O zaman şəhid ruhları öz məzarlarında rahat uyuyar. Ancaq biz də bir millət olaraq şəhid analarını, şəhid ailələrini diqqətdən kənarda saxlamamalıyıq. Onların maddi, mənəvi dəstəyə ehtiyacları var. Həm cəmiyyət, həm də dövlət səviyyəsində. Əks halda nə vətənpərvərlikdən, nə də şəhidlərimizdən pafos naminə danışmağa dəyməz. Elə Toğrul Fərəczadənin ailəsi də bu soyuq, laqeyd münasibətdən narazı idi. Odur ki, bu barədə mütləq düşünməyə dəyər!.
Günel İsayeva- Ağsu
Elimin igid oğlu şəhid Toğrul Fərəczadəyə ithaf edirəm
Vətənpərvər doğulmuşdu dünyada,
Əməlləri örnək idi hamıya.
Şan-şöhrət gətirdi elə-obaya,
Yoxluğu göynətdi bizi Toğrulun.
O, xalqımın igid, mərd əsgəriydi,
Döyüşə hamıdan öndə gedirdi.
Dü.mənləri bir anda məhv edirdi,
Şəhidlik oldu qisməti Toğrulun.
Vətən, torpaq deyib hey harayladı,
Vicdanı onu rahat buraxmadı.
Niyyət edib bir gün əhdinə çatdı,
Zirvəyə ucaldı adı Toğrulun.
Aprel döyüşləri son döyüş oldu,
Düşmənlərə ağır zərbələr vurdu.
O gün bütün dünya ayağa durdu,
Allaha qovuşdu ruhu Toğrulun.
Cahangir Ağsulu
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев