Adam var, mənliyi qəpiyə dəyməz,
Varlığı yox kimi, ölmüş biridir.
Adam var ölsə də, dəyəri itməz,
Əməli yaşayar, sanki, diridir!
Adam var məlhəmdi bir kəlmə sözü,
Amalı ədalət, məsləki haqdır.
Adam var tanımır doğrunu,düzü,
Niyyəti, əməli yalnız nahaqdır.
Adam var,gedəndə bir eldən gedir,
Hər kəsi yandırır, yeri görünür.
Adam var, bilmir ki, ləyaqət nədir,
Dik yerimir, ilan kimi sürünür.
Adam var, tərəzi dürüst vicdanı,
Çəkməsə, görməsə qərarın verməz.
Saf - çürük eləyər yaxşı, yamanı,
Haqlını qoruyar, nahaqqa girməz.
Adam var, bir qırıq adamlığı yox,
Yetimi daşlayar, yazığı əzər.
Vicdana söykənən bir varlığı yox,
Ortada bəslənib, qıraqda gəzər.
Xasiyyət müxtəlif, adamlar kimi,
Miskin o kəslər ki, vicdanın yeyib.
"Adam olmaq çətin, alim olmaqdan--"
Bunu mən demirəm, dədələr deyib.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев