Kəlbəcər ədəbi mühitində söz sahibi olub şeir yazmağın nə qədər ağır, məsuliyyətli olduğunu hələ körpəlikdən böyüklərimdən öyrənmişəm və yaddaşıma möhürlənib. Əgər Kəlbəcər ədəbi mühitində bir şəxsə Şair deyilirsə, onun qarşısında söz deməyin nə qədər ağır olduğunu bilirəm, hələ o ki, qaldı onun haqqında bir neçə kəlmə yazı yazasan... !
Haqqında bəhs edəcəyim insan Kəlbəcər ədəbi mühitinin ən layiqli davamçılarından biri, qələminin gücü ilə USTAD adını qazanan ŞAİR-PUBLİSİST, AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNİN ÜZVÜ..”QIZIL QƏLƏM” MÜKAFATI LAUREATI...,
İllərdi, elimlə birgə köçkünəm,
Dərd imkan verdimi danışam, dinəm?!
Kəlbəcər Kərbəlam, Məkkəm, Mədinəm,
Dəlidağ müqəddəs Mina dağımdı-
deyən YUSİF HÜSEYN OĞLU YUSİFOVDUR. Bu imza mənə çoxdan tanışdı, özünü tanımamış sözünü tanımışam, şeirlərini sevə-sevə oxumuşam. Xoşbəxt o insandır ki, şeirləri dillərdə gəzə, özündən öncə sözü tanına, oxucu özünü onun şeirlərində tapa bilə. Yusif Hüseyn də Allahın bu xoşbəxt bəndələrindəndir, Allah daha da xoşbəxtlik nəsib eləsin. Allah qismətidi, görüşümüz də olub, dost ünsiyyətimiz yaranıb. Şairin bir birindən maraqlı söhbətinə doyum olmur. Yusif Hüseyn Vətən vurğunu, el vurğunudur. Bununla qürur duyduğu gözlərində aydın göründüyü kimi şeirlərinə də yansıyır.
Kəlbəcər, ağrılı dünyamdı mənim,
Kəlbəcər, hər gecə röyamdı mənim,
Kəlbəcər dünyanın cənnət məkanı,
Kəlbəcər ismətim, həyamdı mənim.
Tanrı sizi bu ağrılı dünyada daha da ağrı çəkməyə düçar etməsin, röyalarınızın şirinliyi çin olsun, cənnət məkanınızın qoynunda ismətli, həyalı yaşamağı sizin kimi Vətən həsrəti çəkən insanlara çox görməsin, Şair, siz təkcə Yusif Hüseyn poezyasını işıqlandıran biri kimi yox, bütöv Kəlbəcər ədəbi mühitinin təbliğatçısı kimi böyüklüyünüzü sübut etmiş birisiz. Elə bu anda Şairin gözəl bir nəsihətini xatırladım və tamamını sizinlə bölüşmək istədim, dostlar.
VƏTƏNDİ, AY OĞUL, VƏTƏNDİ TORPAQ!
Obanın o başı, bu başı olur,
Yurdun məhək daşı, yurd daşı olur,
Hər qarışdan ötrü savaşı olur,
Yurdun hər bərəsi, hər bəndi- torpaq,
Vətəndi, ay oğul, vətəndi-torpaq!
Qılıncla qorudu Xətai yurdu,
Qılıncı zoruna dövlət də qurdu.
Qoruya bildinsə, gözünə nurdu,
Qoruya bilmədik, tükəndi –torpaq.
Vətəndi, ay oğul, vətəndi-torpaq!
Torpaq qorudunsa, papaq sənindi.
Yurdunda od sənin, ocaq sənindi.
Sonucda bir qarış torpaq sənindi,
Yaxşını, yamanı örtəndi, torpaq,
Vətəndi, ay oğul, vətəndi- torpaq!
İnsanın qəlbinin odu, ocağı,
Behiştin ünvanı- cənnət qucağı.
Cismin son gümanı, dayanacağı,
Şəhid ruhlarına kəfəndi-torpaq!
Vətəndi, ay oğul, vətəndi- torpaq!
Bir qarış torpaq da vətəndi, oğul,
Vətənin qeyrətin çəkəndi oğul !
Qoruya bilmədik beş kəndi, oğul,
Bizdən o zamandan küsəndi- torpaq!
Vətəndi, ay oğul, vətəndi- torpaq!
Yolunda oğul tək yarımadınsa,
Yurdunda qurd olub qarımadınsa,
Qanın bahasına qorumadınsa,
Yağı tapdağında itəndi-torpaq!
Vətəndi, ay oğul, vətəndi- torpaq!
Onun da canı var, canı insandı.
İliyi, damarı, qanı insandı.
Ay Yusif, ən böyük cani insandı,
Haqqın dərganında bədəndi- torpaq!
Vətəndi, ay oğul, vətəndi- torpaq!
Keçən günlərin birində Yusif müəllimin 16-cı kitabı olan "ÖMÜR NAĞIL İMİŞ" kitabı işıq üzü gördü. Aşıq Şəmşir mədəniyyət ocağının rəhbərliyinin təşəbbüsü ilə Beynəlxalq Mətbuat Mərkəzində kitabın təqdimat mərasimi keçirildi. Yusif müəllim çox xoşxasiyyət, el dilində desək çox həlim adamdı, dostun əziyyət çəkməsinə heç vaxt könlü razı olmaz. Təqdimat keçirilməmişdən günlər öncə telefon söhbətimiz olmuşdu, yol uzaqdı hamınızın öz işləriniz var, bir də Bakıya gəlməyin, onsuz da mən gələcəm Gəncəyə dedi. İndi bu qısa, kiçik ürək sözlərinin arasına bir təbrik də mən sığışdırım, sizi təbrik edirəm, uğurlarınız davamlı, ömrünüz uzun, canınız sağ olsun, Şair, yolunuzu gözləyirik, buyurun gəlin.Yusif müəllimə ünvanlı bir şeirlə sözümü yekunlaşdırıram, diqqət ayıranlara öz səmimi təşəkkürümü bildirirəm.
PİR OLMUŞ
Bir şair tanıdım, baha biçilməz,
Dünya kimi yerli-dibli sirr olmuş.
Kəlmələri ustalıqla oynadıb,
Hər misrası hər bəndində dür olmuş.
Doğruluqdu, düzgünlükdü amalı,
Ustadlığa yaraşıqdı kamalı.
Ürəyində Vətən boyda bir "xal"ı,
Dəli hicran gözlərində Kür olmuş.
Rəsul, demə gördüklərim yuxudu,
Saf könüldə dosta vəfa toxudu.
Dediyini işarədən oxudu,
Sözlərini göydə tutdu pir olmuş.
Könlündən keçən səmimi dost duyğularını vərəqlə bölən mən idim, Rəsul Murovdağlı.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 14