Dünyasını dəyişən dostların xatirəsinə
Qəfil yaxalayıb aparır bir-bir,
Bahalı dostları ucuz ölümlər.
"Sən Allah" anlamır, "mən ölüm" bilmir,
Dondurur həyatı bu buz ölümlər.
Dünən də bir dostu apardı əcəl,
Nə dərkə sığışır, nə qanmaq olmur.
Mərdtək güvəndiyin həyatın, di gəl,
Namərd olduğuna inanmaq olmur.
Kimsə axirəti yadına salmır,
İstər dəli olsun, istərsə dahi.
Aldığın nəfəs də ciyərdə qalmır,
Verdiyi canı da alır İlahi.
Bu dünya fanidi, həyat bir şahı,
Ölüm yaranışın gözündə ikən.
Hamı özgəsində gəzir gunahı,
Ən böyük günahlar özündə ikən.
Dost sözünü uda bilmirik hərdən,
Boğazımız yaman darısqal olur.
Üzüyünün qaşı düşür üzürdən,
Enib dəyərimiz bir misqal olur.
Zəhər dilimizə bir az bal çəkək,
Qəlbə toxunmayaq, ürək qırmayaq.
Beşgünlük dünyadı, xeyir dən əkək,
Bərəkət tapdayıb, çörək qırmayaq.
Həyatda gərəkdi dostun qanadı,
Nə olsun dəfnində dostlar bir yığın.
O getdi, Allahın dərgahındadı,
Nə üzrün xeyri var, nə peşmanlığın.
Dəyəri iki qoz dövlətin, varın,
Qaldırır insanın qəbir qiymətin.
Sizə qurban olum, gəlin dostların
Sağlığında bilək qədir- qiymətin...
Qəfil yaxalayıb aparır bir-bir,
Bahalı dostları ucuz ölümlər.
"Sən Allah" anlamır, "mən ölüm" bilmir,
Dondurur həyatı bu buz ölümlər...
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 4