Şeytanda günahı görməyək nahaq,
Min fitnə-fəsadı biz çıxartmışıq.
Çox çirkli işlərə imza ataraq,
Hər ocaq altından köz çıxartmışıq.
Saxta ritmlərlə döyünüb ürək,
Rəngimiz dəyişib buqələmuntək.
Düz olan kasıbı itələyərək,
Səhv olan varlını düz çıxartmışıq.
Yerini unutduq qış ilə yazın,
Önündə lal olduq neçə qanmazın,
Yoğun tərəfinə keçmişik pazın,
Sonra da bir müddət paz çıxartmışıq.
Pulla çarə tapıb çox ləkələrə,
Gözəlsən demişik neçə əntərə.
Namuslu adıyla vermişik ərə,
On ilin pozğunun qız çıxartmışıq.
Çirkli üzə sürtüb min cür ənliyi,
İtirmişik qalxa-qalxa mənliyi.
Peşə eyləmişik işverənliyi,
Təmiz işlərdən də toz çıxartmışıq.
Bölərək milləti sünnü-şiəyə,
Vətən torpağına çıxmadıq yiyə.
Dilimiz öyrəşib yalan deməyə,
Hər sözə neçə cür mız çıxartmışıq.
Qeyrət, qeyrət deyib gündə yüz kərə,
Torpağı satmışıq ermənilərə.
Ucalmalı ikən yüksəkliklərə,
Qartalın yerinə qaz çıxartmışıq.
Salmışıq tarixi yüz cürə kökə,
Neçə qəhrəmana atmışıq ləkə.
Yapışdırıb kafir adı Babəkə,
Xətaiyə başqa söz çıxartmışıq.
Xalqımın gözləri yola dikili,
Həsrətlə gözləyir boynu bükülü.
Milləti saymayır “millət vəkili”,
Qaş düzəldən yerdə göz çıxartmışıq.
Haqq olan işləri gördük tor kimi,
Çəkdik vəzifəyə axı gör kimi?
Dünyada tanındıq rüşvətxor kimi,
Bu yolda ad qoyub iz çıxartmışıq.
İtib abır, həya, qeyrət, arımız,
Mini geyib gəzir "qoca qarı"mız.
Şortikə çevrildi şalvarlarımız.
Cırıq şalvarlardan diz çıxartmışıq.
Gör necə yanıldıq, gör necə çaşdıq,
Dəyişib simanı silikonlaşdıq.
Guya müasirik, Avropalaşdıq,
Soyunun ! dedilər, tez çıxartmışıq.
Məddaha dönübdür televiziyalar,
Nə qədər qalmaqal ya şou olar?
Təbliğ olmalıykən raketlər, tanklar,
Reklama qadınçün bez çıxartmışıq.
Döyüş silahımız çəngəllə bıçaq,
Biz şirə dönmüşük içərkən araq.
Koroğlu, Nəbiyik demişik, ancaq,
Ortaya Həmzətək daz çıxartmışıq.
Ay Aqil Kəngərli, üzmə axına,
Mənliyinə kimsə qoyma toxuna.
Arxa çevirmişik dosta, yaxına,
Düşmənə çörəklə, duz çıxartmışıq.
AQİL KƏNGƏRLİ
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 1