Dağlara dəyməmiş günəşin nuru
Səhər yuxusundan oyanır çoban.
Yenə də bir ağlı-qaralı sürü
Silkinə-silkinə çıxır yataqdan.
Bürüyür yaylağı tütək sədası,
Sürü xumarlanıb otlağa gedir.
Qəlbində qəlb açan neyin havası-
Bir qız da tələsik bulağa gedir.
Şirin yuxusundan kim etmiş onu?
Sevginin sirrini duyar sevən kəs.
Məhəbbət yuxudan oyatmayanı
Top, tüfəng səsi də oyada bilməz.
Tütək dinən kimi yamacda, yalda
Hamıdan tez durub oyanır o qız.
Obadan bulağa-üç addım yolda
Bəlkə də yüz dəfə dayanır o qız.
Könül bu yerlərdə batarmı yasa?
Dərələr, təpələr çiçək-çiçəkdir.
Eh, bir də sevilən, sevən olmasa,
Daş-qaya ləl olsun, nəyə gərəkdir?
Yenə də dil açır o dilsiz tütək,
Bir qəlbin səsini gətirir səsi.
Qız da yeridikcə çiynində səhəng,
Qızarır yanağı, gülür çöhrəsi.
Bu səsə göy dalır, dağ qulaq asır,
Uçur hər tərəfə quşlar uzaqdan.
Nə çoban dincəlir, nə tütək susur,
Nə də qız yorulur su daşımaqdan.
1956. Məmməd Araz
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев