Gecə saat 3-də üç əsgərlə neytral ərazidə mövqe tutduq. Səhərə yaxın əməliyyat başladıq. Bu döyüşdə snayper də daxi olmaqla düşmənin 8 əsgəri məhv edildi. Düşmənin mövqe tutduğu strateji bir səngəri ələ keçirdik. Üç əsgərdən biri ən çox sevdiyim və cəsarətindən həmişə qürur duyduğum İsmayılov idi. Lənkərandan olan bu cəsur oğlan hər atışmada ən qaynar nöqtəyə can atardı. Biz postu alanda İsmayılov qəfil yıxıldı. Tez onu araya aldıq. Məlum oldu ki, döyüş zamanı sinəsindən güllə yarası alıb, amma düşmən tam məhv ediməyincə ayaqda durub və özünü səngərə çatdırıb. Sinəsini açdıq, al-qanın içində idi. Tez onu çiynimə alıb geri qaçmağa başladım ki, vaxtında həkimə çatdırıb xilas edək. Yolda onu yerə qoymağımı xahiş etdi:
- Komandir, məni yerə qoy, üşüyürəm, - dedi.
İsmayılovu yerə qoyub yaxasını açdım ki, rahat nəfəs ala bilsin.
Nəfəsi tıncıxmışdı, qan onu boğurdu. Birdən ağzını açıb nəsə demək istədi, səsi xırıldadı, deyə bilmədi. Sonra gülümsədi və gözlərini yumdu. Dizlərim büküldü, yerə çökdüm.
Yanımdakı əsgərə pıçıltı ilə: "İsmayılov şəhid oldu", - dedim.
Onun nəşini postumuza gətirəndə yolda hərbi hissənin komandiri zəng etdi:
- İsmayılovun atası gəlib, sabah ad günüdür. 7 günlük icazə istəyir. İstəyir ki, ad gününü evdə keçirsin. Onu yola sal, gəlsin, - deyə tapşırıq verdi.
- İsmayılov şəhid oldu, - komandir.
- Necə yəni? Nə cavab verim bu kişiyə?
Mən vəziyyəti izah etdim. Kombriq dedi ki, onda atasına özün de.
Bir az keçdi, zəng gəldi:
- Salam! Əsgər İsmayılovun atasıdır, komandir. Ona icazə verə bilərsinizmi?
- Hə, icazə verərəm, əmi. 7 günlük yox, həmişəlik, - deyə hönkürdüm.
Kişi dərindən nəfəs alıb susdu...
Mən hərbi hissəyə çatanda qanın içində idim. Hamı elə bildi ki, mən də yaralanmışam. Amma bu, İsmayılovun qanı idi... Oğlunun nəşini görən atanın isə gözlərindən yaş gilələnirdi. Şəhidin cənazəsini yola saldıq. 40 gündən sonra zəng gəldi ki, İsmayılovun atası gəlib. "Nəyə gəlib?", - deyə düşündüm.
O, yanıma gəldi. Son xahişə gəldiyini dedi:
- Komandir, bu, son xahişimdir. Məni oğlumun şəhid olduğu yerə apar. Biz onu İsmayılovun şəhid olduğu posta apardıq. Biz o posta İsmayılovun adını vermişdik...
- Burada son nəfəsini tapşırdı, əmi, - dedim.
Şəhidin atası əyilib oğlunun qanı axan torpağı öpməyə başladı. Üz-gözü az qala palçığa, toz-torpağa qarışmışdı. Bu, dəhşətli mənzərə idi: yerdə qan, göz yaşı və torpaq, göydə isə igid bir əsgərin savaş marşı oxuyan ruhu...
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 7