Nəql edirlər ki, o zaman ki, İmam Hüseyn (ə) Mədinədən Məkkəyə yollanır, Məkkə ilə Mədinə arasında yol çox yararsız olduğu üçün və İmam Hüseyn (ə) 50 dərəcədən çox istinin altında yol getdiyi üçün ayaqları zədələnir və Həzrət (ə) yeriməyə çətinlik çəkir. Ona görə də tərəfdaşları bu yolda çadır qururlar və İmama (ə) deyirlər ki, nə vaxt ayağınız sağalar, o vaxt da yola düzələrik. İmam (ə) tərəfdaşlarından birini çağırıb ona buyurur: "Sənə verdiyim ünvana get. Filan təpənin arxasında bir neçə çadırda yaşayan ərəblər vardır. Orada bir kişi bu səhranın bitkilərindən dərman hazırlayır. İrin üçün yaxşı təsir edir. Ancaq demə ki, kimin üçün bu dərmanı alırsan. Yoxsa dərmanın pulunu götürməyəcəkdir. Onlar səhrada yaşayanlardır. Çörəklərini bu yolla qazanırlar. Əgər dərmanı pulsuz və ya ucuz versələr, yaşayışlarına ziyan dəyər”.
Səhabə deyir: "Baş üstə”. Həzrətin (ə) buyurduğu ünvana gedir və həmin kişini tapır. Soruşur: "Filan dərmanın var?” Deyir: "Var, ancaq de görüm kimin üçün istəyirsən?”. Səhabə deyir: "Bu haqda soruşmağın düz deyil, dərmanı ver. Qiyməti nə qədər olsa, nağd verəcəyəm”. Deyir: "Yox, gərək deyəsən ki, kimin üçün istəyirsən?” Səhabə deyir: "Axı xəstənin adı sənin hansı dərdinə yarayır ki? Bizim xəstəmiz çadırdadır və ağrıyır, dərmanı ver”. Deyir: "Əgər deməsən ki, kimin üçün istəyirsən, dərmanı verməyəcəyəm”.
Axır bu Allah bəndəsi Həzrətin (ə) deməyinə baxmayaraq, deyir ki, dərmanı kimin üçün istəyir. Ancaq gərək deməzdi. Kişi deyir: "Dərmanı Zəhranın (s.ə) ciyərparəsı üçün istəyirsən? Sənə verməyəcəm, özüm gətirəcəyəm. Dərmanı öz əllərimlə Həzrətə verəcəyəm. İmam Hüseyn (ə) gəlib, bizim yerlərdən keçib və biz onu ziyarət etməyək? Mən indiyə qədər onu görməmişəm. Bu gözlər gərək Mövlama dəysin ki, Allah Qiyamət günü bu gözlərimə əzab verməsin.”
Bu qaradərili bir ərəb idi, kasıb adam idi. Ancaq çox mərifətli idi, dərmanı da götürüb, Həzrətin (ə) xeyməsinə gəlir. Deyir: "Ağacan, bu da dərman”. Həzrət (ə) buyurur: "Bu da dərmanın pulu”. Kişi dedi: "Bütün dünya sizə fəda olsun. Ya Allahın Rəsulunun (s) oğlu! Məndən bu pulu götürməyimi istəməyin”. Həzrət (ə) buyurdu: "Xeyr, biz heç bir şeyi havayı istəmirik”. Kişi dedi: "Əgər istəyirsinizsə havayı olmasın, arvadım doğum ağrısı keçirir, dua edin ki, o da, övladı da sağ və salamat olsunlar”. Həzrət (ə) buyurdu: "Dua edərəm, sən qayıtdığın zaman övladın sağlam dünyaya gəlmiş olacaq. Bil ki, bizim yanımızda olan dəftərdə övladının adı biz Əhli-Beyt (ə) davamçılarının siyahısında qeyd edilmişdir”.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 4