İmkan daxilində heyz olduğu günlər yaxalanmaları daha yaxşı olar. Heyz olan qadınlara bəzi şeylər qadağandır:
1. Namaz qılmaq: Qan göründüyü andan etibarən kəsiləcək anadək namaz qılmaq qadınlara haram sayılır. Bu namazların qəzası qılınmaz.
2. Oruc tutmaq: Heyz olmuş qadın namazda olduğu kimi, oruc da tuta bilməz, amma orucun qəzası tutulmalıdır.
3. Cildi olmayan Qurani Kərimə əl vurmaq və Quran oxumaq da bu dövrdə haram sayılır.
4. Məscidə girə bilmək.
5. Əri ilə cinsi əlaqədə olmaq.
6. Kəbəni təvaf etmək.
Bütün bunlar (heyz) aybaşı halında olan qadına haram sayılır. Lakin heyz olan qadına dua etmək, zikr edib qəbir ziyarətinə çıxmaq haram deyildir.
Unutma!Aybaşı bitdikdən sonra təxirə salmadan qüsl etmək lazımdır. Səbəbsiz olaraq qüslü təxirə salmaq günahdır.
Nifas (zahılıq)
Doğuşdan sonra qadın rəhmindən gələn qana nifas (zahılıq) qanı deyilir. Nifas qanının ən az müddəti yoxdur. Ən çox müddəti 40 gündür. 40 gündən sonra qan gələrsə, bu uşaqlıqdakı xəstəliklərlə bağlı gələn qan sayılır.
Nifas olan muddətdə qadın:
1. Namaz qılmamalı (qəzası da qılınmır)
2. Oruc tutmamalı (qəzası tutulur)
3. Cildi olmayan Qurana əl vurmaq, oxumaq olmaz.
4. Məscidə girməməli.
5. Kəbəni təvaf etməməli.
6. Əri ilə cinsi əlaqədə olmamalıdır.
Bunlar hamısı zahılıq halında olan qadınlara haramdır. Lakin heyz olan qadınlar kimi, nifas halında olan qadın da dua, zikr edib qəbir ziyarətinə çıxa bilər. Nifas qanı kəsildikdən sonra üzürlü bir səbəb olmadan qüslü gecikdirmək olmaz. Heyz və nifas qanı xaricində qadının usaqlığından xəstəlik nəticəsində gələn qana istihazə qanı deyilir. Bu qan yalnız dəstəmazı pozar. İstihazə halında olan qadın sadəcə dəstəmazını təmizləməklə kifayətlənər. Namazına da, orucuna da normal şəkildə davam edə bilər.
Diqqət:
1. 9 yaşından əvvəl gələn qan.
2. 55 yaşından sonra gələn qan.
3. Hamiləlik müddətində gələn qan.
4. Heyz günlərində: 3 gündən az, 10 gündən çox gələn qan.
5. Nifas zamanı, 40 gündən sonra gələn qan xəstəlik (istihazə) qanı sayılır.
Qüslün şərtləri
* Qüsl almadan əvvəl ayaqyoluna getməli.
* Üzük, sırğa və bilərzik varsa, çıxarılmalı.
* Qüsl alınacaq yerə girərək beldən aşağı nahiyəni örtməli.
* Sünnət və məhrəm yerləri təmizləməli.
* Qoltuq altında və qasıqda tüklər varsa, təmizləməli.
Bundan sonra isə aşağıdakı şəkildə qüslə başlamaq lazımdır:
Əuzu billəhi minəş-şeytanir-rəcim
Bismilləhi-Rəhmanir-Rahim
Niyyət etdim, Allah rizası üçün qüsl almağa.(Allahümə tahhir qalbi va cismi minəl cənabəti val-kərahəti,yəni “Allahım, qəlbimi və cismimi cünubluq və pis şeylərdən təmizlə” deyərək dua edə bilərsən.)
Əllərini biləklər də daxil olmaqla 3 dəfə yu. (Protez dişlər varsa, onlar çıxarılmalıdır). Daha sonra sağ ovcunu su ilə doldurub ağzına apar. Boğazını da isladaraq 3 dəfə qarqara et. Bu fərzdır. Oruc olduğun zaman suyu udmamaq üçün çox ehtiyatlı ol. Sağ ovcuna yenidən su doldurub burnuna çək. Buna istinşaf deyilir. Suyun burnunun dibinə qədər getməsinə çalış. Daha sonra sol əlinlə burnunu təmizlə. Bunu da eyni şəkildə 3 dəfə təkrarla. Fərzdır. Bunun ardınca sağ çiynindən aşağıya doğru su tök. Bədənini ovuşdura-ovuşdura yu. 3 dəfə eyni şeyi təkrar etdikdən sonra sol çiynindən aşağıya eyni qayda ilə su tök. Ən axırda isə ayaqlarını yu.
Beləliklə, qüsl bitmiş sayılır. Qüsldən sonra kəlimeyi-şəhadət oxumaq sünnətdir. Səhihi Müslimin təharət bəhsində rəvayət olunan bir hədisdə Allah Rəsulu (sav) belə buyurur: “Sizdən biri nöqsansız dəstəmaz alıb “Əşhədu ən la ilahə illallah və əşhədu ənnə Muhəmmədən abduhu va rasuluh” – deyərsə, ona cənnətin səkkiz qapısı açılar, istədiyi qapıdan girsin.”
Diqqət:
Qüsl alarkən saçların dibinədək islanmasına diqqət yetirmək lazımdır. Sırğa, bilərzik, üzük və s. bəzək əşyalarını çıxarmadan qüsl alan zaman, onların altını islatmaq vacibdir. Dırnaqların altındakı çirk təmizlənməli, xüsusən də qadınlar dırnaqlarına sürtdükləri dırnaq boyası və dodaqlarına sürtdükləri dodaq boyasını silməlidirlər. Çətin olduğunu nəzərə alaraq uzun hörüklü qadınlar hər dəfə qüsl aldıqları zaman hörüklərini islatmadan sadəcə başlarını yumaqla kifayətlənə bilərlər.
Qeyd :
* Qüsl alan zaman dişlərin arasında yemək qırıntıları qalmamalıdır. Qüsldən sonra dişlərin arasında yemək qırıntısı qaldığını bilsən, dərhal təmizlə və ağzını yaxala.
* Qüsl zamanı suyu israf etmə.
* İmkan daxilində çalış ki, arxa hissən qiblə istiqamətinə düşməsin.
* Qüsl aldığın yeri ayaqyolu kimi istifadə etmə.
* Əgər qüsl etdikdən sonra qeyri-ixtiyari məni (sperma) xaric olarsa, qüsl pozulmuş sayılır. Təkrar qüsl almaq lazımdır!
Qüsl etmək üçün su yoxdursa, təyəmmüm edilir. Bütün bədəni suda islatmaq şərti ilə dənizə girib-çıxmaq da qüsl sayılır. Lakin bu zaman ağzına və burnuna su almağı unutma.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев