Qarşıdan qədim və milli bayramımız olan Novruz
gəlməkdədir. Bineyi-qədimdən Novruz bayramını
bolluq, bərəkət, firavanlıq simvolu kimi qarşılayaraq
əzizləyiblər. Xalq deyimlərində qış əsasən üç çillədən
ibarətdir. Deyilənlərə görə, birinci - Böyük Çillə qışın
başlanğıcından fevralın əvvəlinədək olan günlərdən ibarətdir. Böyük Çillənin yarısı sayılan və qışın "Oğlan
çağı" adlanan Kiçik Çillə isə fevralın iki ongünlüyüdür. Kiçik Çillə
bitəndən sonra Novruz bayramınacan olan vaxta isə
Boz ay deyirlər. Ayın belə adlanması onun buludlu,
yağışlı, küləkli, bir sözlə, dəyişkən olması ilə bağlıdır. Bu bayramdan öncə dörd çərşənbə axşamı qeyd
edilir. Nadir baş verən hadisədir ki, bu il
çərşənbələrin ikisi fevral ayına, ikisi də marta düşür. Etiqada görə, Novruza qədər olan İlaxır
çərşənbələrinin hər birinin özünəməxsus ayin və
mərasimləri var. Ona görə də həmişə bu çərşənbələri
bayram kimi keçirər, xüsusi süfrə açar, şadyanalıq
edərlər. Təbiətin dörd mühüm ünsürü ilə bağlı olan
bu İlaxır çərşənbələrinin sırası belədir: Su, Od, Külək (Hava, Yel), Torpaq. Novruzun müqəddəs çərşənbələrindən birincisi Su
çərşənbəsi adlanır. Buna el arasında "Əzəl çərşənbə",
"Gözəl çərşənbə", "Gül çərşənbə", "Sular Novruzu"
da deyilir. Bu il Su çərşənbəsi fevralın 25-nə düşür.
İnama görə, həmin gün sular təzələnir. Gün
doğmazdan öncə kənd yerlərində insanlar bulaq üstünə gedər, əl-üzünü yuyar, bir-birinin üzünə su
çiləyər, su üstündən atlanar, evə su gətirərək həmin
sudan çay qoyarlar. Deyilənə görə, Su çərşənbəsi günü su üstündən
keçənlər azar-bezardan uzaq olarlar. Hətta
söyləyirlər ki, Su çərşənbəsi günü bulaqların şəfası
da artar. Bəlkə də buna görə ta qədimlərdə insanlar
həmin gün su kənarında, bulaq başında, çay
qırağında su çağıran, onun gözəlliyini, qüdrətini, müqəddəsliyini tərənnüm edən nəğmələr
oxuyardılar. Suyun saflığına qoşulan nəğmələrin,
bayatıların, deyilən müdrik fikirlərin, atalar
sözlərinin, lətifələrin, tapmacaların, bilməcələrin sayı-
hesabı yoxdur. Əziz oxucular, elimizin gözəli, süfrəmizin bəzəyi,
dörd çərşənbənin əzəli olan Su çərşənbəniz
mübarək olsun! Atalar əbəs yerə onu Novruz
çərşənbələrinin gözəli adlandırmayıblar. Biləsiniz ki,
bu çərşənbədə yuxuda su görmək, dəryada üzmək,
dənizə düşmək, çaydan keçmək, ümmanlarda qərq olmaq aydınlıqdır. Belə xeyirli yuxular, xoş yozumlu
röyalar, günəşli səhərlər arzulayırıq sizlərə!
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев