Sevgilim, diqqət elə, nə xoş səhərdir, bu səhər.
Göy üzü parıldayır,elə bil zərdir bu səhər.
Köhnə il qaldı geri,yeni ilin ilk günüdür,
Qızılgül qönçəsitək təzədir, tərdir bu səhər.
Yanvar ayının biridir, şaxtalı bir qış günüdür,
Yanıram hicran ilə, yaydan betərdir bu səhər.
Həsrətinin soyuğu dondurub, ey gülüm, məni
Məncə buz bağlamamaq,böyük hünərdir bu səhər.
Düzdür, təbrik eylədin,sən beş-üç kəlmən ilə,
Yenə arzum,diləyim, dünya qədərdir bu səhər.
Bayramı qeyd eyləyib,yatdı hamı mışıl-mışıl,
Səninçün oyaq qalan bircə nəfərdir bu səhər.
Bunca saf məhəbbətə dəyər vermədin nə üçün?
Axı önündə duran hansı çəpərdir bu səhər?!
Gözəlim, qəmdə qoyma mənim kimi aşiqini,
Bir cavab söylə bilim,xeyir, ya şərdir bu səhər.
Müəllif: Atbaz Əfqan
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев