dünyasını dəyişən həyat yoldaşına həsr
etdiyi məktub ürək dağlayır. Məktub
sosial şəbəkələrdə paylaşılır və çoxsaylı
şərhlər yazılır. Sağlığında həyat yoldaşına
zülmlər edən kişinin peşmançılığı məktubda əks olunub. Məktubu təqdim
edirik: "Məzarının baş ucunda
oturmuşam... Çoxdan oturmuşam.
Soyuqdur. Donmuşam deyəsən.
Tərpənmək istəmirəm. Başdaşındakı
şəklinə baxıram. Gülümsəyirsən, amma bəbəklərinə hopub bədbəxtliyin. Bu şəkli
mən çəkmişdim. Fotoaparat hədiyyə
olunan gün. Mənim səndən milyon dəfə
çox dəyər verdiyim qadınlardan biri
bağışlamışdı onu. Çox sevinirdin-çünki
ilk dəfə idi sənə "gəl, şəklini çəkim” demişdim. Yüyürüb saçlarını qaydaya
saldın, paltarını dəyişdin. Mən isə
qışqırdım: "Tez ol! Yoxsa çəkməyəcəm”.
Bu sevinci də sənə çox gördüm. Gözlərin
doldu. Vecimə də olmadı. Şəklini çəkdim.
Sən bilmədin niyə. Sadəcə gülümsədin- axı şəkil çəkəndə hamı gülümsəyir. Necə
mənasızdır. Fotoaparatı qurdalamaq
üçün çəkdiyim o şəklin surətini
çıxartdırıb gətirincə min dəfə yalvartdım
səni... Külək əsir. Evə getmək istəmirəm.
Səndən daha çox vaxt ayırdığım, uğrunda sağa-sola pul xərclədiklərimi də
daha görmək istəmirəm, başımın tacı...
Başımın tacı???!! Görəsən bunu son dəfə
nə vaxt demişəm sənə? Deyəsən heç
vaxt…. Bunu demək üçün ölmənimi
gözlədim?! Amma sən çox dedin... Səni həmişə ən axırıncı yerə qoydum. Məndən
"böyüklərə” deyə bilmədiklərimi sənə
dedim, üzünə tüpürmək istədiyim
əclaflara vura bilmədiyim şillələri sənə
vurdum, bütün günü süni təbəssümlə,
hamıya xoş gəlim deyə üzümə taxdığım "mədəni insan” maskasını təkcə sənin
önündə çıxartdım. Düçar olduğum
uğursuzluqların acığını səndən çıxdım,
adını "kişini kişi eləyən arvadıdır”
qoydum. Həmkarlarımın ayağımın altını
qazımasının, vəzifəsi məndən üstün olanların təhqir və hədələrini udub-udub
evdə sənin üstünə qusdum. Adını "ərkim
çatır” qoydum. Kişiliyimi təkcə sənə
sübut etməyə çalışdım. Vuran əlimin,
deyən dilimin olduğunu qüdrətli, ağıllı,
sözükeçən olduğumu təkcə sənin yanında göstərə bildim. Sənə gözəl
sözlər deməyi çoxdan tərgitdim, adını
"bu, əttökənlikdir” qoydum. Amma
internetdə, işdə, orda-burda qadınlara
bol- bol xoş söz dedim. Nömrəsini oğlan
adı ilə qeyd etdiklərimə gecə tualetə girib, romantik sms-lər yazdım. Sonra
onların başqalarının maşınından
boylanan başlarını gördüm. Adını
"xəyanət” qoydum. Məndən əvvəl üzü
onlarla üz görmüşlərdən vəfa umdum.
İçdim,içdim... Evə gələndə sənin mehriban üzünü gördüm. Ürəyim
birtəhər oldu. Varlığına şükr etdim-
gizlincə. Səhəri gün isə unutdum.
Ehtiyaclarını qorxa-qorxa dedin. Hər şeyə
deyindim. Göz yaşların yanaqlarını
islatmağa başlayanda "bayquş, yenə də başladın” dedim. Əl qaldırdım sənə.
Hönkür-hönkür ağlatdım səni. Ağlamağı
da çox gördüm. "Başımı yeyən” bu
qadını qarşıma çıxartdığı üçün Allaha
üsyan etdim. Evə getmək istəmirəm... En
böyük qəbirstanlıq evimizdədir. O evin hər şeyi sən imişsən. Qabları yumaq-
faciə imiş. Oğlumuzun çoxlu suallarına
cavab verməkkk...Əzizim.... Mən isə elə
bilirdim təkcə çörək qazanan əziyyət
çəkir!! Evə gələndə mənim
yorğunluğumu sən çıxarırdın, bəs sənin qayğına kim qaldı, ay yazıq??!! Dünən ən
sevdiyim köynəyimi yumaq istədim. Nə
qədər əzyiyyət çəkdim, ləkəsi getmədi.
Ütü isə lap zülm imiş. Heç vaxt sənin
səliqəylə ütülədiyin köynəkləri geyinəndə
minnətdar olmadım. Onlara başqa qadınların ətirini, kirşanını hopduranda
vicdanım sızlamadı, sadəcə beynimdə
növbəti yalanın mətnini düşündüm. Sən
bunu bildin, amma üzümə vurmadın...
Sevdiyim yeməkləri bişirməkdən heç
yorulmadın. Mənsə təşəkkür etməyi ağlımdan belə keçirmədim. Həmişə
yedim, doydum və sadəcə gəyirdim.
Əllərinə qurban olum, həyatımın dəyəri!
Kaş sağ olaydın, bir quru çörəyi gətirib
qoyardın qabağıma. Milyon dəfə
əllərindən öpüb "çox sağ ol” deyərdim.... Yatağıma girmək istəmirəm gecələr. O
yataq sənə qadınlığını unutdurdu.
Həmişə təkcə özümün nə istədiyim
mənim üçün vacib oldu. Sənin nə hiss
etdiyi heç ağlıma da gətirmədim. Ya
arxamı çevirib yatdım, ya da "başım ağrıdı”. Mən səninlə bəyənmədənmi
evlənmişdim? Yox. Oğlumuzu dünyaya
gətirəndən sonra sallanan qarnından
diksinənə qədər səni bəyəndim. Sən
gündüzləri ayaqlarını divanın altına
keçirib, yerdə uzanaraq idman etdin ki, formaya düşəsən, xoşuma gələsən. Mən
isə səni ələ salıb, mənliyini qırdım. Sən
diqqətimi çəkmək üçün tv-dəki qadın
proqramlarından öyrəndiklərini etdin,
mən səni lağa qoydum. Sən bunlara necə
dözdünnn?? Niyə dözdün? İt kimi peşmanam. Kaş indi olaydın yanımda.
Yerdə diz üstə çöküb oğlumuzu
bətnində daşıyarkən damarları partlamış
o ayaqlarından öpərdim. Mənə övlad
bəxş etdiyin üçün milyon dəfə sənə
təşəkkür edərdim... Oğlumuz...Onun hər əziyyətini sən çəkdin. Əlində işlərin bir-
birinə qarışanda, yemək ocaqda
yananda, uşaq durmadan ağlayanda
ancaq qışqırmağı bildim. Sənə kömək
etməyi, qızarmış kotleti tavada çevirməyi,
ya da balamızın qusub-batırdığı köynəyini dəyişməyi yaxınıma belə
buraxmadım. Adını qoydum "mən
kişiyəm”. Gecələri səhərə qədər oğlumuz
ağladı, sən yatmadın, mən isə "kəs də o
...... səsini” dedim. Amma başqa vaxt ağız
dolusu "Mənim oğlum!” dedim. Çiyinlərimdə oturub günahlarımı yazan
mələk ağırlıq edir, savablarımın yazılmalı
olduğu çiynim torpağa basılır..Kaş
torpağa girəydim elə indi. Sənin yanında
uzanaydım, illərlə sığal çəkmədiyim
saçlarını tumarlayardım. Aman Allah, yəni bu, doğurdan mümkün deyil?!!! Bu
saniyə səni görməsəm, dəli olacam! Kaş
bu, bir yuxu olaydı, sən sağ çıxaydın o
dəhşətli qəzadan. Niyə mən
düşünmədim ki, yoxluğun bu boyda
boşluq yaradar həyatımda? Bəlkə də varlığının doldurduğu yerin böyüklüyü
hiss etmədiyim üçün. Kaş sağlığında
bunları dərk edəydim... İndi çox gecdir.
İçimdə- vicdansız ürəyimin boşluğunda
külək uluyur…Və mən yetim qalmışam-
qadından yetim...
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев