İki məskunlaşma dövrü keçən bir kəndin
maraq və heyrət dolu tarixi...
Son vaxtlar istər Azərbaycanda, istərsə də Azərbaycandan kənarda Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndi haqda geniş məqalələr, kitablar yazılır. Daha çox Şahtaxtıdan çıxan tanınmış şəxslərin özləri, ata- babaları barədə xatirə üslubunda yazılan bu məqalə və kitablarda, təəssüf ki, əksər məqamlarda kəndin özünün tarixi və adının mənşəyi ilə bağlı doğru olmayan, səthi xarakterli mülahizələr üzərində dayanılır, tədqiqatçıları yanlış istiqamətə yönəldən fikirlərə rəvac verilir. Halbuki, Azərbaycanın elmi-mədəni, ictimai-siyasi həyatında fövqəladə rol oynayan şəxsiyyətlər yetişdirməsiylə diqqət çəkən bu kənd həm də Naxçıvanın mühüm tarixi hadisələrə şahidlik edən ən qədim yaşayış məskənlərindən biri olub. Elə məhz qədim ənənələrə, deməli, həm də sağlam kökə, özülə sahibliyi səbəbindəndir ki, Şahtaxtı kəndinin adı Azərbaycanın, o cümlədən onun ayrılmaz hissəsi olan Naxçıvanın tarixində silinməz izlər qoyan yurd yeri kimi indi də seçilir, fərqlənir. Araşdırmalar göstərir ki, tarixən bu kənd Naxçıvandan İrana, İrandan Naxçıvana gedib-gələn qədim karvan yolunun üzərində yerləşən əsas məntəqələrdən sayılıb. Üzərində taxta və dəmir körpülər tikilənədək, at və dəvə karvanları Araz çayının məhz bu hissəsindən – indiki Şahtaxtı kəndinin cənubundan suyu rahat şəkildə adlaya bilir, o tay-bu taya keçirdilər. Kəndin yaşlı nəsil nümayəndələrinin söylədiklərinə görə, Türkiyənin Bingöl dağlarından, təxminən, 3 min metr yüksəklikdən başlayan Araz çayının suyu Şahtaxtının cənubundan keçən hissəsində aramlaşar, xüsusən yay və payızın ilk ayında isə heç atların dizlərinə də çatmazmış. Şahtaxtının ibtidai insanların məskən saldığı ən qədim yaşayış məntəqələrindən biri olması ehtimalı hələ 1936-cı ildə arxeoloq Ə. Ələkbərov tərəfindən aparılan arxeoloji qazıntılar zamanı konkret dəlil-sübutlarla da təsdiqini tapıb. Qazıntılar zamanı tapılan Tunc dövrünün müxtəlif mərhələlərinə aid maddi mədəniyyət nümunələrini analiz edən alimlər bu qənaətə gəliblər ki, Şahtaxtı hələ b.e.ə. VI-IV minilliklərdən başlayaraq, intensiv istifadə olunan, e.ə. II minillikdən isə ətrafı qala divarlarıyla möhkəmləndirilmiş yaşayış məskəni olub. Qeyd edək ki, həm 1936-cı ildə, həm də ondan sonrakı illərdə aparılan tədqiqat və qazıntılar barədə istər elmi ədəbiyyatda, istərsə də son dövrkü kitab və məqalələrdə geniş bəhs edildiyindən, təkrarçılığa yol verməmək məqsədiylə biz bu haqda danışmayacağıq. Çünki Şahtaxtıdan bəhs edən əksər yazıların girişi, demək olar ki, Azərbaycan Sovet Ensiklopediyasının X cildində və Naxçıvan Ensiklopediyasında bu kəndlə bağlı əks olunmuş fikirlərin təkrarından başqa yeni bir şey deyil. Bizim üzərində dayanmaq istədiyimiz məsələ isə daha çox «Şahtaxtı» adının mənşəyi və bu kəndin əsasını qoyan tayfalarla bağlıdır.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев