Və Cadunu, göz dəyməyi aradan aparmağın yolları. Və Mələklər haqqında. Və Qərbin nəzərində Hz. Zeynəb (s.ə)nın hikmətli və hökmlü çıxışı. Və İmam Hüseyn (ə)ın qatillərindən - Übeydullah ibn Ziyadın aqibəti. Və İman gətirənlər üçün əsas axirətdir. Və Bəhlul Danəndə tarixi şəxsiyyətdir və ibrətamiz hekayəlrindən.
“Sehr həqiqətdir və Allahın izni ilə təsir edər. Nə zaman səni sehrləsələr, əllərini üzünün qarşısında qaldır və bu duanı oxu".
Allah-taala azad işlərin müqəddimələri üçün də xüsusi şərtlər təyin etmişdir
Sual: “İnsan ixtiyar sahibi olmağa məcburdur!” - müddəsı barədə nəzəriniz nədir?
Biz Allahın təyin etdiyi qəzavü-qədərə və qismətə inanırıq; yəni ölçü, yaxud əşya üçün ölçü və miqdar təyini. Allahın müəyyən etdiyi təqdir məxluqların idarə olunmasından ibarətdir. Belə ki, təqdir fenomenlərə təsirlidir və bu, təbii olaraq hər hansı bir fenomenin uzaq və yaxın olmasını nəzərə almaqla bir-birindən seçiləcəkdir. Necə ki cins, növ, şəxs və şəxsin halətləri də bir-birindən fərqlənəcəkdir. Məsələn, insanın ümumi təqdiri və taleyi yer üzündə müəyyən bir vaxta qədər həyat sürməsidir. Hər bir şəxsin təqdirlərindən biri bundan ibarətdir ki, ata və ana vasitəsilə dünyaya göz açsın. Eləcə də, insanın ruzisində, həyat problemlərində və ixtiyari işlərində təqdir onların hər biri üçün xüsusi şəraitin yaranmasından ibarətdir. Həqiqətdə, Allahın müəyyən etdiyi təqdir və qismətin mənası budur ki, Allah-taala hər hansı bir məxluqu zəruri xüsusiyyətləri, şəraiti, ölçünü, qeyri-şərti, həddi-hüdudu və istedadları nəzərə alaraq vücuda gətirir.
(“Fürqan” surəsi, ayə 2; “Qəmər” surəsi, ayə 49; “Yasin” surəsi, ayə 38; “Muminun” surəsi, ayə 18; “Əla” surəsi, ayə 3)
Bu təqdir insanın ixtiyarı ilə heç bir ziddiyyət təşkil etmir. Çünki bizim ixtiyar sahibi olmağımız, ixtiyari olaraq yerinə yetirdiyimiz əməllər və ixtiyari işlərimizin müqəddimələri hər hansı bir varlığın özünəməxsus dairədən gerçəkləşməsinə bənzəyir. Bu da Allahın müəyyən etdiyi təqdirdir. Məsələn, (ixtiyari əməl sayılan) danışıq mütləq özünəməxsus gerçəkləşməli və danışıq forması almalıdır. Buna görə də, Allah-taala nəfəs borularını, qırtlağı, səs tellərini, dili, dişləri və dodaqları yaratmış, bu üzvləri (azad əməl sayılan) danışığın gerçəkləşməsi üçün müəyyən etmişdir.
Allah-taala azad işlərin müqəddimələri üçün də xüsusi şərtlər təyin etmişdir. Məsələn, insanın qidalanması üçün bədəndə bəzi üzvlər yaratmış və onların funksiyalarını müəyyən etmişdir. İnsanın qidalanmasında bəzi üzvlər mühüm rol oynayır. Əgər bu bədən üzvləri olmasa, azad əməl sayılan qidalanma prosesi gerçəkləşməz.
Ümumiyyətlə, Allah-taalanın bu qəbil təqdirlə bağlı müəyyən etdiyi bütün işlər məcburidir, insanın iradə azadlığı onda heç bir rol oynamır. Bədən üzvlərimiz bizə məcburi verilmişdir. Bədənimizdə hansı üzvün olub-olmamasında heç bir ixtiyarımız yoxdur və bu işə qüdrətimiz çatmır. Bəli, azad əməllərin müqəddimləri məcburi olaraq yaranmışdır (əgər bu müqəddimələr olmasaydı, ixtiyari əməllər həyata keçməzdi).
Allah-taala müəyyən etdiyi təqdirlə insanın yaşayışı üçün bəzi çərçivələr qərar vermişdir. Bizə məcburi olaraq əta olunan fəaliyyət onun daxilində yerinə yetirilir. Biz bu çərçivə daxilində ixtiyar sahibi olur, istədiyimiz işi görə bilərik. Lakin ona tabe olub-olmamaq bizim ixtiyarımızdan xaricdir.
Başqa sözlə, bütün azad işlərin müqəddimələri və onların həyata keçirən hissələr (məsələn, bədən üzvləri) - varlıq aləminin tələbinə görə - Allahın müəyyən etdiyi təqdir əsasında məcburdur. Lakin həmin müqəddimələrdən necə istifadə etmək bizim öz ixtiyarımızdadır.
Cadunu, göz dəyməyi aradan aparmağın yolları
Bunu qeyd etmək lazımdır ki, insanın bu dünyadakı bütün çətinliklərini və ya hacətlərinin yerinə yetməməsini sehr və cadunun üzərinə atmaq olmaz. Çünki bu iş bəhanə olaraq, aqibətin xeyirli olmasına mane olan amillərdəndir. Çünki insan o zaman müvəffəqiyyət qazanar ki, səy edər və imanlı olar.
Sehr və cadunu aradan qaldırmağın bir çox yolları vardır ki, onlardan bəzisinə işarə edək:
1. Muhəmməd ibni İsa nəql edir ki, İmam Rza (ə)dan sehr barəsində soruşdum,
İmam Rza (ə) buyurdu:
- “Sehr həqiqətdir və Allahın izni ilə təsir edər. Nə zaman səni sehrləsələr, əllərini üzünün qarşısında qaldır və bu duanı oxu:
“بِسْمِ اللَّهِ الْعَظِیمِ بِسْمِ اللَّهِ الْعَظِیمِ
رَبِّ الْعَرْشِ الْعَظِیمِ إِلَّا ذَهَبَتْ وَ انْقَرَضَت؛
Hədisi nəql edən İmama (ə) sual verir ki, bəs göz dəymək həqiqətdirmi?
İmam (ə) buyurur:
- “Bəli, əgər sənə göz dəysə, əllərinin içini gözünün qarşısında qərar ver və “Həmd” (“Fatihə”), “Tövhid” (“İxlas”), “Nas, “Fələq” surələrini oxu və hər iki əlini üzünə çək. Allah səni ziyandan qoruyacaqdır”.
2. O kəs ki, sehr olunmuşdur, gərək yanında bu ayələri gözdirsin.
“Yunus” surəsi, ayə 81
“Əraf” surəsi, ayə 117-119
3. Bu ayə sehr olunmuş insana 7 dəfə oxunmalıdır:
“Qəsəs” surəsi, ayə 35
4. Sehrdən Allaha pənah aparmaq və yardım istəmək lazımdır.
Mələklər haqqında.
Bizim hislərimiz bütün gerçəkliyi əks etdirmir. Mələklər gözlə görünməsələr də, onların varlığı gerçəkdir. Allah Quranda, Peyğəmbər isə hədislərdə mələklərin varlığını bildirmiş və onlara imana çağırmışlar. Nurdan yaradılmış mələklər Allahın əmrindən çıxmır, gecə-gündüz Ona həmd-səna edir, Onu uca tuturlar. Onlar yeyib-içmir, evlənmir, çoxalmır, ölmürlər.
Quranda və hədislərdə Vəhy mələyi Cəbrayıl,
Təbiət hadisələrini idarə edən Mikayıl,
Şeypurunu çalmaqla qiyamətin qopduğunu xəbər verəcək İsrafil,
Ölüm mələyi Əzrayıl,
Cənnət mələklərinin başçısı Rizvan,
Cəhənnəm mələklərinin başçısı Malik,
İnsanın yaxşı əməllərini yazmaq üçün sağ çiynində, pis əməllərini yazmaq üçün sol çiynində oturmuş iki həfəzə mələk, öldükdən sonra qəbirdə insanı bu dünyada gördüyü işlər barədə sorğu-sual edəcək Nəkir - Münkər haqqında müəyyən bilklər verilir.
Cinlər oddan yaradılmışlar, yeyib-içir, evlənir , doğulub-törəyir, ölürlər.
Şeytan da mələkdir - oddan yaradılmışdır, uzun müddət Allaha ixlaskar ibadət və itaət etmiş. Amma Allahın Adəmə səcdə etmək barədə mələklərə verdiyi əmrə tabe olmamış, asillik etmişdir. Asilliyi üstündə Allahın mərhəmətindən uzaqlaşdırılmış şeytan Adəm və Həvvanı qadağan olunmuş əbədilik ağacının meyvəsindən yeməyə tovlamış,lənətlənərək onlarla birlikdə cənnətdən qovulmuşdur.And içmişdir ki, insanları hər vasitə ilə yoldan çıxartmağa çalışacaqdır. Allah buna izin vermiş, ancaq bildirmişdir ki, Allahın yolu ilə gedənlərə şeytanın gücü çatmaz.
Qərbin nəzərində Hz. Zeynəb (s.ə)nın hikmətli və hökmlü çıxışı.
1944-cü ildə Eduard adlı ingilis yazıçı milyonluq nəşr ilə çap olunan ən məşhur qəzetlərdə bir məqaləsini yerləşdirərək uzun bir yazıya malik bu məqaləsində fikirlərini bu cür açıqlayır:
"Biz müsəlmanların bütün tarixi kitablarını dəqiqliklə araşdırdıq və sonda bir şey nəzərimizi cəlb etdi və başladıq tapdığımız o şeydən qorxmağa.
Tapdığımız Zeynəb adında bir qadındır. Bu qadın Yezid kimi nəhəng bir şahın taxtını laxladıb, məhv elədi. Özü də sözü ilə! Bu necə ola bilər? Çox təəccüblüdür. Bir qadın bu işi necə edə bilib?
İncə və zəif bir varlıq bu çətin işi axı necə edə bildi?
Biz avropalılar indiki yaşam tərzimizə baxdıqda görürük ki, tam Yezid kimi yaşayırıq. Biz avropalılar gecələr pozğunluq mərkəzlərində, barlarda əyyaşlıq edirik və Yezid də tam bizim kimi olubdur. Sonda isə bu Zeynəb ortalığa çıxıb, onun taxtını yelə verdi. Axı bu necə ola bilər?!!
Bu qadın çox təhlükəlidir! Gərək hər bir Zeynəbi öldürək, yoxsa bizim ərşimizi onun düşüncəsini daşıyan kəslər aradan aparacaq!
Çalışın o qadının düşüncələrini müsəlmanların zehnindən siləsiniz, yoxsa o qadın və ona bənzərlər biz avropalılar üçün böyük bir təhlükə törədəcək!
Müsəlman kişilərə siz heç vaxt meydanda güc gələ bilməzsiniz. Çalışın o kişiləri qadınların vasitəsilə yollarından və əqidələrindən döndərəsiniz. Bunu ancaq bu yolla edə bilərsiniz:
Müsəlman qadınını yalnız gözəllik nümunəsi kimi cilvələndirin və onun müsəlman cəmiyyətinin tərbiyəsində rol oynadığını müsəlmanların yaddaşından çıxarın. Qadınları şəhvət, ləzzət və moda nümunəsi bilməlidirlər. Belə olduğu halda, müsəlman kişisinin zehni şəhvətlə məşğul olacaq və bizim taxtımız möhkəmlənəcək. Əgər Zeynəb düşüncəsinə malik qadınlar müsəlman aləmindən silinməsə, onda işimiz çətin olacaq!
Əgər ərşimizin həmişəlik olmasını istəyirsinizsə, hər bir Zeynəbi öldürməlisiniz, gərək bu ad ölə və unudula. Müsəlmanlar o qadını tanımamalıdır!
Çalışın, müsəlman aləmində televiziya, radio, media və müxtəlif kanallar vasitəsilə pozğun, açıq-saçıq səhnələrə malik veriliş və filmlər hazırlayasınız. Bütün bunları edəndən sonra müsəlman aləmini öz əsarətinizə almağınız muştuluğunu tezliklə mənə verin!".
İmam Hüseyn (ə)ın qatillərindən - Übeydullah ibn Ziyadın aqibəti.
Kərbəla faciəsinin qanlı cinayətkarlarından biri də Übeydullah ibn Ziyaddır. Onun atası Ziyad hicrətin birinci ilində və ya Bədr döyüşü baş verən gündə anadan olmuşdur. Atasının kimliyi mübahisə obyektidir.
Camaat onu Übeyd Səqəfinin oğlu kimi qəbul edirdi. Amma Əbu Süfyan həmişə iddia edirdi ki, Ziyadın əsl atası odur. Elə buna görə hicri 44-cü ildə Müaviyə ibn Əbu Süfyan Ziyadı rəsmən öz qardaşı adlandırmış və bu barədə hər yerə car çəkdirmişdi.
Ziyad xəlifə Ömər ibn Xəttab tərəfindən Bəsrə valisinə köməkçi göndərildi, əvvəlcə Müğeyrə ibn Şöbənin, daha sonra Əbu Musa Əşərinin katibi və Bəsrə beytül-malının xəzinədarı oldu. İmam Əli ibn Əbu Talib (ə) onu Fars vilayətinin valisi təyin etdi. Ziyad o həzrətin şəhadətinə kimi səbrlə dözdü və Əhli-beyt (ə) tərəfdarlarına qarşı ürəyindəki kin-küdurəti aşkara çıxarmadı.
İmam Əli (ə)ın şəhadətindən sonra Ziyad Müaviyənin tərəfinə keçdi. Müaviyə onu öz qardaşı adlandırdıqdan sonra İraqın ixtiyarını ona verdi, daha sonra Xorasan və Fars vilayətlərinin hakimliyini də ona həvalə etdi. Ziyad bu yerlərdə çox zülmlər törətdi, yüzlərlə Əhli-beyt (ə) tərəfdarını sürgün etdi, bəzilərini qətlə yetrdi. Ziyadın zülmü o yerə çatdı ki, camaat İmam Həsənə (ə) ondan şikayət etdi. İmamın duası ilə Ziyadın bir əlinin baş barmağında şiş əmələ gəldi, şiş getdikcə böyüyüb boynuna kimi yayıldı, nəhayət, hicri 53-cü ildə Ziyad bu xəstəlikdən öldü.
Ziyadın oğlu Übeydullah atasından sonra Müaviyənin əmri ilə əvvəlcə Xorasan vilayətinə vali təyin olundu. İki ildən sonra Müaviyə Bəsrə şəhərini ona təslim etdi. Übeydullah da atası kimi Əhli-beytin (ə) qatı düşməni idi. İraqda bir neçə məscid tikdirib, bu məscidlərin minbərindən Həzrət Əliyə (ə) lənət oxutdururdu. Onun xəbisliyinin səbəbini əsl-nəcabətində axtarmaq lazımdır. Übeydullahın anası Mərcanə adlı kəniz idi və əxlaqsızlıqda ad çıxarmışdı. Hətta Həzrət Zeynəb Kufədə söylədiyi xütbədə Übeydullahı "yəbnə Mərcanə" (ey Mərcanənin oğlu) adlandırmışdı ki, bu da ərəblərdə böyük rüsvayçılıq və təhqir sayılır.
İmam Hüseyn (ə) əmisi oğlu Müslim ibn Əqili kufəlilərin dəvəti ilə bu şəhərə göndərəndən sonra xəfiyyələr Yezidə məktub yazdılar ki, Kufə valisi Nöman ibn Bəşir süst davranır, şəhərə nəzarət edə bilmir və tezliklə Müslim bütün Kufənin ixtiyarını ələ alıb Hüseyni (ə) bura çağıracaq. Ona görə də Yezid Nömanı vəzifəsindən azad edib, o zamanlar Bəsrə valisi olan Übeydullahı həm də Kufə şəhərinə vali təyin etdi.
Übeydullah Kufəyə girəndən sonra qısa müddət ərzində şəhəri özünə tabe etməyə nail oldu. Müslimə beyət edənlər dağıdıldı, Müslim tək qalıb ələ keçirildi və qətlə yetirildi. İbn Ziyadın başçılığı altında toplanmış qoşun Ömər ibn Səd ibn Əbu Vəqqasın bilavasitə rəhbərliyi ilə İmam Hüseynin (ə) üzərinə yola düşdü və Kərbəla səhrasında məlum faciə baş verdi. Döyüş əməliyyatına Kufədən nəzarət və rəhbərlik edən Übeydullah ibn Ziyad bu faciənin əsas səbəbkarlarından biridir.
Əsir düşmüş Əhli-beyt (ə) üzvləri min-bir əziyyətlə Kufəyə – İbn Ziyadın sarayına gətirildilər. İbn Ziyad burada İmam Hüseynin (ə) kəsik başını çubuqla vurub təhqir etdi, əsirlərin qarşısında öz qələbəsi ilə öyündü. Amma Həzrət Zeynəbin və İmam Zeynül-abidinin (ə) parlaq xütbələri İbn Ziyadın çirkin simasını faş etdi, onun mənfur və xəbis niyyətini bütün şəhər əhalisinin gözləri qarşısında sərgilədi.
Kərbəla faciəsindən sonra İbn Ziyad Əməvi hökumətinə daha bir neçə dəfə xidmət göstərdi. Yezidin ölümündən və vəliəhd Ikinci Yezidin hakimiyyətdən imtina etməsindən sonra yaranmış qarışıqlıq fonunda Übeydullah əvvəlcə xilafət tacını ələ keçirmək istədi. Amma məqsədinə çata bilməyəcəyini anlayanda İraq torpaqlarını buraxıb Şama qaçdı. Burada ustalıqla manevr edib Mərvan ibn Həkəmin hakimiyyətə gəlməsinə şərait yaratdı. Daha sonra İmam Hüseynin (ə) intiqamını almaq şüarı altında qiyam qaldırmış təvvabın (tövbə edənlər) hərəkatını darmadağın edib, minlərlə Əhli-beyt (ə) tərəfdarını qanına boyadı. Nəhayət, Əməvi xəlifəsi Əbdülməlik ibn Mərvanın əmri ilə Muxtarın üzərinə qoşun çəkdi. Hicri 67-ci ildə tərəflər arasında baş vermiş şiddətli döyüşdə Muxtarın qoşununa başçılıq edən Ibrahim ibn Malik Əştər Übeydullah ibn Ziyadı qılıncla iki yerə bölüb cəhənnəmə vasil etdi.
İmam Əli (ə)ın oğlu Məhəmməd ibn Hənəfiyyəyə yolladı. Mühəmməd başı görəndə şükr səcdəsi etdi, sonra onu Mədinəyə - İmam Zeynül-abidin (ə)a göndərdi. Übeydullahın başını İmam Zeynül-abidinin (ə) hüzuruna gətirəndə o həzrət yemək yeyirmiş. İmam qalxıb şükr səcdəsi etdi, sonra buyurdu:
- "Atamın kəsik başını Übeydullahın hüzuruna gətirəndə o, süfrə arxasında oturub yemək yeyirdi. O zaman Allaha dua etdim ki, eyni vəziyyətdə intiqamımı alana kimi mənə ömür versin. İndi duam yerinə yetdi".
Bəzi rəvayətlərə görə, Muxtar kəlləni aparan adama tapşırmışdı ki, İmam yemək yeyəndə Onun hüzuruna daxil olsun. İmam Zeynül-abidin (ə) hər gün günorta vaxtı iri süfrə açıb ehsan verərdi. Həmin gün camaat ehsana toplaşanda qasid gəlib Übeydullahın kəsik başını təhvil verdi.
Deyirlər ki, Übeydullahın kəlləsini Muxtarın yanında yerə qoyan kimi iri bir ilan gəlib onun ağzından girdi və burun dəliyindən çıxdı, bu hadisə bir neçə dəfə təkrar oldu.
Salnamələrdə yazılıb ki, İmam Hüseynin (ə) şəhadətindən sonra Əhli-beyt (ə) matəm saxlayırdı. Bəni-Haşim qadınları gözlərinə sürmə çəkmir, saçlarına həna qoymurdular. Bu, Übeydullahın qətl xəbəri gəlib-çatana kimi davam etdi, yalnız bundan sonra Əhli-beyt (ə) üzvləri matəmdən çıxdılar.
İman gətirənlər üçün əsas axirətdir.
Rəbbimizin də bildirdiyi kimi, saleh möminlər üçün Allah qatında olanlar dünyəvi dəyərlərdən daha xeyirlidir. İman gətirənlər mallarını və canlarını Allah yolunda satmışlar. Allah yolunda xidmətlərində heç bir şərt güdməzlər. Bu, möminlərin sevinc və şərəf duyduqları bir vəziyyətdir. Çünki iman gətirənlər üçün əsas axirətdir. İnananlar dünya həyatının keçici bir məkan olduğunu, hər kəsin qədərdə təyin olunan vaxt gəldiyində öləcəyini və təkbaşına hesab verəcəyini bilir və buna görə hərəkət edirlər. Bu səbəbdən, möminlərin yaşadıqları bu həyat bir-birlərilə müjdələşmələrini tələb edən bir gözəllikdir. Uca Allah bir Quran ayəsində belə buyurmuşdur:
Quran: "Doğrudan da, Allah möminlərdən Cənnət müqabilində onların canlarını və mallarını satın almışdır. (Çünki) onlar Allah yolunda vuruşub öldürür və öldürülürlər. (Bu, Allahın) Tövratda, İncildə və Quranda Öz öhdəsinə götürdüyü bir vəddir. Allahdan daha yaxşı əhdini yerinə yetirən kimdir? Elə isə sövdələşdiyiniz alış-verişə görə sevinin. Məhz bu böyük uğurdur".
Tövbə surəsi, ayə 111
Bəhlul Danəndə tarixi şəxsiyyətdir və ibrətamiz hekayəlrindən.
Müsəlman Şərq xalqlarının şifahi ədəbiyyatında Molla Nəsrəddinlə yanaşı çox məşhur obrazlardan biri də Bəhlul sayılır. Şərq ölkələrində, xüsusilə, Azərbaycanda Bəhlulu “danəndə” (bilici) və “divanə” (ağlını itirmiş) ləqəbi ilə tanıyırlar. Amma bəlkə də çoxları bilmir ki, Bəhlul həm də konkret tarixi şəxsiyyətdir.
Bəhlulun adını mənbələrdə adətən Bühlul şəklində qeyd etmişlər. Bu adın mənası ərəb dilindən tərcümədə “çox gülən adam” və ya “müsbət xüsusiyyətlərin sahibi olan başçı” mənalarını verir. Bəhlulun künyəsi Əbu Vüheyb, atasının adı Əmr (və ya Ömər) imiş. Hicri II əsrdə (miladi VIII əsr) İraqda yaşamış, Abbasi xəlifəsi Harun ər-Rəşidlə müasir olmuşdur. Bəzi kitablarda onu Harun ər-Rəşidin qardaşı və ya əmisi oğlu kimi də təqdim edirlər ki, bu məlumatın doğruluğu şübhə altındadır. Çünki bu halda Bəhlulu Haşimi və ya Abbasi nəsəbi ilə xatırlayardılar; halbuki onun nəsəbi Seyrəfi və ya Sufi imiş. Üstəlik, Harunun qardaşları və ya əmiləri arasında Əmr (və ya Ömər) adlı birisinə rast gəlmirik.
Bəhlulun təvəllüd tarixi məlum deyil. Kufədə doğulub boya-başa çatdığı, sonra Bağdada köçüb burada yaşadığı və hicri 190-cı (miladi 806-cı) ildə dünyasını dəyişdiyi yazılıb. İmam Cəfər Sadiqdən (ə) və İmam Musa Kazimdən (ə) dərs almış, onların tərəfdarlarından olmuşdur. Müxtəlif mənbələrdə Bəhlulun xeyli hikmətli kəlamları, şeirləri, alimlərlə elmi mübahisələri qeyd edilib. Amma onu tarixdə məşhur edən məzəli və ibrətamiz lətifələrdir.
Bəhlul öz zəmanəsinin ən böyük alimlərindən idi, xalq arasında hörməti vardı. Abbasi xəlifəsi Harun ər-Rəşid onu Bağdad şəhərinin baş qazisi təyin etmək istəyirdi. Amma Bəhlul zalım xəlifənin əyanları cərgəsinə qoşulmağı qəbul etmək fikrində deyildi. O, anlayırdı ki, əgər qazilik təklifini qəbul etsə, hökumətin diqtəsi ilə hərəkət etməli, ədaləti pozmalı, hökm verərkən saraydan gələn sifarişləri nəzərə almalı olacaq. Ona görə də Bəhlul qazilik təklifini rədd etdi. Harun ər-Rəşid bununla razılaşmayanda Bəhlul söylədi: “Mən özümü bu vəzifəyə layiq görmürəm. Burada iki ehtimal mümkündür. Ya mən həqiqətən doğru deyirəm və bu halda doğrudan da qaziliyi qəbul etməməliyəm. Ya da da mən yalan danışıram və bu halda yalançı olduğum üçün qaziliyə ləyaqətim yoxdur”.
Harun Bəhlulun sözləri ilə razılaşmadı, hətta onu ölümlə təhdid edib, əmrinə tabe olmasını istədi. Onda Bəhlul fikirləşmək üçün xəlifədən bir gün möhlət aldı. Həmin gün İmam Musa Kazimə (ə) xəbər göndərib, Ondan məsləhət umdu. İmam Bəhlula məsləhət gördü ki, sənin özünü dəliliyə vurmaqdan başqa çarən yoxdur.
Ertəsi gün xəlifəyə xəbər gətirirlər ki, Bəhlul Bağdad bazarında qarğı at minib sürür, dəlilərə xas olan sözlər danışır. Harun ər-Rəşid Bəhlulun bu hərəkətinin səbəbini anlasa da, heç nə edə bilmir və ondan əlini üzməli olur.
Beləliklə, Bəhlul həm xəlifənin təklifindən canını qurtarır, həm də öz haqq sözlərini qorxusuz söyləmək imkanı qazanır. Artıq hamı onu dəli kimi qəbul edirdi. Islam şəriətinə görə isə, ağlını itirmiş adam hətta günah etsə belə, ona cəza verilməz.
Bəzi kitablarda yazılıb ki, Harun zindanda olan İmam Musa Kazimi (ə) şəhadətə çatdırmaq üçün böyük fəqihlərdən fətva tələb edir. Bəhlul isə bu fətvaya imza atmamaq üçün özünü dəliliyə vurmaqdın başqa çıxış yolu görmür. Qeyd edək ki, Əhli-beyt tərəfdarlarının xilas olmaq naminə özlərini ağılsız kimi göstərmələri halları bundan əvvəl də mövcud olmuşdur. Vaxtilə İmam Mühəmməd Baqirin (ə) səhabəsi Cabir ibn Yezid Cüfi Əməvilərin əleyhinə Kufədə təbliğat aparır, Əhli-beytin fəzilətlərini xalq arasında yayırdı. Bu üzdən Əməvi xəlifəsi Hişam ibn Əbdülməlik Cabiri öldürmək qərarına gəlir. Amma İmam Baqir (ə) Cabirə vaxtında xəbər yollayıb tapşırır ki, özünü ağlı çaşmış kimi göstərsin. Bu yolla Cabir xəlifənin cəzasından nicat tapır. Bir müddətdən sonra təhlükə ötüşür və Cabir yenə özünü əvvəlki kimi aparmaqda davam edir. Bəhlul isə daha ciddi nəzarət altında olduğu üçün ömrünün sonuna kimi özünü məcnun (ağlını itirmiş) kimi göstərməyə məcbur olur.
Qeyd etdiyimiz kimi mənbələrdə Bəhlulun əks mövqedə duran alimlərlə bir neçə elmi mübahisəsi təsvir edilib ki, bu mübahisələrin hamısı Bəhlulun parlaq qələbəsi ilə başa çatıb. Bunlardan birini diqqətinizə təqdim edirik.
Bir gün Bəhlul eşidir ki, bir nəfər özünü alim sayan şəxs İmam Cəfər Sadiqin (ə) təbliğ etdiyi və əqidə əsaslarına aid olan üç fikri düzgün saymır və bunları qəbul etmədiyini söyləyir:
- “Birincisi, Cəfər Sadiq deyir ki, İblis cin tayfasından imiş, cinlər isə alovdan yaranıblar. Elə isə qiyamətdə Allah onu cəhənnəm alovu ilə necə yandıracaq? Axı, alov alovu yandırmaz. İkincisi, Cəfər Sadiq deyir ki, Allah gözlə görünməz. Gözlə görünməyən bir şeyin varlığına necə inanaq? Üçüncüsü, Cəfər Sadiq deyir ki, hər kəs öz əməlinə cavabdehdir. Əgər dünyada hər şeyin xaliqi Allahdırsa, deməli, hər bir günahın və savabın da səbəbkarı Allahdır. Elə isə cənnət və cəhənnəm nə üçündür?”
Bəhlul bir ağac budağı götürüb həmin alimlə görüşməyə gedir. Üz-üzə gələndə budağı alimin başına vurur. Qəzəblənmiş alim Bəhlulu məhkəməyə verəcəyi ilə hədələyir. Bəhlul Danəndə isə heç nə olmamış kimi söyləyir:
- “Mən sənə neyləmişəm ki? Əvvəla, mən sənin başına budaqla vursam belə, sənə ziyan dəyə bilməz. Çünki sən də torpaqdan yaradılmısan, ağac da. Necə ola bilər ki, torpaqdan yaranan bir şey torpaqdan yaranan başqa bir şeyi incitsin? İkincisi, mənə başındakı ağrını göstər ki, sözünə inanım. Axı, gözlə görünməyən bir şeyə inanmazlar. Nəhayət, üçüncüsü, mən səni vursam belə, özümü təqsirkar saymıram. Çünki yaxşını da, pisi də edən Allahdır. Elə isə mənim nə günahım var?” Əks tərəf Bəhlulun sözləri qarşısında cavab verməyib susur.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев