Allah qeyrətli bəndələrini sevər. Və Ölüm- Son yoxsa başlanğıc? Və İmam Hüseyn (ə) Qurani-Kərimə hansı cəhətləri ilə bənzəyir? Və Cərcis peyğəmbərin (ə) kafir əmirə cavabı. Və Qeyb zamanı bu duanı çox oxu. Və Hökmüdarla keşişin söhbəti.
"Dəyyus o kəsə deyirlər ki, çox qeyrətsizdir. Məhrəmlərinin pis yola getməsinin qarşısını almır".
İnsanın din, abır, ailəsi, malı qarşısındakı vəzifəsi - onları qorumaq və hifz etməkdir.
“And olsun Allaha ki, Əbu-Taliboğlunun ölümə rəğbəti (yəni özü) körpənin anasının sinəsinə rəğbətindən çoxdur”.
"İbn-Mülcəm onu mehrabda zərbətləyərkən İmam bu ifadəni işlətdi: “And olsun Kəbənin rəbbinə nicat tapdım”.
Qeyrət və mərdlik imanlı kişi və qadınların ən bariz sifətlərindəndir.
Hz. Peyğəmbər (s): “Qeyrət - imanın əlamətindəndir”.
Rəsuli-Əkrəm (s): “Hz. İbrahimin (ə) atası qeyrətli idi və mən ondan daha qeyrətliyəm. O mömin ki, qeyrətli olmaz, Allah onun burnunu yerə vurar”. (Yəni, onu xar və zəlil edər).
Həzrət Rəsul (s) başqa yerdə buyurur: “Allah qeyrətli bəndələrini sevər”.
Qeyrətsizlik - o rəzil sifətlərdəndir ki, bu gün ona çox rast gəlməkdəyik. Allah Təala qeyrət sifətini insanın fitrətinə qoymuşdur ki, qorumalı olanları qoruya bilsin. Buraya din, abır, şərəf, namus, mal, övlad, həyat yoldaşı və s. daxildir. Qeyrətli olmağın nəticəsi - şücaət və izzətli olmaqdır.
Mərhum Nəraqi yazır: “Qeyrətsizlik: dini, abırı, övladı, malı müdafiə etməkdə səhlənkarlıq etməkdən ibarətdir. Bu, böyük xəstəlik və xəbis sifətdir”.
Hz. Peyğəmbər (s): “Əgər kişi öz evində iffətə zidd olan bir şey görsə və qeyrətə gəlməsə, iman ruhu ondan ayrılar. Mələklər onu dəyyus adlandırar”.
Dəyyus o kəsə deyirlər ki, çox qeyrətsizdir. Məhrəmlərinin pis yola getməsinin qarşısını almır.
Hz. Peyğəmbər (s): “Qeyrətsiz insanın ürəyi alt-üstdür”. (Yəni, insanlığın əksinə olan adətləri və xasiyyətləri vardır).
Qeyrətsizliyə səbəb olan amillər.
Bu rəzil sifətə səbəb olan ən mühüm amil - insanın özünü dəyərsiz hesab etməsi və şəxsiyyətinin zəif olmasıdır. Bu cür insan dinin və ürfün vacib buyurduqlarını müdafiə edə bilməz.
Başqa bir səbəb insanın ğinaya - haram müsiqiyə çox qulaq asmasıdır. Bu, kişini qeyrətsiz, qadını həyasız edər.
Qeyrətsiz insan bu rəzil sifətindən narahat olmaq yerinə, razılıq hissi duyar. Əksinə, başqalarını da ona təşviq edər. Bu çağırışını mədəniyyət və tərəqqi etmək bəhanəsi ilə bağlayar.
Qeyrət öz həddində qəbul olunandır. Əgər həddini aşarsa və ya əksinə səhlənkarlıq edilərsə, məzəmmət olunar. Əgər həddini aşarsa, bədgümanlıq olar.
Hz. Peyğəmbər (s): “Qeyrətin bəzi növü vardır ki, Allah və Rəsulu onu düşmən bilir və o budur ki, kişi səbəb olmadan və yersiz yerə öz ailəsinə qeyrət göstərər”.
Hz. Əli (ə): “Xanımına çoxlu qeyrət göstərmə ki, sənin bədgümanlıq hədəfinə səbəb olar”.
İnsan Allahın ona verdiyi nemətlər qarşısında məsuldur. İnsanın din, abır, ailəsi, malı qarşısındakı vəzifəsi - onları qorumaq və hifz etməkdir. Əgər səhlənkarlıq edərsə, həm ailəsi və həm də cəmiyyət üçün pis nəticələr gətirər.
Ölüm- Son yoxsa başlanğıc?
Ölüm insanın qaça və inkar edə bilmədiyi həqiqətlərdəndir. Elm adamları tarix boyu ölümə müxtəlif açıqlamalar vermişlər. Biz ölümü din alimlərinin nəzəri ilə qiymətləndirib, onun həqiqətindən xəbərdar ola bilərik. Peyğəmbər (s) və məsum imamlar ölümə aşağıdakı formalarda açıqlama vermişlər;
İmam Hadi (ə) buyurur: “Ölüm insan üçün onu müxtəlif çirk və aludəliklərdən paklayan hamam kimidir”.
Yorğun iş rejimi keçən xüsusilə tozlu-torpaqlı məkanda çalışan fəhlə üçün işdən sonra ən önəm verdiyi məqam hamam qəbul etmək, toz-torpaqdan, tərdən və s. aludəliklərdən paklanmaqdır. Bir ömür həyat aludəliklərinə bulaşan şəxs üçün də ölüm hamam kimi paklayıcıdır.
İmam Səccad (ə): “Ölüm mömin üçün köhnə libasları soyunub təzə və təmiz paltar geymək kimidir”.
Ölüm həqiqətən mömin bəndə üçün köhnə, çirkli paltarı çıxarib, əl-ayağından ağır zəncirləri açıb əvəzində isə yeni, ətirli, rahat paltar geyməyə, rahat miniyə süvar olmağa bənzəyir.
Amma kafir üçün isə bunun tam əksidir. Yəni, kafir üçün ölüm bahalı, təmtəraqlı libasları çıxarıb yerinə yun, insana əziyyət edən libası geyməyə, böyük əzaba daxil olmağa bənzəyir.
İmam Cavad (ə): “Ölümə hazır şəxs üçün ölümün faydası dərmanın xəstəyə faydasından çoxdur.
Uşaq xəstələnərkən sağalması üçün faydalı olan dərmanları qəbul etməkdən necə imtina edirsə, eləcə də insan ölümdən çəkinir. Halbuki ölümə özünü hazırlayan şəxs üçün (yəni axirət sorğu-sualına hazır olan mömin üçün) ölümün faydası dərmanın xəstəyə faydasından artıqdır.
İmam Hüseyn (ə): “Ölüm körpü kimidir. İnsan onun vasitəsilə çətinlik və problemlərdən yaxa qutarır”.
İmam Hüseyn (ə) Aşura günü ölümdən qorxmurdu. Hətta öz səhabələrinə buyururdu: “Ey mənim həvadarlarım! Səbr edin! Çünki ölüm sizi çətinliklərdən, problemlərdən keçirən, onlardan uzaqlaşdıran vasitədir. Bəs hansı biriniz zindandan saraya daxil olmaq istəmir? Amma düşmənləriniz üçün əksinədir. Onlar ölməklə qəsrdən zindana daxil olacaqlar”.
İmam Baqir (ə): “Ölüm hər gecə sorağınıza gələn yuxu kimidir”.
İmam Baqir (ə): “Ölüm hər gecə sorağınıza gələn yuxudur. Lakin insanın bir daha oyanmayacağı ən uzun yuxudur”.
Yuxuda olan yaxşı və pərişan yuxular görür. Yuxudan ayılarkən əgər yuxusu yaxşı yuxudursa ayıldığına təəssüf edir. Yox əgər kabus görürsə ayıldığına və bunun yuxu olduğuna sevinir. Ölümdə bu cəhətdən yuxu kimidir. Amma ölümün yuxu ilə fərqi onun daimi olmasındadır. Yəni dünyasını dəyişən şəxs ya daimi kabus ya da şirin yuxu görür.
Hz. Peyğəmbəri (s): “Ölüm bir evdən digər evə köçmək kimidir”.
Digər bir hədisdə isə belə buyurur: “Sizlər fəna üçün deyil bəlkə bəqa (əbədiyyət) üçün yaradılmısınız”.
Deməli, ölüm insanı fani dünyadan əbədi axirətə köçürən bir vasitədir.
Bəzən də ölüm yuxudan, qəflətdən ayılmaq kimi tanıtdırılır;
İslam Peyğəmbəri (s): “İnsanlar yuxudadırlar. Öləndən sonra isə ayılacaqlar”.
İmam Əli (ə): “Hər bir evin qapısı vardır. Axirət evinində qapısı ölümdür”.
İmam Əli (ə) məntiqli şəkildə ölümü qapıya bənzədir. Çünki Quran və sünnədən aydın olur ki, insan axirət üçün, əbədiyyət üçün, dünya isə imtahan, keçid üçün yaradılmışdır. Deməli, dünyadan axirətə bir keçid, bir qapı, bir yol olması zəruridir. İmam Əlidə (ə) bunu ölümlə əlaqələndirir.
Bəs niyə ölümdən qorxuruq?
Təbii ki, bütün insanlar deyil bəlkə əksər insanlar ölümdən qorxur. Bunu da elm adamları bir neçə amillə əlaqələndirirlər.
Ölümün həqiqətini bilməmək. Misal üçün, daim dağ zirvələrinin fəthi ilə məşğul olan alpinist növbəti dağa qalxarkən onun aqibətindən, hansı nöqtəyə qalxmaqdan xəbərdardır. Lakin ilk dəfə dağ zirvəsinə qalxmaq istəyən nəticənin necə olacağını bilmədiyindən həyəcan və qorxu keçirdir. Hədislərin birində isə belə deyilir: “İnsan bilmədiyi şeyin düşmənidir. İnsanda ölümə tanış olmadığından onla üzləşməkdən çəkinir, qorxur.
Keçmişdə atılan səhv addımlar, edilən xətalar və günahlar insanı ölümdən qorxmağa vadar edir. Adətən ahıl yaşına yəni ömrünün son baharını yaşayan şəxslər ölümün iyi burunlarına dəydiyi üçün həyəcan keçirirlər. Cavanlıqda ləzzətlərə qərq olaraq atdığı yanlış addımlar indi onu düşünməyə sövq edir. Görəsən günahlarıma görə mənimlə necə rəftar edəcəklər? Məni hara göndərəcəklər? Bu kimi suallar insanda ölümə qarşı ikrah və qorxu yaradır.
Quran: “De: “Ey yəhudilər, əgər belə hesab edirsinizsə ki, başqa insanlar deyil, siz Allah dostlarısınız, əgər düz danışırsınızsa (onda Allahdan) ölüm diləyin (ki, dostunuzun rəhmət və nemətinə nail olasınız) Halbuki onlar öz əlləri ilə törədib öncədən göndərdikləri şeyə görə əsla ölümü arzulamazlar və Allah zalımları(n halını) biləndir".
“Cümə” surəsi, ayə 6-7
Həqiqətdə insan ölümdən yox ölümdən sonrakı aqibətdən qorxur. Yəni, axirət evini abadlaşdırmayanlar adətən ölümdən qorxur. Necə ki, insan geniş, böyük evdən uçuq, xaraq daxmaya köçmək istəmir eləcə də dünyadan axirətə (yəni dünya nemətlərində qərq olub halal-harama, günaha-savaba riayət etməyən şəxs axirətdəki cəhənnəmə) köçmək istəmir.
Ölümdən sonrakı aqibətdə insanda ölümə qarşı qorxu yaradır. Burda isə insan məhz ölümdən deyil sonrakı hadisələrdən qorxur, çəkinir. Çünki orda onu xoş sayılan heçnə gözləmir.
Bir nəfər İslam Peyğəmbərinin (s) yanına gəlib soruşdu:
- “Niyə ölümdən acığım gəlir?”
Peyğəmbər (s) isə cavabında buyurdu:
- “Çünki xeyir əməllərdən axirət dünyasına göndərməmisən”.
Digər səbəb isə insanın ətrafına bağlılığıdır. İnsan bəzən bir şeyə bir kəsə o qədər bağlanır ki, özünü onsuz təsəvvür etmir. Bağlandığı şəxs və ya şeylə əlaqəsinin kəsilməsini isə ən böyük müsibət, bədbəxtlik hesab edir.
Dünyasını dəyişən şəxsdə sevdiklərindən ayrılmaq, onlardan uzaq düşmək məcburiyyətindədir. Bu halda ölümdən qorxması, ondan çəkinməsi təbiidir. Lakin mömin bəndənin axirətdə sevdikləri ilə görüşmək, onlara qovuşmaq şansı vardır. Kafir bəndə isə bunlardan məhrumdur.
İmam Kazım (ə): “Ölüm kafiri nemətlərdən ayrı salır”.
Lakin bu iki amili qismən və ya tam şəkildən özündən uzaqlaşdıran yəni savab və xeyir əməllərlə axirət evini abadlaşdıran, dünya nemətlərini ötəri bilib onları Allaha xatir sevən şəxs üçün ölüm arzuolunandır.
İmam Əli (ə): “And olsun Allaha ki, Əbu-Taliboğlunun ölümə rəğbəti (yəni özü) körpənin anasının sinəsinə rəğbətindən çoxdur”. Digər yerdə İbn-Mülcəm onu mehrabda zərbətləyərkən İmam bu ifadəni işlətdi: “And olsun Kəbənin rəbbinə nicat tapdım”.
İnsanın dünyadan axirətə keçid məntəqəsi onun qəbri, məzarıdır. İnsan dünyasını dəyişdikdə kimliyindən asılı olmayaraq qəbrə qoyulur. Ondan sonra isə insanın əməlləri dəyərləndirilir. Əgər mömin və yaxşı insandırsa, müsafir kimi qarşılanır. Əks təqdirdə isə cinayətkar kimi qarşılanaraq ilahi əzabla cəzalandırılır.
İmam Hüseyn (ə) Qurani-Kərimə hansı cəhətləri ilə bənzəyir?
Quran: "Hər kəs şərəf-şan, izzət-qüdrət və qələbə istəyirsə (bilsin ki,) bunlar birbaşa Allaha məxsusdur (və bunları Ondan istəməlidir); pak sözlər (pak sözlərdən ibarət olan tovhidə və əqidə üsullarına etiqad)On(un dərgahın)a tərəf yüksələr və pak sözü isə yaxşı əməl yuxarı qaldırar”.
"Fatir” surəsi, ayə 10
İmam Hüseyn (ə) Kərbəlada qiyam edərək, izzət tələbində olmuşdur. Onun şüarı bu idi: "Heyhat minnaz-zilləh”.
İmam Hüseynin (ə) başqa Məsum İmamlar (ə) kimi Qurana çox bənzərlikləri vardır. O cümlədən:
1. Quran insanların üzərində olan hüccətdir. İmam Hüseyn (ə) də insanlar üzərində olan Allahın hüccəti idi.
2. Quran oxumaq və ona baxmaq ibadətdir. İmam Hüseynin (ə) məzlumluğuna ağlamaq da ibadətdir.
3. İmam Hüseynin (ə) ziyarəti qəm və qüssə ilə bir yerdə olmalıdır. Quranın da xəbərdarlıqlarını qəm və qüssə ilə oxumaq lazımdır.
4. Quran - şəfa mənbəyidir. İmam Hüseyn (ə) türbəti də insanlara şəfa verir.
5. Quran - əziz kitabdır. İmam Hüseyn (ə) də həm davamçıları və həm də qeyriləri tərəfindən seviləndir.
6. Hər ikisi də bəşərin hidayət mənbəyidir.
7. Hər ikisi haqqın nurudur.
8. Hər ikisi də şəfaət edəcəkdir.
9. Hədislərdə;, Quran - kəlamların seyyididir. İmam Hüseyn (ə) də şəhidlərin seyyididir.
10. Quran əzəməti ilə tanıdılmışdır. Hz. Hüseyn (ə) də əzəmət sahibi idi.
11. Quran nicat bayrağıdır, İmam Hüseyn (ə) də nicat gəmisidir.
12. Heç biri aradan getmir və həmişəlik qalıcıdır.
13. Hər ikisi də bərəkətə malikdir.
14. Hər ikisi də yolunu azmaqdan uzaqdır.
15. Hər ikisi də kəramətə malikdir.
16. Hər ikisi də aşkar dəlildir.
17. Quranı hüzurla oxumaq lazımdır, İmam Hüseyn (ə)ın ziyarətini də hüzurla, yavaş addımlarla etmək lazımdır.
Cərcis peyğəmbərin (ə) kafir əmirə cavabı.
Cərcis peyğəmbərin (ə) zamanında kafir bir əmir var idi. Qövmü çox fəsad əhli idi. Allah da ona görə yağışı onlara yağdırmırdı. Ona görə də insanların əksər hissəsi ölmüşdü.
O kafir əmir ayağa qalxır və ordusunu toplayır. Ordusu ilə birlikdə Cərcisin qapısına gəlir. Cərcisə xəbər verirlər ki, bəs bu kafir sənin qapına ordu çəkmişdir. O, deyir:
- “Ey Cəbrayil! Allah Təalanın xəbəri vardırmı ki, bu kafir nə deyir?”.
Hz. Cəbrayil (ə) gedir və qayıdır. Sonra deyir:
- “Ey Cərcis! Allah buyurur ki, de: “Mən zəif və acizəm, Allah isə qadir və güclü. Allahı incitməyə qüdrətləri çatarmı?””.
Cərcis Allahın müraciətini onlara çatdırır, kafir deyir:
- “Düz deyirsən. Mən aciz və zəifəm və onu incitməyə qüdrətim çatmaz. Ancaq onun dostlarını incidə bilərəm. Birinə şallaq vuraram, birini qılınc altından keçirdərəm, birini suya ataram, birini atəşə ataram. Dostlarını incitsəm, Onu incitmiş olaram”.
Allah Təala Cəbrayili (ə) göndərir ki, Cərcisə xəbər versin ki, yağış göndərəcəyəm. Əmir sarayına geri qayıdır və üç gün və üç gecə yağış yağır. Dördüncü günü günəş çıxır və bitkilər cücərməyə başlayır.
Bir həftə sonra əmir yenə ordusu ilə birlikdə Cərcisin yanına gəlir.
Cərcis soruşur:
- “İndi nə istəyirsən?”.
Əmir deyir:
-“Ey Allahın peyğəmbəri! Döyüşmək üçün gəlməmişəm. Sülh bağlamaq üçün gəlmişəm. O kəs ki, dostlarına görə belə yaxşılıqlar edər, Onunla sülh bağlayaram ki, Onun dostlarından olum”.
Qeyb zamanı bu duanı çox oxu.
İmam Zaman (ə)ı ürəkdən istəyən, ona aşiq olan, vurğunlar kimi onun həsrətini çəkənlər zühur üçün dua edəndə, mövlalarının gəlişini uca Allahdan istəyəndə söz axtarmır, gözəl ifadələrə fikir vermir, ibarəpərdazlıq edib, kəlmələrin əsiri olurlar. Onlar daxillərinin dərinliklərindən, canlarından dua edir, bütün varlığı ilə itirdiklərini gəzirlər. Onları yalnız dilləri danışmır, bütün vucudları danışır, ancaq sözlə istəmirlər, bütün vucudları ilə istəyirlər…
Dini rəhbərlərimizin Həzrət Mehdinin (ə) aşiqlərinə tövsiyə etdikləri dualardan biri də aşağıdakı duadır, onu əzbərləyb, tez - tez təkrar edək:
İmam Sadiq (ə) buyurdu: Ey Zurarə! Əgər bu zamanıda (qeyb zamanı) olsan bu duanı oxu:.
"Allahummə ərrifni nəfsəkə, Fəinnəkə illəm tuərrifni nəfsəkə ləm ərif nəbiyyək, Allahummə ərrifni rəsulək Fəinnəkə illəm tuərrifni rəsulək ləm ərif huccətəkə, Allahummə ərrifni huccətəkə Fəinnəkə illəm tuərrifni huccətəkə zələltu ən dini”
Tərcüməsi:
“İlahi özünü mənə tanıtdır, Əgər özünü mənə tanıtdırmasan peyğəmbərini tanıya bilmərəm, İlahi peyğəmbərini mənə tanıtdır, əgər peyğəmbərini mənə tanıtdırmasan sənin yer üzündəki höccətini tanıya bilmərəm, İlahi mənə höccətini (yer üzündə nümayəndəni) tanıtdır, yoxsa dinimdən çıxa bilərəm”.
Hökmüdarla keşişin söhbəti.
Rum hökmüdarı Qeysər bir keşişdən soruşdu:
- Ən böyük hikmət nədir?
Keşiş cavab verdi:
- Öz qədir-qiymətini bilmək.
- Ən kamil əql hansıdır?
- Elmin hüdudlarını aşmamaq.
- Ən böyük helm nədir?
- Söyüş qarşısında səbr etmək.
- Heysiyyətin ən böyük qoruyucusu nədir?
- Abırı qorumaq.
- Ən kamil mal-dövlət hansıdır?
- Haqqı ödənilmiş mal (yə`ni, vacib vergiləri ödənilmiş mal)
- Ən yaxşı səxavət nədir?
- Təqva və ixlas.
- Ən yaxşı sultan kimdir?
- Qüdrətli olduğu halda helmi hər kəsdən artıq, qəzəb halında cəhli hər kəsdən az və qüdrətin davamlı olmasını yalnız və yalnız ədalətli olmaqda görən sultan.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев