Köhlənimi çapardım,
Dost – tanışlar tapardım.
Sərvət yığıb, qapardım
Heyif ki getdi dayım.
Çox özümü boğardım,
Avamları yığardım,
Bala – bala sağardım,
Heyif ki getdi dayım.
Sol yol mənim olardı,
Sağda cibim dolardı,
Düşmənlərim solardı,
Heyif ki getdi dayım.
Düzən sənin, dağ mənim,
Ayran sənin, yağ mənim.
Olardı o bağ mənim,
Heyif ki getdi dayım.
Evləri sökdürərdim,
Villalar tikdirərdim,
Yerpənək əkdirərdim
Heyif ki getdi dayım.
Bu nə dərddi, qubardı
Dil – dodağım qabardı .
Dost üzümə qabardı,
Heyif ki getdi dayım.
Söz deməyə baz idim,
Kefi cağdım, saz idim.
Məşhur bir ulduz idim,
Heyif ki getdi dayım.
Çox sevirdim dayımı,
Kəsməyirdi payımı.
Kef edirdim yayımı,
Heyif ki getdi dayım.
Dayım yoxdu, kiməm mən?
Bir qırılmış siməm mən.
Indi müttəhiməm mən,
Heyif ki getdi dayım.
Bərk gedirdim həmişə,
Çəkmişdim çoxun dişə.
Etmişdim bunu peşə,
Heyif ki getdi dayım.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев