Səadət nə demək? - bu sualla mən
Özümü çox yordum, tapa bilmədim.
Səadət nə demək?.. Bir tələbəykən,
Məktəbi axıra vurmaqdır, - dedim.
Məktəbi bitirdim, işə də girdim
Səadət bumudur? Yox, bu deyilmiş!
Böyük dahiləri oxuyub gördüm
Çoxları sevgini səadət bilmiş.
Sevdim! Gecə-gündüz yandım şam kimi
İztirab Göz yaşı Min qan, min qada.
Tapmadım yenə də səadətimi,
Eşqin əzabları şirin olsa da...
Evləndim, həsrətə son qoymaq üçün,
Qurtardı o şirin iztirablar da.
İndi də, qayğılar artdı günbəgün
Dedim: - Ay səadət, hardasan, harda?
Səadət üfüqmüş əl çatmaz ona,
Aydın görünsə də o, bizə gendən.
Arzular sığışmır onun yoluna,
Səndən uzaqlaşır yeridikcə sən.
Seyr edib yaxını, gah da uzağı
Bir az seçə bildim qaranı ağdan.
Yaxşı görmək üçün uca bir dağı
Gərək sən baxasan ona uzaqdan.
Evləndim hicrana son qoymaq üçün
Qurtardı həsrət də, xoş intizar da.
İndi də qayğılar artdı günbəgün.
Dedim: - Ay səadət, hardasan, harda?
Bəlkə də səadət elə budur, bu:
"Hardasan, hardasan, gəl-gəl" - deməkdir.
Bəlkə də səadət ömrümüz boyu
Nəyisə gözləmək hey gözləməkdir.
Tapdım səadəti dara düşəndə,
Alıb öz gücümü xəyallarımdan.
Kiməsə nəyəsə hardasa mən də,
Gərək olduğumu bildiyim zaman.
Çıraq ol! Nurunu artır günbəgün
Hər yerdə həyatın boğ zülmətini.
Məncə, çıraq olub başqalarıyçün
Yananlar tapıbdır səadətini!
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1
Allah rəhmət eləsin dahi şairimizə.