Bu gün görkəmli ziyalı Rüstəm Ibrahimbəyovun 75 illik yubileyidir. Yazıçı, kinodramaturq, ssenarist, rejissor, prodüsser, keçmiş SSRI-dən Oskar Akademiyasının yeganə üzvü, Oskar kino mükafatı laureatı, Azərbaycan Kinemotoqrafçılar Ittifaqının rəhbəri, Demokratik Qüvvələrin Milli Şurasının təşəbbüskarı və ilk sədri...
Bunlar onun 75 illik ömründə qazandığı yüksək titulların bir hissəsidir. Rüstəm Ibrahimbəyov həm post-sovet məkanında, həm də bütün dünyada peşəkar dramaturq, kinossenarist və rejissor kimi tanınır. Hələ Sovet dövründə bir çox ilklərə imza atan, ən çox izlənilən filmin ssenaristi, qadağalar şəraitində ən aktual, ağrılı mövzularda yazılan əsərlər, çəkilən kino-filmlərin müəllifi, beynəlxalq mükafatların laureatı kimi, Rüstəm bəy doğma vətəni Azərbaycanda da maraqla oxunan, tamaşaçı kütləsi toplayan, yeni nəsil kinemotoqrafçılar yetişdirən, onları təşkilatlandırmağı bacaran nadir sənətkarlardandır.
Son illərdə R.Ibrahimbəyov haqsızlığa, ölkədə hökm sürən avtoritar rejimə, söz və toplaşmaq azadlığına qarşı təzyiqlərə etiraz səsini qaldıraraq, bu işdə onunla həmrəy olan intellektualları bir araya gətirməklə, əsl vətəndaş, ziyalı mövqeyi nümayiş etdirdi. Məmləkətdə zülm, ədalətsizlik ərşə çıxanda, zülmkarı ifşa edən, məzlumların yolunu işıqlandıran aydınlara daha böyük ehtiyac yaranır. Rüstəm bəy rahat, təminatlı həyatını yaşamaq əvəzinə, bu qəddar rejimlə on illərdir mübarizə aparanların yanında olmağı, əzilənlərin yolunu aydınlatmağı seçib, gerçək ziyalı titulunu qazanıb. Rüstəm bəyin məşğul olduğu hər bir işdə peşəkarlıq, ləyaqət, kübarlıq üstünlük təşkil edib.
Onun təşəbbüsü ilə ötən il yaranan Demokratik Qüvvələrin Milli Şurasının ilk sədri, bu qurumun prezidentliyə ilk vahid namizədi olanda da həmvətənlərinin hüquq və azadlıqlarının, demokratiyanın bərqərar olması, ədalətin zəfər çalması idi amalı... Nəticədə Milli Şuranın vahid namizədi Cəmil Həsənli xalqın əksəriyyətinin etimadını qazanmaqla qalib oldu, bu səslər oğurlansa, prezident kürsüsü növbəti dəfə zəbt olunsa da, birləşmiş müxalifət ideyası qələbə çaldı, vətəndaşların mübarizə əzmini özünə qaytardı. Rüstəm bəyin hazırda fəxri sədri olduğu Milli Şura mövcud anti-milli rejimə qarşı mücadiləsini davam etdirir, gənclər, ziyalılar, müxalif siyasi partiyalar, inanclı insanlar bu qurumun gələcəyinə inanır və bu çətin, şərəfli yolu birlikdə getməyə qərarlıdırlar.
Hörmətli Rüstəm bəy!
Sizi 75 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, cansağlığı, uzun ömür, yaradıcılığınızda və siyasi fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Xalqımız sizin kimi ləyaqətli, mübariz ziyalılarımızı yüksək dəyərləndirir. Tariximizi, gələcəyimizi yazan, yaradan sizin kimi aydınlar qürur mənbəyimizdir. Var olun!
Hörmətlə, AXCP sədri Əli Kərimli
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев