Lənkəran bölgəsi Talış dağlarından Xəzər dənizinə qədər geniş bir ərazini əhatə edir. Bu regionun əlverişli coğrafi mövqeyi qədim vaxtlardan insanları buraya cəlb edirdi. Bura həm də son dərəcə mənzərəli təbiətə, unikal bitki aləminə malik olan subtropik ərazi, nadir quş və heyvan növlərinin yaşadığı bir yer kimi məşhurdur. Lənkəran rayonu Azərbaycanın cənub-şərqində, onlarca kilometr məsafəyə uzanıb gedən Lənkəran ovalığında yerləşir. Rayonun ərazisi şərqdən Xəzər dənizi ilə həmhüduddur. Burada 29 min hektar sahə meşələrlə örtülmüşdür. Lənkəranın iqlimi rütubətli subtropikdir. Bu yerlərdə sərt və qarlı qış olmur. Yayda hava quru və çox isti, payızda isə yağışlı keçir. Havanın orta illik temperaturu +14°C. Ən soyuq ay yanvar (+3,4°C), ən isti ay isə iyul ayıdır (+25,1°C). Yağıntıların illik miqdarı 1400-1600 mm olur. Bu diyar bütün il boyu yaşıllığa bürünmüşdür. Lənkəran rayonunun zəngin flora və faunası var. Talış dağlarında bitən nadir və endemik ağaclar bütün dünyada məşhurdur. Dəmirağacı, azat, ipək akasiya, palıd, evkalipt, mantar ağacı, məxmər rəngli ağcaqayın, nil, Hirkan şümşadı, haqlı olaraq, Lənkəran florasının inciləri sayılır. Lənkəranda bitən əsas meşə ağacı enliyarpaqlı palıddır. Bu ağac nadir ağacların üçüncü nəslinə mənsubdur.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев