Əməlin dəyər mərtəbələri
Başqalarının ləyaqətsiz hərəkətinə insan bir neçə cür cavab verə bilər:
1) Daha pis rəftar edə bilər,
2) Eyni şəkildə cavab verə bilər,
3) Göz yuma bilər,
4) Pisliyə yaxşılıqla cavab verə bilər.
Pisliyə daha pis şəkildə cavab vermək zülmdür və İslamda bəyənilmir. Xüsusi şəraitlərdə pisliyə cavab vermək olar. Pislik qarşısında göz yummaq və ya pisliyə yaxşılıqla cavab vermək yüksək kamillik sifətlərindəndir. «Möminun» surəsinin 96-cı ayəsində buyurulur: «Sən pisliyi yaxşılıqla dəf et». Başqa bir ayədə oxuyuruq:«Yaxşılıqla pislik eyni ola bilməz»(Fussilət» surəsi, ayə 34.).
Pis rəftara qarşı yaxşı rəftar göstərmək yüksək əxlaqi dəyər olmaqdan əlavə, qarşı tərəfdə də insani hisslər oyadır. İslamda rəftarın müxtəlif dərəcələri vardır. Mənfi və müsbət rəftarların da dərəcələri vardır. Məsələn, pisliyə eyni pisliklə cavab vermək rəftarın sıfır nöqtəsidir. Amma pisliyə yaxşılıqla cavab vermək müsbət rəftarın zirvəsidir.
Bəziləri iddia edirlər ki, rəftar ya yaxşıdır, ya da pis. İnsan bir işi vicdanın və ya təbiətinin tələbi ilə görə bilər. Məsələn, alman filosofu Kant iddia edir ki, ananın gecə yarı şirin yuxudan durub körpəsinə süd verməsi əxlaqi dəyər deyil. O, bu fikrini belə əsaslandırır ki, ana bu işi əqlinin yox, analıq təbiətinin göstərişi ilə yerinə yetirir.
İslamda isə belə deyil. Müxtəlif dərəcəli dəyərlər vardır. Bir əməl sıfırdan sonsuzluqadək dəyərə malik ola bilər. Məsələn, dində ən yüksək ixlas, səmimiyyət həzrət Əliyə (ə) aid edilir. Çünki Həzrət (ə) Allaha cənnətlə cəhənnəmə görə yox, ibadətə layiq olduğu üçün ibadət edirdi. Bir çox əməllərin dəyəri insanın niyyətindən asılıdır. İxlas «qürbətən iləllah» deməkdən yox, ibadəti səmimi qəlbdən icra etməkdən asılıdır.
Mərifət və meyar
İnsan bir dəfəyə yüksək təkamül mərtəbəsinə çata bilməz. Çünki bu iş nəfsin tərbiyəsi yolu ilə mümkün olur. İslam cəmiyyətində insan onun mərifət və düşüncəsinə uyğun tərbiyə oluna bilər. Mərifətdən asılı olaraq tərbiyələr də fərqlənir.
Hamı bilir ki, Allaha yaxınlıq niyyəti ilə qılınan namaz namazın düzgün formasıdır. Amma bütün müsəlmanlar bu səviyyədə namaz qıla bilərmi? Bu olduqca çətin işdir. Çünki insanlar mərifət və agahlıq baxımından müxtəlif səviyyədədirlər. Məsələn, doqquz yaşlı qızdan ixlas gözləmək sadəlövhlük olardı. Uşağı namaza həvəsləndirmək üçün onu başqalarının yanında tərifləmək də olar. Belə bir iş uşağın niyyətinə pis təsir göstərsə də başqa çıxış yolu yoxdur. Uşağın vaxtında namaz qılması kifayətdir. Kantın fikrincə, əxlaqi hərəkət yalnız əql və vicdanın hökmü ilə gerçəkləşir. Əgər əməllərimizi Kantın süzgəcindən keçirsək çox cüzi hərəkətin belə bir xarakterdə olduğunu müşahidə edərik. Amma İslamda əxlaqi hərəkətlərin xarakter müxtəlifliyi göz qabağındadır. Kantın fikrincə, insan yalnız vicdanın hökmü ilə cihada gedə bilər. Amma İslamda cəhad dini bir vəzifədir və ibadət hesab olunur. Əslində cihada gedənin məqsədi Allahın razılığını qazanmaq olmalıdır. Bəs əslində necədir? «Fəth» surəsinin 20-ci ayəsində buyurulur: «Allah sizə çox-çox qənimətlər vəd etmişdir». Ayədən həvəslənərək qazanc dalınca cihada gedənlər də az olmayıb. Bu hərəkətdə meyar maddiyyatdır. Biz uşağı namaza həvəsləndirmək üçün ona oyuncaq vəd edirik. Dünyanın əksər cəmiyyətlərini uşaq xasiyyətli böyüklər təşkil edir. Bu insanları şirin vədlərlə doğru yola çəkməkdən savayı çıxış yolu yoxdur. Əlbəttə ki, insanı kamillik məqamında görmək istəyən Allah insandan əql və vicdandan doğmuş ali niyyətlər tələb edə bilərdi. Görəsən, bəşəriyyətin neçə hissəsi bu tələbə cavab verərdi? Amma Allahın mərhəməti genişdir. Bu mərhəmət bütün bəşəriyyəti əhatə edir.
Əlbəttə ki, tamah məqsədi ilə cihada gedənlər qınanır; «Siz puç dünya malını istəyirsiniz. Allah isə axirəti qazanmağınızı istəyir»(«Ənfal» surəsi, ayə 67.). Ən böyük niyyət olan axirət fikrinin də mərtəbələri vardır: əzab qorxusu, behişt nemətləri, Allahla görüş. Allahı razı salmaq, Onunla görüş agah və imanlı insanların zövqüdür. Bəs bu zövqdən məhrum olanlar kimə sığınmalıdırlar? Əgər bir insan cəhənnəm əzabının qorxusundan həqiqətə qul olub, hətta canından keçirsə bunun nəyi pisdir?!
Beləcə, İslam dini insanlarla onların səviyyəsinə uyğun rəftar edir. Allah tərbiyəni yalnız Səlman və Əbuzər üçün qərar verməyib. Hər kəs İslam tərbiyəsindən öz mərifətinə uyğun bəhrələnməlidir.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев