İMAM HƏSƏN ƏSKƏRİNİN (Ə) ŞƏXSİYYƏTİ
Adı: Həsən;
Ləqəbləri: Əskəri, Zəki, Xalis, Sirac, Hadi, Samit, Mövla, Rəfiq;
Künyəsi: Əbu Mühəmməd;
Atası: İmam Əliyyən-Nəqi Hadi (ə).
Anası: Hadisə (Hədis, Süsən).
Doğulduğu gün: Rəbiüs-sani ayının 8-i;
Doğulduğu yer: Mədinə şəhəri;
Doğulduğu il: 232-ci hicri-qəməri ili;
Şəhid olduğu gün: Rəbiül-əvvəl ayının 8-i, cümə günü.
Şəhid olduğu il: 260-cı hicri-qəməri ili;
Ömrü: 28 il;
Şəhadət səbəbi: Abbasi xəlifəsi Mötəmidin vasitəsilə zəhərlənməsi;
Dəfn olunduğu yer: Samirra şəhəri;
Övladı: O həzrətin yeganə övladı həzrət Məhdidir (ə).
İMAM HƏSƏN ƏSKƏRİNİN (Ə) HƏYATI
Tarixçilərin qeydlərinə əsasən, şiələrin on birinci imamı həzrət Həsən ibn Əli Əskəri (ə) 232-ci hicri-qəməri ilinin Rəbiüs-sani ayının 8-ci, yaxud 10-cu günü dünyaya gəlmiş və 28 il həyat sürmüşdür. Həmçinin əksər tarixçilər imam Həsən Əskərinin (ə) 260-cı h.q. ilinin Rəbiül-əvvəl ayının 8-də əbədiyyətə qovuşduğunu qeyd etmişlər. Atası imam Hadinin (ə) 254-cü ildə vəfat etdiyini nəzərə alaraq, imam Həsən Əskərinin (ə) imamət müddəti Şeyx Müfidin rəvayətinə əsasən altı il və Səd ibn Abdullahın rəvayətinə görə isə, beş il səkkiz ay olmuşdur. (“Əl-irşad”, Şeyx Müfid, s. 335; “Əl-məqalatu vəl-firəq”, s. 102.)
İmam Həsən Əskərinin (ə) anasının adının “Hədis” və ya “Hadisə”, bəzi qaynaqlarda isə “Susən” olduğu qeyd edilmişdir. “Uyunul-mucizat” kitabının müəllifi imam Həsən Əskərinin (ə) anasının düzgün adının “Səlil” olduğunu demiş və onu “O, arif və saleh kəslərdən idi!” ibarəsi ilə mədh etmişdir. (“Biharul-ənvar”, Əllamə Məclisi, c. 50, s. 238.)
İmam Həsən Əskərinin (ə) ləqəblərinin Samit, Hadi, Rəfiq, Zəki, Nəqi və Xalis olduğunu qeyd etmişlər. Həm imam Cavad (ə), həm də imam Həsən Əskəri (ə) “İbnur-Rza” künyəsi ilə məşhur olmuşlar. Necə ki, imam Hadi (ə) və imam Həsən Əskəri (ə) “Əskəriyeyn” ləqəbi ilə tanınmışlar.
O həzrətin atası imam Hadi (ə) 254-cü ildə şəhadətə çatdıqdan sonra, o həzrətin öz buyruğuna əsasən, oğlu imam Həsən Əskəri (ə) şiələrin imamı oldu.
İMAM HƏSƏN ƏSKƏRİNİN (Ə) DÖVRÜNDƏ SİYASİ-İCTİMAİ VƏZİYYƏT
Qeyd etdiyimiz kimi, Abbasi xəlifələri imamlara qarşı əllərindən gələn bütün təzyiqləri həyata keçirirdilər. Bu təzyiqlər imam Cavad (ə), məxsusən, imam Əliyyən-Nəqi Hadi (ə) və imam Həsən Əskərinin (ə) Samirrada olduğu dövrdə özünün son həddinə çatır. Abbasilərin hökuməti zamanı yaşamış üç imam bu təzyiqlərin şiddətindən cavan yaşlarında ikən şəhadət şərbətini içir. İmam Cavad (ə) iyirmi beş, imam Əliyyən-Nəqi (ə) qırx bir, imam Həsən Əskəri (ə) isə iyirmi səkkiz yaşında şəhid olur.
İMAM HƏSƏN ƏSKƏRİNİN (Ə) FƏALİYYƏTİ
Abbasilər hakimiyyətinin amansız təqiblərinə baxmayaraq, imam Həsən Əskəri (ə) bir sıra siyasi-ictimai və elmi fəaliyyətlər göstərmişdir. O həzrətin fəaliyyətlərini aşağıdakı şəkildə xülasə etmək olar:
1.–İslam dininin müdafiəsi uğrunda göstərdiyi elmi fəaliyyətlər, müxaliflərin şübhə və iradlarını rədd etmək və əsl İslam ideyasını camaata çatdırmaq;
2.–Nümayəndələr təyin etmək, qasid və məktublar vasitəsilə uzaq yerlərin şiələri ilə əlaqə saxlamaq;
3.–Abbasilər hakimiyyətinin son dərəcə nəzarətinə baxmayaraq, gizli siyasi fəaliyyət;
4.–Şiələri, xüsusən də, yaxın dostlarını maliyyə cəhətdən təmin etmək;
5.–Mühüm şiə ünsürlərini çətinliklər qarşısında siyasi baxımdan gücləndirmək;
6.–İmaməti inkar edənləri cəlb etmək və şiələri arxayınlaşdırmaq üçün qeybi məlumatlardan geniş istifadə etmək;
7.–Şiələri öz oğlu on ikinci imamın qeybə çəkilməsi dövrünə hazırlamaq.
İMAM HƏSƏN ƏSKƏRİ (Ə) SAMİRRADA
İmam Həsən Əskəri (ə) atası imam Hadi (ə) ilə birlikdə – o zaman Abbasilərin xilafət mərkəzi olan – Samirraya gətirilməsi bir neçə cəhətdən Məmunun imam Rzanı (ə) Xorasana gətirməsi siyasətinə bənzəyir. Bu siyasət nəticəsində şiələrin İmamla əlaqəsini nəzarət altında saxlamaq və hakimiyyət üçün təhlükə yaradan şiələri tanımaq mümkün idi. Abbasilər imamların digər Ələvilər kimi özlərinə tərəfdar toplamaqla qiyam edəcəklərini təsəvvür etdikləri üçün, onları xilafət mərkəzinə gətirib nəzarət altında saxlayır və ehtimal oluna biləcək qiyamlara mane olurdular.
İmam Həsən Əskəri (ə) Samirrada yaşadığı müddətdə zindana atıldığı bir neçə dəfə istisna olmaqla, həmin şəhərin yerli əhalisi kimi yaşayırdı. Təbii ki, o həzrətin bütün hərəkətləri hakim dairələr tərəfindən dəqiq şəkildə izlənilirdi. Çünki imam Həsən Əskəri (ə) də digər şiə imamları kimi, azad olduğu təqdirdə yaşamaq üçün Samirranı yox, Mədinəni seçərdi. Həqiqətdə, o həzrətin Samirrada uzun müddət qalması xəlifə tərəfindən həbs sayılırdı və bunu başqa cür başa düşmək olmaz. Elə əvvəldən formalaşmış şiə icmasının nizamlı fəaliyyəti xəlifənin nəzərində böyük əhəmiyyət kəsb etdiyi və onun narahatlığına səbəb olduğu üçün, bu fəaliyyətlər nəzarət altında saxlanmalı idi. Bunun üçün də imam Həsən Əskəridən (ə) istəmişdilər ki, həmişə Samirrada olduğunu hakim dairələrə məlumat versin. O həzrətin xidmətçilərindən birinin nəqlinə görə, İmam hər bazar ertəsi və cümə axşamı günü məlumat vermək üçün xilafət sarayına getmək məcburiyyətində qalırdı. İmamın bu vəziyyəti zahirdə İmama ehtiram kimi qələmə verilsə də, həqiqətdə, xəlifə tərəfindən o həzrəti nəzarət altında saxlamaq üçün yeganə səbəb idi.
Şiələr imam Həsən Əskərini (ə) görmək üçün çətinliklə üzləşirdilər. Belə ki, bir dəfə xəlifə Sahibul-Bəsrəni görməyə getdikdə, o həzrəti də özü ilə aparır. O həzrətin səhabələri isə, yalnız yol boyu o həzrəti görə bilirlər. (“Kafi”, c. 1, s. 509) Bu rəvayətdən aydın olur ki, heç kim bir müddət o həzrətlə evində görüşə bilməmişdir.
Əli ibn Cəfər, Hələbidən belə nəql edir: “İmam Həsən Əskərini (ə) xilafət sarayına gedəcəyi gün birdən bir qrup o həzrəti görmək üçün bir yerə yığıldı. Elə bu zaman o həzrət tərəfindən bizə bir məktub çatdı. Məktubun məzmunu belə idi: “Kimsə mənə salam verməsin, hətta mənə işarə belə etməsin. Çünki sizin özünüz də təhlükədəsiniz!” (“Əl-xəraicu vəl-cəraih”, c. 1, s. 439.)
Şiələrin imam Həsən Əskəri (ə) ilə əlaqə saxlamaq üçün nə qədər çətinlik çəkməsi bu rəvayətdən yaxşı şəkildə aydın olur. Təbii ki, o həzrət və şiələri fürsət tapdıqca, üzlərini bağladıqları halda bir-birlərilə görüşürdülər. Şiələrin o həzrətlə ünsiyyət yarada biləcəkləri ən yaxşı vasitə məktublaşma idi.
İMAM HƏSƏN ƏSKƏRİNİN (Ə) HƏBS OLUNDUĞU DÖVRLƏR
İmam Hadinin (ə) oğlu imam Həsən Əskəri (ə) ilə birlikdə Mütəvəkkil tərəfindən Samirraya gətirilməsi onların şiələrlə əlaqələrinə nəzarət etmək üçün bir növ həbs edilməsi idi. Bəzən o həzrətlə oğlunun həbs olunmasında daha çox təzyiqlərdən istifadə edilirdi. Xüsusilə, hakimiyyəti hədələyə biləcək hadisələr baş verdikdə, şəxsən, imam Həsən Əskəri (ə) bəzi yaxın səhabələri ilə birlikdə zindana atılardı.
Abbasilərin xidmətçilərindən və İmamı zindanda qorumağa məmur olan Saleh ibn Vüseyf bəzi Abbasilər tərəfindən İmama əzab-əziyyət verməyə təşviq edilirdi. O da onların cavabında belə deyirdi: “Camaatın arasında tanıdığım ən pis iki nəfəri bu işə məmur etdim. Amma onlar imam Həsən Əskəridən (ə) elə təsirlənmişdilər ki, nəhayət, ibadət və namazda yüksək məqama çatdılar.” Bəzi rəvayətlər imam Həsən Əskərinin (ə) zindanda ikən, daim oruc tutduğunu bildirir. (“Nurul-əbsar”, Şəblənci, s. 168.)
Şeyx Müfid, Məhəmməd ibn İsmayıl Ələvidən belə nəql edir: “İmam Həsən Əskəri (ə) Əli ibn Əvtamişin (və yaxud Barmiş) həbs edildiyi zindana gətirildi. O, Əbu Talib övladlarının qəddar düşmənlərindən idi. Ona əmr verildi ki, imam Həsən Əskəriyə (ə) əlindən gələn pisliyi etsin. Amma o, İmamla bir müddət qaldıqdan sonra ayrılıq zamanı çatdıqda, İmamın ilahi əzəmətini hər kəsdən yaxşı tanıdığını və onu mədh etdiyini söylədiyi halda ayrıldı. (“Əl-irşad”, s. 342.)
İMAM HƏSƏN ƏSKƏRİNİN (Ə) VƏFATI
İmam Həsən Əskəri (ə) 260-cı h.q. ilinin Rəbiül-əvvəl ayının 8-də vəfat etdi. İmam Həsən Əskəri (ə) Samirrada tanınmış bir şəxsiyyət olduğundan, vəfat edərkən Samirra şəhəri matəmə qərq olmuşdu. Əhməd ibn Übeydullah bir rəvayətdə bu matəm səhnəsini belə vəsf edir: “İmam Həsən Əskəri (ə) vəfat edərkən hər yeri ağlamaq səsləri bürümüşdü. Camaat fəryad edib deyirdi: İbnur-Rza dünyadan getdi. Bu zaman İmamı dəfn etmək üçün hazırlaşdılar. Bazarlar bağlandı. Atam (xəlifə Mötəmidin vəziri) Bəni-Haşim, hərbi şəxsiyyətlər, qazılar, katiblər və camaat İmamın cənazəsinə doğru axışdılar. O gün Samirrada qiyamət qopmuşdu. (“İkmalud-din”, c. 1, s. 43.)
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 1