Kim Vətənin başının üstünü qara bulud almağından xəbərdar olmaq istəyirsə diqqətlə oxusun.=R.Turançı=
Gümrü bazası Azərbaycana qarşı “dəmir yumruğa” çevrilir.Rusiyanın abxaz dəmiryolunu açmaq israrının müdhiş pərdəarxası; bu yol işə düşsə, Rusiya 24 saat ərzində Ermənistandakı bazasına çoxlu sayda ağır texnika və 100 minlik hərbi kontingent göndərə biləcək... Rusiyanın Azərbaycanın da yerləşdiyi Güney Qafqaza yönəlik planları qorxulu xarakter alıb. Şimal qonşumuz özünün bölgə siyasətini böhranlı Ukrayna olaylarına, iqtisadi sanksiyaların ağırlığına rəğmən, aybaay cilalamaqda və sərtləşdirməkdədir. Əsas hədəf, heç şübhəsiz, postsovet məkanının bu mühüm nahiyəsində Qərbin güclənməsini əngəlləmək, imkan düşən kimi isə onu regiondan birdəfəlik vurub çıxarmaqdır.
Hər şeydən göründüyü kimi, Moskva bu hədəfə çatmaq üçün müxtəlif istiqamətlər üzrə işləməkdə və çoxşaxəli strategiyalar qurmaqdadır.“Transxəzər” layihələrini sıfırlamaq üçün Xəzər akvatoriyasında hərbi gücün durmadan artırılması, bölgə ölkələrini zorla Avrasiya layihələrinə qoşub vahid rubl zonasının yaradılması, Güney Qafqaz ətrafında (Şimali Qafqazın həmsərhəd muxtar respublikalarında) və bölgənin daxilində - Rusiyanın “müstəqilliyini” tanıdığı Abxaziya və Cənubi Osetiyada öz hərbi mövcudluğunu günü-gündən genişləndirməsi və bu separatçı qurumları sürətlə hərbiləşdirməsi, Ermənistandakı 5 min nəfərlik Gümrü bazasını modernləşdirməyə başlaması bu qəbildən olan fəaliyyət istiqamətləridir.
Rusiyanın öz məqsədlərinə çatması üçün, sözsüz ki, forpost Ermənistan, məxsusən də Gümrüdəki rus hərbi bazası misilsiz əhəmiyyətə malikdir. Əvvəla, o səbəbə ki, bu, Cənubi Qafqazda Kremlin yeganə legitim, beynəlxalq hüquq əsasında mövcud olan obyektidir. İkincisi də ki, bölgənin Moskvanın imperiya maraqlarına maneə yaradan 3 müstəqil dövlətindən - Türkiyə, Azərbaycan və Gürcüstandan təxminən bərabər yaxınlıqdadır.
*****Sitat: “Sadəlövhlük olardı düşünək ki, Rusiya-Qərb qarşıdurması yalnız Ukraynadan keçir. Moskva bütün istiqamətlərdə Qərb dəyərlərinə və təsirlərinə qarşı durmağa, öz maraqlarını qorumağa çalışır. Cənubi Qafqazda öz siyasətini yürütmək üçün Kremlə Gümrü hərbi bazasını gücləndirmək çox vacibdir. Bu baza regionda böyük rol oynayır. Lakin quru əlaqəsi olmadan onun möhkəmləndirilməsi real deyil. Hava yolu ilə ora çoxlu sayda silah-sursat daşımaq mümkünsüzdür. Eyni qaydada Moskvaya lazım olan qədər şəxsi heyət daşımaq da qeyri-realdır. Nə vaxt ki, Rusiya 24 saat ərzində Ermənistandakı 102 saylı bazaya ağır texnika və 100 minlik hərbi kontingent göndərə biləcək, o zaman baza təkcə Cənubi Qafqaz yox, daha geniş region üçün nəhəng rol oynayacaq. Bu sayda texnika və canlı qüvvə göndərməyin yeganə variantı isə abxaz dəmiryoludur. Ona görə də Rusiya üçün onun bu hissəsinin açılması olduqca vacibdir”.
Yazıdakı arqumentlərin sırasına yalnız bunu əlavə etmək qalır: Rusiya prezidenti Vladimir Putinin aprelin 24-də Türkiyəyə - Çanaqqala zəfərinin ildönümü tədbirinə yox, məhz İrəvana səfər etmək qərarı verməsi də Gümrünün, Ermənistanın Kreml üçün artan önəmini bir daha, əyani şəkildə təsdiqləyir.
Onu da xatırladaq ki, 2013-cü ilin dekabrında Putinin Ermənistan səfəri İrəvandan yox, məhz Gümrüdən başlamışdı. O zaman Putin Gümrü hərbi bazasından qonşu ölkələrə açıq təhdid xarakteri daşıyan belə bir bəyanat vermişdi ki, “Rusiya Cənubi Qafqazdan çıxmağa hazırlamır, əksinə...”
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев