Üç qitə, hərəsi səkkiz sətirdən,
cəmisi 24 misra məhəbbət.
Az bilib küsmə ha, orda görərsən
Bir ömürlük ümid, bir dünya həsrət.
Orda şəfqət var ki, üfüqə deyil,
Yayılır hər səhər yanaqlarına.
Orda təbəssüm var– nurdur elə bil
Günəşdən düşübdür dodaqlarına.
Orda sarı geymiş ayrılıq da var
Yaşıl eşqimizi qoruyaq ondan.
Günlərə bənzəyir orda misralar
Bir üzü vüsaldır, bir üzü hücran.
Orda arzu var ki, göylərə sığmaz
Sığıb gözlərinin bir giləsinə.
Orda duyğu var ki, boş yerə axmaz
Hopub işıq kimi sənin səsinə.
Ən gözəl təşbehlər taparsan orda
Adi söz deməz ki sevən sevənə!
Özüm ay nuruna möhtac olsam da
Günəşi hədiyyə verərəm sənə.
Cəmisi 24 misra məhəbbət...
Onun da yarısı hicran qorxusu.
Bütün bu şeirlər sənindir, fəqət
Bütün sevənlərə göstər, oxusun.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев